Məhkəmə qərarları › İş №3(060)-397/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-397/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-397/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 26-cı məhəllə, Şüşə zavod ərazisi, yataqxana, otaq 99 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra iadrəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 13 fevral 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3088/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə 3.150,00 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 13 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işə baxılması 13 fevral 2023-cü il il tarixə təyin edilmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3088/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 350,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Hal-hazırda borclu və icra sənədi üzrə tələbkar öz aralarında razılıqa gəlmişlər bu səbəblə borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tənbeh verilmə məsələsini məhkəmənin mülahizəsinə buraxır. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3088/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 350,00 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Borclu ilə aralarında razılığa gəlmişlər. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək borclu Şəxs barəsində tərib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3088/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan hər ay 350,00 manat sabit pul məbləğində aliment tutularaq icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Bildiri ki, o uzun müddətdir dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Hazırkı xəstəliyi ilə əlaqədar olaraq ona hər ay Respublika Kliniki xəstəxanasından dəyəri 1.000,00 manat olan dərmanı dövlət tərəfindən verilir. Hal-hazırda xəstəliyi ilə əlaqədar olaraq heç bir yerdə işləmir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra sənədi üzrə tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarında olan icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, borclu Şəxs ilə aralarında razılığa gəlmişlər bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında razılıq olmuş və icra sənədi üzrə tələbkar məhkəməyə yazılı ərizəsini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar