Məhkəmə qərarları › İş №3(060)-395/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-395/2022

04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-395/2022 04.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin nümayəndəsi, polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yataqxana 10, 2-ci Paralel küçəsi, Məhəllə 9-da qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin polis sahə rəisi, polis mayoru, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 04.02.2022-ci il tarixli, MN seriyalı, ******* №li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 30.01.2022-ci il tarixdə saat 03:30 radələrində Sumqayıt şəhəri, Sülh-Nizami küçələrinin kəsişməsində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq qəsdən tabesizlik göstərmiş və nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 5-ci PB-nin nümayəndəsi polis sahə rəisi, polis mayoru X4 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 29.01.2022-ci il tarixdə axşam saatlarında tək yaşadığı evdə yemək yeyən zaman 0,5 qram araq içmiş və təxminən saat 22:00 radələrində işi olduğu üçün tanışı X3 zəng vuraraq yaşadığı ünvana çağırmışdır ki, sərxoş olduğundan onun maşınını idarə etsin. Xəyyam onun yaşadığı ünvana gəlmiş və ona məxsus "Mercedes E220" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmişdir. Onlar əvvəl Sumqayıt şəhərində, daha sonra Ceyranbatan qəsəbəsi ərazisində onun işləri ilə məşğul olmuşlar və 30.01.2022-ci il tarixinə keçən gecə onun avtomaşını ilə Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıt mebel mağazasının qarşısında YPX əməkdaşları onları saxlatmış və polis əməkdaşları sürücü Xəyyamdan sənəd tələb etmişlər. O avtomaşının ona məxsus olduğunu bildirmiş və polis əməkdaşları avtomaşını cərimə meydançasına aparmaq istədikləri üçün aralarında mübahisə yaranmışdır. YPX əməkdaşının biri onun avtomaşınını idarə etmiş və o da qabaq sağ oturacaqda oturmuşdur. Yolda sərxoş olduğu üçün YPX əməkdaşı ilə mübahisə etmiş və YPX əməkdaşı avtomaşını saxlayaraq onu PPX əməkdaşlarına təhvil vermişdir. Orada PPX əməkdaşları ilə də aralarında münaqişə olmuş və onu Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Həddindən artıq sərxoş olduğundan polis əməkdaşlarına müqavimət göstərmiş, ictimai qaydanı pozmuşdur. X2 içkili olduğunu bilməmiş, ona görə avtomobili sürməyi ona həvalə etmişdir. İndi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs peşman olmasını nəzərə alaraq ona yüngül tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 izahatında göstərdi ki, 2013-cü ildən DİO-da xidmət edir, hazırda Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 30.01.2022-ci il tarixdə saat 03:20 radələrində 2029 çağırışlı yolöatrul maşınında postaçı yoldaşı, polis serjantı Həşimov Razi ilə Sumqayıt şəhəri, Sülh küçəsində xidmət apararkən Sumqayıt mebel mağazasının qarşısında hərəkətdə olan "Mercedes" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü X5 avtomaşını sərxoş vəziyyətdə idarə edir. Sürücü sərxoşluq müayinəsindən keçmək üçün YPX avtomaşınına əyləşmiş və avtomaşında sərnişin olduğu üçün onu ən yaxın taksi duracağına aparmaq istəmişdir. Yolda gedən zaman onun sağ tərəfində əyləşmiş sərnişin Şəxs polisin ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. Həmin şəxsin də açıq-aşkar sərxoş olması görünürdü. Onu nizam-intizama dəvət etsə də, onun qanuni tələblərinə qəsdən məhəl qoymayaraq ona əl-qol hərəkətləri ataraq müqavimət göstərmişdir. O həmin an Sülh-Nizami küçələrinin kəsişməsində xidmət aparan 9137 çağırışlı PPX avtomaşınına yaxınlaşıb vətəndaş Şəxs onlara təhvil vermişdir. Daha sonra Sumqayıt şəhər RND-yə getmiş, sürücü Xəyyam Rzayev sərxoşluq müayinəsində keçməkdən imtina etdiyi üçün imtina aktı alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə inzibati protokol tərtib edib, avtomaşını DYPŞ-nin müvəqqəti duracağına yerləşdirmişlər. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, 2021-ci ildən DİO-da xidmət edir, hazırda Sumqayıt ŞPİ-nin PPXT-nin 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis kiçik serjantı rütbəsindədir. 30.01.2022-ci il tarixdə saat 03:25 radələrində 9137 çağırışlı avtopatrul maşınında postaçı yoldaşları, polis serjantı Şahid3 və polis serjantı Yəhyayev Əli ilə Sumqayıt şəhəri, Sülh-Nizami küçələrinin kəsişməsində dayanaraq xidmət apararkən, "Mercedes" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən YPX inspektoru Şahid2 onlara yaxınlaşaraq, avtomaşında olan sərnişinin ona tabesizlik göstərdiyini deyib, onlardan kömək istəmişdir. Onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini ona təqdim edib, polisin ünvanına nalayiq söyüşlər söydüyü üçün onu nizamintizama dəvət edib, avtopatrula əyləşməsini istəmişlər. Həmin şəxsdən kəskin spirtli içki iyi gəlirdi və hərəkətlərindən də sərxoş olması görünürdü. Həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq, onları da təhqir etmiş və əl-qol hərəkətləri ilə onlara müqavimət göstərmişdir. Onlar həmin vətəndaşın üzərində qeyri-qanuni əşya olubolmamasını yoxlayaraq onu avtopatrul maşınının arxa yerinə əyləşdirmişlər. Daha sonra həmin vətəndaşı Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Yolda həmin vətəndaş avtopatrulun arxa hissəsində ucadan nalayiq söyüşlər söyərək, qollarını və başını avtopatrulun dəmir barmaqlıqlarına vuraraq onu buraxmalarını tələb etmişdir. Polis bölməsində olan zaman da həmin vətəndaş polisin ünvanına nalayiq söyüşlər söyməkdə davam edirdi. Bölmədə məlum olmuşdur ki, həmin şəxs 1982-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə iclasında Şahid3 Şahid1 izahatına uyğun izahat verdi. İş materiallarında olan A/145 nömrəli, 30.01.2022-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs 30.01.2022-ci il tarixdə, saat 04:15-də alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunu və protokol tərtib etmiş şəxsi, şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğlu 30.01.2022-ci il tarixdə saat 03:20 radələrində Sumqayıt şəhəri, Sülh-Nizami küçələrinin kəsişməsində, ictimai yerdə sərxoş vəziyyətdə səs-küy salmış, polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur, onun intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla mübahisə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal himayəsində uşaqlarının olması, peşman olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə xətanı sərxoş vəziyyətdə törətməsidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xəta təsdiqini tapmış və ona görə də, ona inzibati həbs cəzası tətbiq edilməli, inzibati həbsin əvvəli 04 fevral 2022-ci il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 04 fevral 2022-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar