Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-390/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzovanın, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Rusiya Federasiyası, Nijeqorod vilayəti, Boqorodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Sumqayıt şəh., Mirvari city Bulvar, 8-ci blok, mərtəbə 3, mən 4 yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-3986 saylı və Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13955 saylı icra sənədləri üzrə tələbkar "xxxx" ASC-yə olan cəmi 2158.99 manat borcunu üzrsüz səbəbdən ödəməmiş, icra məmurunun qanuni tələbini icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Pərvanə Novruzova məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ- 3986 saylı və Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8İ-13955 saylı icra sənədləri üzrə tələbkar "xxxx" ASC-yə olan 2158.99 manat pul ödənilməlidir. Lakin Şəxs borcunu ödəməkdən yayınmış və icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Borclunun yaşayış yeri müəyyən olunmadığından barəsində axtarış elan olunmuş və bu günki tarixdə polis əməkdaşı tərəfindən icra idarəsinə gətirilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş və qərar borcluya təqdim edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o qeydiyyatda olduğu ünvanda yaşamış, icra şöbəsinə şifahi məlumat əsasında bir müddət bundan qabaq getsə də, icra məmurunu şöbədə tapa bilməmiş, icra məmurunun harada olması barədə soruşduqda Pərvanə Novruzovanın hal-hazırda şöbədə olmadığı və məhkəmədə olduğu bildirilmişdir. Ona məlumat verilmədən barəsində axtarış elan edilmiş, bu günkü tarixdə polis əməkdaşlarının məlumatı əsasında yenidən icra idarəsinə getmiş, tələbin könüllü icra edilməsi barədə bildiriş və qərar ona təqdim olunaraq, borcun ödənilməsi tələb edilmişdir. O, izahatına əlavə olaraq bildirir ki, onun qardaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrində çavuş vəzifəsində Vətən Müharibəsində iştirak etmiş. Vətən müharibəsi veteranıdır, döyüşlərdə göstərdiyi şücaətə görə Dövlət başçısı tərəfindən 7 medal ilə təltif edilmişdir. Məsuliyyətini dərk edir, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8i-3986 saylı və Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8i-13955 saylı icra sənədlərinə əsasən borclu Şəxs tələbkar "xxxx" ASC-nə 2158.99 manat məbləğində pulun tutularaq verilməsi qərara alınmışdır. İş materiallarında olan tələbin könüllü icra edilməsi barədə bildiriş və qərar xx.xx.2023-cü il tarixdə borcluya təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta hadisəsi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərtib edilmiş protokolda Şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olan Sumqayıt şəhər 1 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8i-3986 saylı və Sumqayıt şəhər 4 saylı Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8i-13955 saylı icra sənədləri üzrə tələbkar "xxxx" ASC-yə olan 2158.99 manat borcunu üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi göstərilsə də, borclunun bu icra vərəqəsi barədə məlumatı olmamışdır. İcra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunda nəzərdə tutulmuş, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. İş materiallarından görünür ki, icra məmuru tərəfindən tələbin könüllü icra edilməsi üçün borcluya 10 gün vaxt verilməsi barədə bildiriş xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, lakin icra məmuru tərəfindən könüllü 10 gün müddət gözlənilməmiş və borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək aidiyyatı üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-390/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-390/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver