Məhkəmə qərarları › İş №3(060)-394/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-394/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-394/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2705/2023 nömrəli icra sənədinə əsasən 4287 manat aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Borc rəsmi qəbzlərlə hesablanmışdır. Hazırda proses iştirakçıları borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, hər ay borcundan 560 manat ödəniş edəcəkdir. Hazırda tələbkarla aralarında razılıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, hazırda borcun ödənilməsi ilə bağlı borclu ilə aralarında razılıq əldə edilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, borcla bağlı tələbkarla aralarında razılıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2705/2023 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-2705/2023 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(028)-2705/2023 nömrəli icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün Şəxs 10 gün vaxt verilmişdir. Bildiriş xx.xx.2023-cü ildə borcluya rəsmi qaydada təqdim edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixində və xx.xx.2024-cü il tarixindəli Şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul edilmişdir. İcra sənədi üzrə zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun borclu X11 qarşı hal-hazırda şikayəti yoxdur. O, qalıq borc olan 4287 manat məbləği aylara bölərək ödəyəcəyini vəd etmişdir. Bu səbəblə borclu ilə barışmışdır. O, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu Şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, 4287 manat borcundan hər ay 560 manat olmaqla ödəniş edəcəyinə söz vermiş və nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. İş məhkəmədə baxılan zaman borclu tələbkarla ödənişlərin hissə-hissə ödənilməsinə dair razılığa gəlmişdir. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıln şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmlərə Şəxs münasibəti qərəzli olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar