Məhkəmə qərarları › İş №3(060)-397/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-397/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-397/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş X4 şikayətlə X9 Xidmətinə müraciət edərək əmək müqaviəsi olmadan "xxxx" MMC-də işə cəlb edildiyini bildirmişdir. Şikayətlə əlaqədar X4 dəvət edilərək izahatı alınmışdır. X4 izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişdir. Şikayətçi qeyd etdiyi halların təsdiq edən sübut kimi isə whatsapp yazışmalarını təqdim etmişdir. Təqdim edilmiş “Whatsapp” mobil tətbiqindən çıxarışların həqiqiliyini yoxlamaq üçün şikayətçi şəxs mobil telefonunu da təqdim etmiş, əməkdaşlar tərəfindən telefona baxış keçirilərək təqdim edilmiş çıxarışların həqiqiliyi təsdiq edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Yazışmaların məzmunundan da görünür ki, "xxxx" MMC-nin məsul şəxsləri tərəfindən X4 əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Müəyyən edilmişdir ki, işçilərə göstərişləri "xxxx" MMC-nin Təbibə adlı əməkdaşı vermişdir. X5 isə "xxxx" MMC-nin işçisi olmuşdur. Bu elektron sistemdə olan məlumatlarla da təsdiq edilir. Həmçinin qeyd etmişdir ki, yazışmalarla da təsdiq edilir ki, tərəflər arasında olan münasibətlər xitmət müqaviləsindən irəli gəlməmiş, əmək münasibətləri olmuşdur. Belə ki, yazışmalarda əmək haqqından, işçilərdən bəhs edilir. X4 əvvəl şikayət versə də, MMC barəsində protokol tərtib edildikdən sonra X9 Xidmətinə müraciət edərək müraciətinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bu hal özü də onu təsdiq edir ki, həqiqətən də "xxxx" MMC ilə X4 arasında əmək münasibəti olmuş, şikayət üzrə protokol tərtib edildikdən sonra MMC-nin əməkdaşlarının təsiri ilə şəxs şikayətinin araşdırılmamasını xahiş etmişdir. Belə müraciət isə MMC-nin məsuliyyətini istisna edən hal deyil. Müfəttişlikdə araşdırma zamanı "xxxx" MMC-yə müvafiq bildiriş göndərilməsinə və telefonla əlaqə saxlanılmasına baxmayaraq onlar araşdırma prosesində iştirak etməmişlər. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, tərtib edilmiş protokol əsassızdır, "xxxx" MMC-də əmək müqaviləsi olmadan heç bir işçi işə cəlb edilməmişdir. "xxxx" MMC-nin çoxsaylı işçiləri var və hər biri ilə əmək müqaviləsi mövcuddur. Həmin halları təsdiq edən çoxsaylı əmək müqaviləsi bildirişlərini də məhkəməyə təqdim edir. Təqdim edilmiş whatsapp yazışmaları ilə X4 ilə "xxxx" MMC-nin məsul şəxsəri arasında danışıqlar olması öz təsdiqini tapmır. Həmin yazışmaları edən şəxsin (şəxlərin) "xxxx" MMC-yə aidiyyəti müəyyən edilmir. Hətta bu hal öz təsdiqini tapmış olsa idi belə, burada hər hansı əmək münasibətindən danışmaq olmaz. Bu tərəflər arasında qısa müddətli bir xidmətin göstərilməsi ilə bağlı olmuşdur. Bu isə mülki hüquqi müavilə olan tapşırıq müqaviləsi kimi qiymətəndirilməlidir. Belə müqavilə isə şifahi formada da bağlana bilər. Göstərilən halları nəzərə alaraq üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - 31 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 izahatına və təqdim etdiyi sübutlara (yazışmalara) əsasən onun 22 sentyabr 2023-cü il tarixdən 24 sentyabr 2023-cü il tarixinədək "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; - iş materiallarına əlavə edilmiş whatsapp yazışmalarından görünür ki, “Turizim sorğu” adlı qrupda ayrı-ayrı şəxslərin işə cəlb edilməsi, əmək haqqının 3 saat üçün 30 manat təşkil etməsi göstərilmişdir. Həmçinin elanda “**********” saylı nömrə və “Təbibə xanım” gösətilmişdir. Yazışmalarda həmçinin “İşartı Şirkəti” adlı istifadəçi (********** telefon nömrəsi ilə) iştirak edərək işçilərin işə cəlb edilməsi ilə bağlı yazışmlar etmişdir; - iş materiallarına əlavə edilmiş digər Whatsapp yazışmalarından görünür ki, ********** saylı telefon nömrəsindən X1 hesabına 24 manatın köçürülməsi ilə bağlı qəbz göndərilmişdir; - iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X3 "xxxx" MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsi ilə bağlı 4 saylı Bakı Dost Mərkəzində təqdim etdiyi whatsapp yazışmalarına öz telefonunda fiziki olaraq baxıldıqdan sonra həmin yazışmalardan çıxarış edillərək araşdırma materiallarına əlavə etmək üçün qeydiyyata alınmışdır; - iş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, ********** saylı mobil nömrə “xxxxxxx” FİN kodu olan şəxsin ("xxxx" MMC-nin direktoru Nümayəndə1) adına qeydiyyatdan keçmişdir; - iş materiallarına əlavə edilmiş X3 X9 Xidmətində verdiyi izahatının surətindən görünür ki, o, 2023-cü ilin 22, 23, 24 sentyabr tarixlərində "xxxx" MMC-də əmək müqaviləsi bağlamadan işə başlamışdır. Həmin elanda gündə 3 saat üçün 30 manat ödəniş edilməsi bildirilmişdir. İşin mahiyyəti şəhərin mərkəzində turistlrdən sorğu qəbul etmək olmuşdur. 3 gün bitdikdən sonra o, ödənişi tələb etdikdə, ona Milli Ön aparatı ilə 24 manat köçürülmüşdür. Həmin məbləğə etiraz edildikdə sorğuların az olduğu bildirilmişdir. "xxxx" MMC ilə onun arasında əmək müqaviləsi bağlanmamışdır. Sübut kimi isə whatsapp yazışmalarını təqdim etdiyini göstərmişdir; - iş materiallarına əlavə edilmiş X5 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli teleqramdan görünür ki, o, "xxxx" MMC-də əmək müqaviləsi əsasənda supervayzer vəzifəsində işləmiş, işi mercendayzerlərə nəzarət etmək və xidmət müqaviləsi bağlamış şirkətlərlə danışıqlar aparmaqdan ibarət olmuşdur. İşlədiyi dövrdə ”İşartı” MMCdə Gültəkin adında rəsmi işçi tanımamış, onu əmək münasibətinə cəlb etməmişdi. Bu barədə 2024-cü ilin fevralın əvvəlində ona zəng vurmuş adını xatırlamadığım əmək müfəttişinə də məlumat vermişdir; - iş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin X5 ad-soyadlı işçisi olmuşdur; - iş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin direktoru Nümayəndə1dır. MMC-nin hüquqi ünvanı ünvan 1llarına əlavə edilmiş X3 X9 Xidmətinə xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, o əmək münasibəti üzrə etdiyi müraciət üzrə hər hansı tədbir aparılmasını məqsədə müvafiq hesab etmədiyindən baxılmamış saxlanılmasını xahiş etmişdir; - iş materiallarına əlavə edilmiş bildirişlərdən və poçt sənədlərindən görünür ki, X9 Xidmətində aparılan araşdırma üzrə "xxxx" MMC-nin ünvanına bildirişlər göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, whatsapp mobil tətbiqində “Turizim sorğu” adlı qrupda ayrı-ayrı şəxslərin işə cəlb edilməsi, əmək haqqının 3 saat üçün 30 manat təşkil etməsi göstərilmiş və həmçinini telefon nömrəsi kimi “**********” saylı nömrə, həmin nömrə sahibinin isə Təbibə xanım olması göstərilmişdir. Yazışmalarda həmçinin “İşartı Şirkəti” adlı istifadəçi “**********” saylı telefon nömrəsi ilə iştirak etmiş və müxtəlif şəxslərin işə cəlb edilməsi ilə bağlı yazışmalar etmişdir. Həmin yazışmalara əsasən X4 da işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla bağlı X1 hesabına 24 manat məbləğində ödəniş edilmiş və bu barədə qəbz “**********” saylı telefon nömrəsindən whatsapp vasitəsi ilə X3 istifadəsində olan mobil telefona göndərilmişdir. İşin məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, “**********” saylı mobil telefon nömrəsi "xxxx" MMC-nin direktoru Nümayəndə1 adına qeydiyyatdan keçmişdir. Həmçinin "xxxx" MMC-nin X5 adlı işçisi olmuşdur. Qeyd edilən məsələ ilə bağlı X2 Əmək Müfəttişliyi Xidmətinə şikayət etmiş, şikayəti üzrə izahat vermiş və izahatında "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini göstərmişdir. Sübut kimi isə müvafiq whatsapp yazışmalarını təqdim etmişdir. X9 Xidmətinə müraciət 4 saylı Bakı Dost Mərkəzi vasitəsi ilə olmuş, müraciət zamanı həmin Mərkəzin əməkdaşları şikayətçinin mobil telefonuna baxaraq whatsapp çıxarışında olanların doğruluğunu müəyyən etmişlər və bu barədə müvafiq akt da tərtib etmişlər. Müfəttişlikdə aparılan araşdırma zamanı "xxxx" MMC-nin səlahiyyətli şəxslərin iştirakı ilə bağlı MMC-nin ünvanına müvafiq bildirişlər göndərilsə də, MMC-nin nümayəndəsi aparılan araşdırmada iştirak etməmişdir. Məhkəmə baxışı zamanı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 "xxxx" MMC-də heç bir işə cəlb edilmədiyini, bununla bağlı heç bir mötəbər sübutun olmadığını, həmçinin bu hal təsdiq edilsə belə tərəflər arasında olan münasibətlərin əmək hüquq münnasibətləri deyil, mülki hüquqi müavilə olan tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmasını bildirmişdir. Məhkəmə "xxxx" MMC-nin nümayəndəsi və vəkilinin bu dəlillərini əsassız və özünü müddafiə kimi qiymətləndirərək qeyd edir ki, işdə olan və yuxarıda sadalanan kifayət qədər sübtlarla X3 "xxxx" MMC-də işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapır. Həmçinin tərəflər arasında olan yazışmaların məzmunu ilə də onların arasında olan münasibətlərin əmək münasibətləri olması öz təsdiqini tapır. Beləliklə də, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsi tam sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə X9 Xidməti Bakı Ərazi İdarəsində Azərbaycan Respublikasının İXM-nin tələblərinə uyğun qaydada araşdırma aparılmışdır. İş üzrə məsuliyyəti istisna edən və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə görə həmin Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərə min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslərə üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə növündə tənbeh tədbiri təyin edilməklə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və MMC barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20.000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar