Məhkəmə qərarları › İş №3(060)-387/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-387/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-387/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Qranit Firması”nın nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs "Qranit Firması" (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi hüquqi şəxs "Qranit Firması" (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 05 fevral 2025-ci il tarixli, 00700- 00022/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qranit Firmasının nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolla bağlı bildirmişdir ki, onlar OOO “KOELQAMRAMOR” şirkəti ilə 65 ton mərmər tozunun idxal edilməsi ilə bağlı müqavilə bağlamış və bununla bağlı qarşı tərəfə ödəniş etmişlər. Həmçinin, onlar qısa idxal bəyannaməsinin verilməsi ilə bağlı qarşı tərəfdən malları daşıyan qatarın hərəkət etdiyi zaman onlara məlumat verilməsini xahiş etmişlər. Buna baxmayaraq Rusiya Federasiyasında fəaliyyət göstərən şirkət onlara məlumat verməmiş, qatar gömrük sərhədindən daxil olduqdan sonra, yəni saat 12.31-də elektron maillə müvafiq sənədləri göndərmişdir. Onlar sənədləri aldıqdan sonra nahar fasiləsinə düşdüklərindən yalnız saat 14:30-da qısa idxal bəyannaməsini verə bilmişlər. Qatar ölkə ərazisinə saat 10:30-da daxil olmuşdur. Qısa idxal bəyannəməsinin mallar gömrük ərazisinə gətirilməzdən ən azı 1 saat əvvəl elektron formada verilməli olduğunu bilirlər. Buna baxmayaraq OOO “KOELQAMRAMOR” şirkəti tərəfindən lazımi sənədlərin gec göndərilmiş və onlar üzrlü səbəblərdən qısa idxal bəyannəməsi gec tərtib etmişlər. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Gömrük Komitəsi Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-33- 1800/012/000408 nömrəli raportundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Firmasının ünvanına (VÖEN: **********) Rusiya Federasiyasından **********04927 saylı barkodla 52396199 nömrəli vaqonla mərmər tozu (kabel istehsalında istifadə olunur) yükü ölkə ərazisinə daxil olmuş və **********0061 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl **********0061 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı bəndində qısa idxal bəyannaməsinin göstərilmədiyini və gömrük orqanlarına müəyyən olunmuş vaxta təqdim edilmədiyi aşkar edilmişdir. Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsində təqdim edilən xx.xx.2025-ci il tarixli **********0061 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “mərmər tozu” yükü Rusiya Federativ Respublikasından 24 yanvar 2025-ci il tarixdə saat 10:50 radələrində 52396199 nömrəli vaqonla Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin **********8992 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 14:42-də verilmişdir. Mallar ölkə ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına qısa idxal bəyannaməsi elektron formada təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin 05 fevral 2025-ci il tarixli, 00700-00022/25 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Qranit Firması Sumqayıt Gömrük İdarəsində 01,02.2025-ci il tarixli **********0061 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, Rusiya Federativ Respublikasından göndərilmiş ‘mərmər tozu" yükü Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi əvvəlcədən verilməmişdir. Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 1800/012/000408 nömrəli raporta əsasən Qranit Firmasının ünvanına 52396199 nömrəli vaqonla gələn “mərmər tozu” yükü Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. Araşdırma zərurəti ilə əlagədar “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayit Gömrük İdarəsində təgdim edilən xx.xx.2025-ci il tarixli **********0061 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “mərmər tozu” yükü Rusiya Federativ Respublikasından 24 yanvar 2025-ci il tarixdə saat 10:50 radələrində 52396199 nömrəli vaqonla Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin **********8992 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə daxil olduqdan sonra, yəni xx.xx.2025-ci il tarixdə saat 14:42-də verilmişdir. Mallar ölkə ərazisinə daxil olmamışdan əvvəl gömrük orqanına qısa idxal bəyannaməsi elektron formada təqdim edilməmişdir. Nəticədə, Qranit Firması tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt: xx.xx.2025-ci il tarixli 3-33-1800/012/000408 nömrəli raport, xx.xx.2025-ci il tarixli **********0061 sorğu nömrəli gömrük bəyannaməsi, **********8992 sorğu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokol, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. X1 və elektron gömrük sistemindən çıxarışlardan görünür ki, Qranit Firması-nin ünvanına Rusiya Federasiyasından 52396199 nömrəli vaqonla göndərilmiş və “Asiklik karbohidrogenlər doymuşlar-İsobutan” yüklərə görə qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə saat 14:42-də tarixdə tərtib edilmiş, həmin tarixdə ona qeydiyyat nömrəsi verilmiş və bəyannamə üzrə ödənişlər edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Qranit Firmasının nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş sənəddən görünür ki, mallar üçün bəyannamə xx.xx.2025-ci il tarix, saat 12:31-də Qranit firmasına göndərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" Firmasına mərmər tozu yükü Rusiya Federasiyası ərazisindən dəmir yol nəqliyyatı vasitəsi ilə göndərilmiş, həmin yük xx.xx.2025-ci il tarixində saat 10.50-də “Samur” gömrük postundan Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, qısa idxal bəyənnaməsi isə həmin gün saat 14.42-də verilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" Firmasının hərəkətsizliyində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi formal cəhətdən mövcud olsa da, qısa idxal bəyənnaməsinin təxminən 3 saat sonra elektron formada təqdim edilməsində firmanın təqsiri mövcud deyil. Belə ki, məhkəmə iclasında "xxxx" firmasının təqdim etdiyi, Azərbaycan dilinə tərcümə edilmiş sənədlərdən məlum olur ki, qısa idxal bəyənnaməsinin elektron sistemə yerləşdirilməsi üçün zəruri olan sənədlərin "xxxx" firmasına göndərilməsi Rusiya Federasiyası ərazində fəaliyyət göstərən “Коелгамрамор” hüquqi şəxsi tərəfindən vaxtında həyata keçirilməmişdir. Qeyd olunan yük daşımasının dəmiryol nəqliyyatı vasitəsi ilə həyata keçirilməsi nəzərə alındıqda müəyyən edilir ki, qısa idxal bəyənnaməsinin vaxtında təqdim edilməsi üçün yüklərin Rusiya Federasiyası ərazisində saxladılması "xxxx" firmasının iradəsi xaricində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" firmasının hərəkətlərində inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Qranit Firmasının" (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar