Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-391/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlının, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Sənan Qasımlı tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5133/2024 saylı icra sənədinə əsasən Şəxs 52429,55 manat pul tutularaq X3 ödənilməlidir. Borclu üzürsüz səbəbdən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Sənan Qasımlı bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5133/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Bu barədə borclunun ünvanına xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, həmçinin borclu İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış və borcun ödənilməsi barədə xəbərdar edilmiş, borclu 2 ay ərzində tələbkara borcundan ödəniş edəcəyini bildirsə də, heç bir ödəniş etməmişdir. Bundan sonra borclunun ünvanına xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, borclu yenidən xx.xx.2025-ci il tarixdə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış və borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Qeyd olunanlara əsasən borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, İcra məmurunun çağırışlarından məlumatlı olmuş, İcra İdarəsinə gedərək izahat vermişdir. Himayəsində 2 övladı var. Əri hazırda cəzaçəkmə müəsissəsində olduğundan ailəsinə tək baxır. Ümumi borc məbləği ilə tam razı deyildir. Lakin, borc məbləğini imkanı olan zaman tələbkara ödəyəcəkdir. Borcu ödəməkdən imtina etmədiyini bildirir. Tələbkarın özü onun ailə vəziyyətindən xəbərdardır. Qardaşının qızına məxsus qızılları tələbkara vermiş, hazırda ona borcu olan şəxslər var, həmin şəxslərdən əldə edəcəyi pulu tələbkara ödəyəcəkdir. Borclu hazırkı vəziyyətdə heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Məhkəmədən tələbkara ödəniş etməsi ilə bağlı ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 bildirmişdir ki, borclu mənə hər hansı qızıl qaytarmamış, Şəxs tərəfindən ona heç bir ödəniş edilməmiş, 2024-cü ilin dekabr ayından etibarən İcra idarəsinə daima gedib-gələrək məsələnin nə yerdə qaldığını maraqlanmış, həmçinin dəfələrlə borclunun evinə gedərək borcunu tələb etmiş, sonunucu müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Borclunun bu hərəkətlərinə görə həm psixi vəziyyəti, həm də maddi vəziyyəti pisləşmişdir. Hazırkı borc məbləğindən 30000 manat ödəniş edilsə borclunu bağışlaya biləcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5133/2024 saylı icra sənədindən görünür ki, Şəxs 52429,55 manat pul tutularaq X3 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cu il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5133/2024 saylı sənədi üzrə icraata başlanmışdır. Borclu icraata başlama barədə qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2024-cu il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2 dəfə İcra İdarəsində izahatı alınmış, izahatlarından görünür ki, borclu icra sənədi ilə bağlı məhkəməyə müraciət edəcəyini, bundan sonra ödəniş edəcəyini bildirmiş, xx.xx.2025-ci il tarixli izahatında isə maddi imkanın olmaması səbəbindən ödəniş edə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında xəbərdarlıq göndərilmişdir İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Həmçinin, X5 Happy Cooks MMC-də xadimə vəzifəsində çalışdığı, 200 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5133/2024 saylı icra sənədinə əsasən Şəxs 52429,55 manat pul tutularaq X3 ödənilməlidir. İş üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş, borclu Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə izahatı alınmış, lakin hazırkı dövrədək hər hansı ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs izahatı özünümüdafiə xarakteri daşıyır, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa borclu Şəxs borc məbləği ilə razı olmaması, bununla bağlı məhkəməyə müraciət etmək istəyi onun hüququ olmaqla, sözügedən qətnaməni icra etmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-391/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-391/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver