Məhkəmə qərarları › İş №3(060)-3860/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3860/2021

13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3860/2021 13.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs:Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən 12.12.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində polisin qanuni tələbini pozmuş və bölməyə dəvət edilən zaman tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis sahə rəisi, polis leytenantı X3 bildirdi ki, 12.12.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində polisin qanuni tələbini pozmuş və bölməyə dəvət edilən zaman tabesizlik göstərmişdir. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 12.12.2021-ci il tarixdə 13:00 radələrində yaşadığı binanın qarşısında olarkən 3 nəfər polis əməkdaşı yaşadığı binanın qarşısındakı marketdən “GO” spirtli içkisi alarkən həmin dükana yaxınlaşmışlar və “COVİD-19”la bağlı irad bildirmişlər. Bu zaman o dükandan çıxmış və fikirləşmişdir ki, ona görə satıcıya irad bildirmişlər. Bu zaman o mobil telefonunun video çəkilişini quraşdıraraq dükana daxil olub polislərin satıcıya üz maskasını taxmadığına görə iradlarını çəkmişdir. Bu zaman polis əməkdaşları onun telefonla çəkməyini görmüşlər və onu polis bölməsinə dəvət etmişlər. Dəvət edən zaman o polislərlə anlaşılmazlıq yaşamış, onlarla mübahisə etmişdir. Sonradan onu Sumqayıt şəhəri 3-cü Polis Bölməsinə gətirmişlər. İndi əməlindən peşmandır, İİİ qrup əlildir, himayəsində azyaşlı uşağı vardır, buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, 12.12.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində polisin qanuni tələbini pozmuş və bölməyə dəvət edən zaman tabesizlik göstərmişdir. Həmin gün “COVİD-19”la bağlı tədbir keçirmişlər. Yoxlama zamanı içəri daxil olaraq telefonla onları çəkməyə başlamışdır. Səbəbini soruşduqda isə demişdir ki, “mənə görə onları cərimələyirsiniz”. Həmin vaxt içkili vəziyyətdə olmuşdur. Daha sonra aqressiv danışmağa başlamışdır. Həmin şəxsi polis bölməsinə dəvət edən zaman etiraz etmiş və avtomobilə oturmamış, onlara aqressiv şəkildə “mənə protokol yaza bilməzsiniz” demişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 12.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 12.12.2021-ci il tarixdə, saat 14:50-də tutulmuşdur. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında A/1253 saylı, 12.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 12.12.2021-ci il tarixdə, saat 18:35-də orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hal inzibati xətanı sərxoş vəziyyətdə törətməsidir, məsuliyyətini yüngülləşdirən hal peşman olması, İİİ qrup əlil olması və himayəsində azyaşlı uşağının olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB tərəfindən 12.12.2021-ci il tarixdə saat 14:50-də tutularaq 13.12.2021-ci il tarixə saat 12:35-dək saxlanması nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar