Məhkəmə qərarları › İş №3(060)-3924/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3924/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3924/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimova Nuranə Əjdər qızının katibliyi, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1958-ci ildə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Sumqayıt şəhər 10 nömrəli orta məktəbdə müəllim işləyən, Sumqayıt şəhəi, 4-cü məhəllə, ev 6/19, mənzil 6-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 27.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında 17 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 13.11.2021-ci il tarixdə, saat 14:29 radələrində Sumqayıt şəhəri, Karvan Ticarət Mərkəzinin yanında obyektdə Şəxs Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 4cü polis bölməsinin sahə rəisi polis mayoru X3 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilmiyərək, izahatında bildirdi ki, o, təxminən on ildir ki, adı gedən obyektdə işləyir. 13 noyabr 2021-ci il tarixdə, saat təqribi 14:10 radələrində icarəyə götürüb işlətdiyi obyektdə olarkən içəriyə adını bilmədiyi və tanımadığı iki qadın daxil olmuş, Şəxs onlara qapalı yer olduğu üçün maskadan istifadə etməli olduqlarını bildirdikdə, onlar arasında mübahisə yaranmışdır. Bundan başqa adını bilmədiyi bir kişi də içəri daxil olaraq onlarla bərabər mübahisəyə qoşulmuşdur. Mübahisə nəticəsində qadınlar onun üstünə hücum edərək, onu döymüş, ona müxtəlif fiziki zərbə endirmişlər. Odur ki, qeyd edilənləri təkzib edərək, barəsində tətbiq olunan protokolun əsassız olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi iş materiallarını nəzərə alaraq obyektiv və ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Karvan Ticarət Mərkəzində icarəyə obyekt götürmüşdür. Həmin obyektə qonşu olan əvvəlcədən tanımadığı iki qadın onların icarəyə götürmək istədiyi obyektdə təmir işlərinə müdaxilə etmiş, yeni çəkilmiş kanalizasiya borusunu sındırmış orada işləyən fəhlələri işləməyə qoymamışdır. Həmin qadınlara onların heç bir maneçiliyi olmamış, onlara heç bir problemi olmadığını izah etmiş və kanalizasiya borusunun yerini dəyişmişdir. 13.11.2021-ci il tarixdə saat 14:00 radələrində orada işləyən fəhlələr telefonla ona həmin qadının gəlib onların işlərinə müdaxilə edib işləməyə qoymaması barədə məlumat vermişdir. O, dərhal oraya gəlmiş, qonşu kimi yenə də onlara izah vermişdir. Lakin buna baxmayaraq qonşu mağazada olan iki qadın ona hücum edib döyərək xəsarət yetirmişdir. Həmin zaman müharibədə şəhid olmuş oğlunun şəkli və şəhid statusuna dair sənəd onun boynundan asılı olmuş, bunu görən sonradan adını bildiyi Şəxs şəhid ailəsinə hörmətsizlik nümayiş etdirərək, onun şəhid olan oğlunun ünvanına orada olan insanların yanında uca səslə nalayiq ifadələr işlətmiş, bu səbəbdən də onun halı pisləşmiş huşunu itirib yerə yıxılmışdır. Odur ki, inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materialları, izahatlar və işdə olan Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısının NK-1/2839 və NK-1/2840 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılan işin halları ilə təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsinin ağırlaşdırıcı hal kimi nəzərə alınmasını, yüngüllədirici halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar