Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-393/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə tərtib edilmiş 04 fevral 2025-ci il tarixli, İXP6892206 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X3 izahatında bildirmişdir ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 23:30-da idarə etdiyi “QAZ 31105 120” minik markalı, 10MZ605 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasını pozaraq onun “saxla” əmrinə tabe olmamışdır. Daha sonra o, Şəxs saxlamış və sərxoş olduğu üçün tibbi müayinəyə dəvət etmiş, lakin Şəxs tibbi müayinəyə getməkdən imtina edərək, evinə daxil olmuş və onunla gəlməmişdir. Hadisənin video görüntüləri də mövcuddur. Qeyd edilən səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.2, 327.3 və 343.4-cü maddələri ilə tərəfindən protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, idarə etdiyi “QAZ31105 120” minik markalı, 10MZ605 dövlət qeydiyyat nişanlı avtomobillə şəhər daxili yük daşıyır. Sürücülük hüququ olmasa da ailəsini dolandırmaq üçün avtomobil idarə etməyə məcburdur. xx.xx.2025-ci il tarixdə saat 23:30-da idarə etdiyi avtomobillə hərəkət etmiş, polis əməkdaşının ona saxla işarəsi verdiyini görməmişdir. Daha sonra o, evinə gələn zaman polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onu tibbi müayinəyə dəvət etməmişdir. İİİ qrup əlil olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir və müdafiəçi olaraq o da hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsinin xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 343.4 -cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatı, video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 04 fevral 2025-ci il tarixli, İXP6892206 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs sürücülük hüququ olmadan xx.xx.2025-ci il tarixdə saat 23:30-da idarə etdiyi “QAZ31105 120” minik markalı, 10MZ605 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydasını pozaraq polis əməkdaşının “saxla” əmrinə tabe olmamış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. İş materiallarına əlavə edilmiş video görüntülərdən görünür ki, “QAZ31105 120” minik markalı, 10MZ605 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü YPX avtomobilinin saxla tələbinə əməl etməyərək hərəkətini davam etdirir, hərəkətdə olarkən qarşıdan gələn avtomobilin solundan keçərək qayda pozuntuna yol verir, daha sonra binaların həyətinə daxil olur, orada avtomobili saxladıqdan sonra YPX əməkdaşından qaçaraq bloka daxil olmaq istəyir, daha sonra isə yenidən görüntülərdən itir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2011-ci və xx.xx.2014-cü il təvəllüdlü uşaqları var. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs İİİ qrup əlildir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 343.4 -cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsi ilə birgə həmin Məcəllənin 327.2 və 327.3-cü maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.3-cü maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 343.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.2 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə – beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs İİİ qrup əlil omasını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən saat 18:20dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-393/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-393/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver