Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-392/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2002-ci ildə Bakı şəhərinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333-1.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini istifadə etdiyi üçün saxlanılmış, yoxlama zamanı narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğu üçün tibbi müayinədən keçirilmiş nəticədə narkotik vasitə istifadə etməsi faktı aşkar olunuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X8 tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri Sülh küçəsi ərazisində xidmətdə olarkən “Toyota Prius” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini istifadə etdiyini görmüş və həmin avtomobilə saxla əmri vermişdir. Sürücüyə yaxınlaşıb özünü təqdim etmiş, söhbət əsnasında sonuncunun narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyətdə nəqliyyat vasitəsini idarə etməsi barədə əsaslı şübhəsi olduğu üçün ona müayinədən keçməyi təklif etmiş, sürücü buna heç bir etiraz etməmişdir. Belə ki, həmin vaxt sürücünün gözü qızarmış vəziyyətdə olmuşdur. Sumqayıt şəhəri Narkoloji Dispanserdə ekspress test üsulu ilə aparılan müayinə zamanı sürücü Şəxs marixuana qəbul etməsi faktı aşkar edilmiş, sonuncu öz izahatında narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində tərtib edilmiş protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X3 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, “Toyota Prius” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa aparan zaman nəqliyyat vasitəsini o idarə etmiş, sürücü Şəxs onun sağında əyləşmişdir. Hərəkətdə olan zaman sürücü ondan narkotik vasitənin hansı müddətdə insan bədənində qalması barədə soruşmuş, və özü bu barədə sürücüyə məlumat vermişdir. Bundan sonra o, sürücüdən narkotik vasitə qəbul edib-etməməsi barədə maraqlanmış, o isə narkotik vasitə qəbul etdiyini etiraf etmişdir. Həmçinin ekspress test üsulu ilə müayinə zamanı sidik nümunəsini sürücü özü şəxsən təqdim etmiş, müayinədə iştirak etmiş, sərbəst izahatı zamanı öz əməlini etiraf etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024cü il tarixdə, saat 17:00 radələrində etibarnamə əsasında etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə müştəri gətirərkən Sumqayıt şəhəri Sülh küçəsi ərazisində yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra yol polis inspektoru ondan taksi fəaliyyəti ilə məşğul olması üçün müvafiq icazə sənədinin olub-olmaması barədə soruşmuş, o isə icazəsinin olmadığını bildirmişdir. Bundan sonra onu patrul maşınına dəvət etmişlər. Həmin ərəfələrdə o, gecə gündüz istirahətsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün gözləri qızarmış vəziyətdə olmuşdur. Bundan sonra yol polis inspektoru ondan sərxoşluq vəziyyətdə avtomobil idarə etməsində şübhələnərək Sumqayıt şəhəri Narkoloji Dispanserdə müayinədən keçməyi təklif etmiş, o isə heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə tibbi müayinəyə getmişdir. Narkoloji Dispanserdə ekspress test üsulu ilə müayinə zamanı marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Bildirir ki, o, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil, təxminən üç ildir ki, namaz qılır, pis vərdişlərdən uzaqdır, lakin onu da bildirir ki, təxminən bu ilin yanvar ayının əvvəllərində Saatlı rayonunda əsgər yoldaşının toy məclisində iştirak etmiş və orada qəlyan çəkmişdir. Qəlyan çəkdikdən sonra halının pisləşdiyini görmüş, başı hərləndiyini müşahidə etmiş, toy sahibindən bu haqda soruşduqda ona kənd cavanlarının qəlyanın tərkibinə narkotik vasitə olan-marixuana yerləşdirdiklərini bildirmişdir. Qeyd edir ki, toydan əvvəl bir gün, toydan sonra daha bir gün olmaqla o, üç gün həmin rayonda qalmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan, və marixuna qəbul etməsi faktı aşkar edildikdən sonra ilk öncə qorxmuş, bu barədə heç kimə o məlumat verməmiş, daha sonra ailə üzvlərinə bu barədə məlumat vermişdir. İlk əvvəl məlumat verməməsinə səbəb yaxınlarının, qohumlarının, o cümlədən ailəsinin qınağına tuş gəlməmək istəyi olmuşdur. Hadisədən təxminən 3-4 gün sonra evdə özü test etmiş, onda narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasına çağırışla bağlı təxminən 14-15 fevral 2024-cü il tarixdə mobil telefonuna sms gəlmişdır. Tanıdığı şəxslərlə maraqlandıqdan sonra məhkəmədə təqsirsiz olmasını sübut etmək üçün bu barədə yenidən istənilən Tibb müəssisəsində analiz verməli olduğu, əldə edilmiş nəticəni məhkəməyə təqdim etməsi ona izah edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”-da narkotik vasitələrin sidikdə təyini barədə analiz vermiş, nəticəsi neqativ olmuşdur. Bildirir ki, ailəsi bilməsə də özü yaxşı bilir ki, mərhum atası narkotik vasitələrdən istifadə etdiyi üçün dünyasının dəyişmiş və atasının ölümündən özü üçün dərs çıxarmışdır. O, yuxarıda qeyd etdiyi kimi həmin toy məclisindən başqa heç bir zaman narkotik vasitə qəbul etməmişdir. Ehtimal edir ki, sidiyində aşkar edilən narkotik maddə qalıqları məhz həmin toyda qəlyan vasitəsilə çəkdiyi marixuana olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, iş üzrə icaata xitam verilməsini xahiş edir. Şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, başına belə bir hadisənin gəlməsindən ailə üzvlərinin xəbər tutumasını istəməmiş, bu səbəbədən bu məsələni bir az gizlətmiş, ona görə də müayinəyə yalnız 20 fevral 2024-cü il tarixdə müraciət etmiş, o, şöbədə 04 fevral 2024-cü il tarixdə izahat vermiş, ilk dəfə başına belə bir hadisə gəldiyindən Polis idarəsində bu məzmunda yəni etirafedici izahat vermişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 protokolu tərtib etmiş Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 ilə eyni məzmunlu izahat vermişdir. Qeyd edir ki, həmin tarixdə o, Ramin Məmmədovla birlikdə, eyni avtopatrulda xidmətdə olmuşlar. Əlavə olaraq bildirmişdir ki, o, gələcəkdə hər hansı anlaşılmamazlığın yaranmaması və qarşını almaq üçün baş vermiş hadisələrin fotoşəkillərini çəkərək telefonunun yaddaşında saxlayır, bu səbəbdən də sürücü Şəxs həm avtomobilinin, həm də müayinə nəticəsinin həmin tarixdə fotoşəkilini çəkərək telefonunda saxlamış və bunları məhkəməyə təqdim edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 394 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı aşkar edilmişdir. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, sonuncu öz əməlini etiraf edərək narkotik vasitə, marexunan qəbul etməsini etiraf etmişdir. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 394 nömrəli protokoldan görünür ki, “Toyota Prius” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs şübhəli olduğu üçün müayinəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixli, AE 064159 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Şəxs tərəfindən təqdim edilmiş, 20 fevral 2024-cü il tarixdə “Stimul Hospital”-da narkotik vasitələrin sidikdə təyini barədə müayinə aktından görünür ki, müayinə zamanı sonuncuda heç bir narkotik vasitə istifadəsi etməsi faktı aşkar edilməmiş, nəticə neqativdir. Məhkəmə iclasında Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən təqdim edilmiş fotoşəkillərdən görünür ki, həqiqətən də “Toyota Prius” minik markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. Aparılmış müayinənin nəticəsini özündə əks etdirən fotoşəkildən görünür ki, müayinə zamanı sürücüdə THC (+) aşkar edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 394 nömrəli aktla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında qismən etirafedici izahatı ilə öz təsdiqini tapır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə göstərilmişdir ki, Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Məhkəmə Şəxs özünü tərtib edilmiş protokol üzrə təqsirli bilməməsi ilə bağlı fikirlərinə tənqidi yanaşaraq hesab edir ki, o məhkəmə iclasında dolayısı ilə narkotik vasitədən guya özü də bilmədən istifadə etdiyini təsdiq etmiş, lakin cari məhkəmə iclasında məsuliyyətdən yayınmaq üçün təqsirsiz olması barədə izahat vermişdir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir, məhkəmə iclasında tədqiq edilən digər sübutlarla tam təkzib edilir. Onun əməli yuxarıda qeyd olunan hallarla tam sübuta yetirilir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş “Stimul Hospital”ın 20 fevral 2023-cü il tarixli yoxlama aktında sonuncuda heç bir narkotik vasitə qalığının aşkar olunmadığı qeyd olunsa da, məhkəmə hesab edir, Şəxs “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” protokolda qeyd olunan müayinənin aparıldığı vaxtla (xx.xx.2024-cü il), Qocayevin təşəbbüsü ilə aparılmış müayinənin vaxtı (20 fevral 2024-cü il) arasında təxminən bir aya yaxın müddət vardır. Şəxs öz izahatında qeyd etdiyi kimi 2024-cü ilin yanvar ayının əvvələrində narkotik vasitə-marixuana qəbul etmiş olsa idi, həmin vaxtdan 20 fevral 2024cü il tarixədək olan müddət ərzində təxminən 2 aya yaxın müddətdə bədəndə olan narkotik vasitə qalıqlarının məhv olması ehtimalı çox böyükdür (bu həmçinin şəxsin öz təşəbbüsüqanın təmizlənməsi və s. yollar ilə də mümkündür). Bundan başqa məhkəmə tərəfindən Şəxs nədən dərhal deyil, məhz bir aydan sonra müayinə olmaq üçün Tibb müəssisəsinə müraciət etmisiniz sualına sonuncunun “baş vermiş hadisənin ailə üzvləri və tanışları tərəfindən bilinməsinin, nəticədə qınaq obyekti olmasından qorxması ilə” əlaqələndirilsə də, məhkəmə bu qənatətə gəlir ki, sonuncu uzun müddət keçdikdən sonra narkotikin qandan sovrulmasından məlumatlı olmuşdur. Bundan başqa məhkəmə qeyd etməyi vacib hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:15-də sms bildiriş göndərilmiş, həmin tarixdə sms-bildiriş ona çatmış, lakin nədənsə sonuncu həmin və ya ertəsi gün deyil, məhz daha səkkiz gün gözləyərək 20 fevral 2024-cü il tarixdə (məhkəmə iclasından 02 gün əvvəl) tibbi müayinədən keçmişdir. Belə olan halda Sumqayıt ŞPİ DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X1 da narkotik vasitənin bədəndə qalma müddətlərini bildikdən sonra ( sonuncu öz izahatında bunu bildirmişdir) Şəxs 20 fevral 2024-cü il tarixdə müayinədən keçməsini məhkəmə sonuncunun məsuliyyətdən yayınmaq üçün atmış olduğu addımı kimi qiymətləndirilməlidir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Maddənin “Qeyd”inə əsasən Xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Şəxs nəqliyyat vasitəsini narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində idarə etdiyinə görə İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxsda nəqliyyat vasitəsini idarə edərək narkotik vasitələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyətində olduğundan o, İXM-nin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən olunmadı . İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə bu Məcəllənin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halları, o cümlədən sonuncunun taksi fəaliyyəti ilə məşğul olaraq narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində avtomobil idarə edərib həm özü, həm də yol hərəkətinin digər iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atmış olduğunu, o cümlədən həm şəxsin özünün həm də digər sürücülər tərəfindən gələcəkdə yenidən eyniməzmunlu inzibati xətanın törədilməsinin qarşısının alınmasını təmin edilməsi üçün Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırması növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-392/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-392/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver