Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-39/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində 25 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən obyektdə plandan yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma (immugenetik) aşkar edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ilə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin həmin qərarından narazı qalan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi apellyasiya şikayəti vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-138/2022 saylı, 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, klinika lisenziya əsasında fəaliyyət göstərir. Vətəndaşlar mütəmadi olaraq klinikaya müraciət edirlər. Vətəndaşlardan biri şikayətçi olmuşdur və 2 aydan sonra Səhiyyə Nazirliyinin nümayəndəsi gələrək demişdir ki, lisenziyasız fəaliyyət göstərirlər. Tərtib edilmiş protokol qanunsuzdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 10.01.2021-ci il tarixli “Səhiyyə sahəsində korporativ xidmət haqqında” müqavilədən müəyyən olunur ki, əsasnamə əsasında fəaliyyət göstərən Şəxs MMC (bundan sonra “Sifarişçi”), Direktor Nümayəndə və nizamanamə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin (bundan onra “İcraçı”) direktoru X1 arasında bağlanmış müqavilə ilə “İcraçı” “Sifarişçi”nin sifarişi əsasında “Sifarişçi”yə 1187 Qeydiyyat nömrəsilə verilmiş 080888 nömrəli lisenziyaya Əlavədə göstərilən Genetik (PZR), Klinik-biokimyəvi, İmmunogenetik, Histomorfoloji müayinələr xidmətlərinin göstərilməsini öhdəsinə götürür. İş materiallarında olan 20.09.2021-ci il tarixli “tibbi xidmətlərin təmini haqqında” müqavilədən müəyyən olunur ki, bir tərəfindən, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC direktoru X1 şəxsində (İcraçı) və digər tərəfdən, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Şəxs MMC direktoru Nümayəndə (Sifarişçi) şəxsində müqavilə bağlanmışdır. İş materiallarında olan 476 nömrəli, 22.11.2021-ci il tarixli “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında” qərardan müəyyən olunur ki, Şəxs MMC-də fəaliyyətinin yoxlanılması məqsədilə 24.11.2021-26.11.2021-ci il tarixlərdə həmin müəssisədə plandankənar (növbəti) yoxlama aparılmalıdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-də Elburus Məmmədovun şikayəti ilə bağlı 25.11.2021-ci il tarixdə, saat 10:45də yoxlama keçirilmişdir. Yoxlama zamanı klinikada “COVİD-19” infeksiyası ilə bağlı müayinələrin aparılması (immunogenet laborotoriya olmaması səbəbindən) aşkar edilmişdir. Belə ki, həmin klinika “COVİD-19” infeksiyası ilə bağlı PZR test üçün nümunələr götürülüb və müqavilə əsasında (müqavilə bağlama tarixi 10 yanvar 2021-ci il, yenilənmə tarixi 20 sentyabr 2021-ci il) "xxxx" MMC-yə göndərilir. Burada götürülmüş nümunələrə “barkod” vurulur və bunun əsasında "xxxx" MMC-də icbari tibbi sığortaların “COVİD-19” elektron baza sisteminə daxil edilir. Yoxlama zamanı müayinələrin qəbulu otağına baxış keçirildi. Otaqda təlimata uyğun, tibbi avadanlıq, komputer dəsti, bakterisid lampa, kondisioner və hava sistemi işlək vəziyyətdədir. Lakin müayinə otağına ayrı keçid təşkil edilməyib. İş materiallarına əlavə olunmuş 13.11.2019-cu il tarixli lisenziyadan müəyyən olunur ki, Şəxs MMC-yə özəl tibbi fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş MN ******* saylı protokol 25 noyabr 2021-ci il tarixdə qəbul edildiyi üçün və həmin gündən üç aydan çox müddət keçdiyinə görə, Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.1.6, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin barəsində 25 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-39/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-39/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver