Məhkəmə qərarları › İş №3(060)-3887/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3887/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3887/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində 16 dekabr 2021-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 24.07.2021-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon 2-ci binada X2 mənzilinin qarşısında 2009-cu il təvəllüdlü oğluna məxsus “Sport Master” markalı velosipedi oğurlamışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 məhkəmə iclasındakı izahatında göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən X3 qarşı talama faktı ilə əlaqədar 01.08.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün polis bölməsinə göndərilmişdir. Belə ki Şəxs 24.07.2021-ci il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon 2-ci binada X2 mənzilinin qarşısında 2009-cu il təvəllüdlü oğluna məxsus 26-lıq, yaşıl rəngli, “Sport Master” markalı velosipedi oğurlamaqla sonuncuya 330 manat məbləğində maddi ziyan vurmuşdur. Buna görə də həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs haqqında qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, ehtiyacı olduğu üçün sözügedən inzibati xətanı tək törətmişdir. Oğurladığı velosipedi Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Ata adlı şəxsi 25 manata satmış, həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Hazırda əməlindən səmimi peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Sumqayıt şəhəri 6-cı mikrorayon 2-ci binada mənzilinin qarşısında oğluna məxsus 26-lıq, yaşıl rəngli, “Sport Master” markalı velosipedi oğurlamaqla ona 330 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş maddi ziyan ödənilməmişdir. Lakin buna baxmayaraq şikayətçi deyildir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş materiallarında olan 01.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən X3 qarşı talama faktı ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi üçün polis bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X2 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilməmişdir. Ancaq şikayətçi deyildir. İş materiallarını araşdıraraq Məhkəmə hesab edir ki, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin şikayətçi olmadığını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15.12.2021-ci il tarixdə 13:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Ona görə də Şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri mütənasib qaydada azaldılmalıdır. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerlərdə elektron nəzarət vasitəsini daşımaq və həmin vasitəni işlək vəziyyətdə saxlamaq üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmçinin həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39,114-115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 180 (yüz səksən) saat ictimai iş inzibati tənbeh növü tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 05 saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar