Məhkəmə qərarları › İş №3(060)-388/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-388/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-388/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə Protokol tərtib etmiş şəxslər – Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru X4 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs – X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində protokol tərtib edilmiş şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində 13-cü mikrorayon ərazisində yolun kənarında olan “Ford” markalı nəqliyyat vasitəsindən 20 litr maşın yağı və 5 kq mal əti oğurlamışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində həyət evinin həyətyanı sahəsindən dəmir qapını oğurlamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxslər X6 və X2 protokolu müdafiə edərək qanunauyğun tədbir görülməsini xahiş etdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, qeyd olunan tarixdə məlumat aldıqdan sonra ünvana yaxınlaşmış, oğurluq faktı aşkar etdikdən sonra 102 xidmətinə zəng vurmuşdur. Qeyd edir ki, giriş qapısı bağlı olmuş, şəxs hasarın üzərindən aşaraq həyətə daxil olmuş və qapını çıxarmışdır. Qapını atası aldığından qiymətini dəqiq bilmir. Lakin həmin qapının bazar qiymətini öyrənmiş və təxminən 450-500 manat qiymət olduğu ona məlumdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Şəxs ona məxsus “Ford” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerindən 70 manat dəyərində avtomobil yağı və 70 manat dəyərində ət oğurlamışdır. Şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 20 dekabr 2022-ci il tarixdə “Ford” markalı avtomobildən ət və maşın yağı, həmin gün axşam isə Köhnə Corat qəsəbəsi ərazisində yerləşən evin həyətindən hasarı aşmaqla yardımçı tikilinin dəmir qapısını oğurlamışdır. Əlavə olaraq qeyd etdi ki, narkotik vasitədən istifadə edir. Məhkəmədən barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollarla bağlı hissəni araşdırarkən məlum olmuşdur ki, bu hissədə araşdırma səthi aparılmış, iş üzrə bütün əhəmiyyətli hallar yoxlanılmadan qərar qəbul edilmişdir. Belə ki, protokollardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 13-cü mikrorayon ərazisində yolun kənarında olan “Ford” markalı nəqliyyat vasitəsinin yük yerindən 20 litr maşın yağı, 5 kq mal əti və həmin tarixdə Sumqayıt şəhəri, Köhnə Corat qəsəbəsi ərazisində həyət evinin həyətyanı sahəsindən dəmir qapını oğurlamışdır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il Qərarında qeyd olunmuşdur ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarı 03 mart 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Göründüyü kimi Şəxs fərdi yaşayış sahəsinə daxil olaraq oradan dəmir qapı, avtomobilin yük yerinə daxil olaraq oradan avtomobil yağı və ət oğurlamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməli daxil olma və təkrarçılıq kimi qiymətləndirildiyindən onun hərəkətlərində cinayət tərkibi əlamətləri olduğundan barəsində tərtib olunmuş material Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 118, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Qərardaddan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar