Məhkəmə qərarları › İş №3(060)-3976/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3976/2021

29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3976/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X2, Zərərçəkmiş şəxs2 və digər zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 08.0.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, işləməyən, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 29 dekabr 2021-ci il tarixli MN seriyalı ******* №li və 29 dekabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 13.11.2021-ci il tarixdə saat 15 radələrində Kimyaçılar qəsəbəsi “Esmira” şadlıq evinin qarşısında Zərərçəkmiş şəxs2 məxsus “Samsung A12” markalı telefonu və 10 manat pulunu alaraq ona qarşı dələduzluq etmişdir; vətəndaş Şəxs 06.10.2021-ci il tarixdə Kimyaçılar qəsəbəsi ərazisində X4 məxsus “Samsung A 21S” markalı telefonu oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 29 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-3976/2021 və 3(060)-3977/2021 №li işlər bir icraatda 3(060)-3976/2021 nömrə ilə birləşdirilmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X5 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, 13.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində Tehran adlı şəxs ona bildirdi ki, onun “Samsung A12” markalı telefonunun satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Onun bu təklifi ilə razılaşıb ondan telefonu və 10,00 manat pul alaraq oradan uzaqlaşmışdır.Təxminən 2-3 gün sonra Xaçmaz rayonunda tanımadığı bir şəxsə telefonu 100,0 manata satmışdır. Kimyaçılar qəsəbəsi ərazisində sonradan bildiyi Mustafayev Ramala məxsus “Samsung A 21S” markalı telefonu da oğurlayıb Öaçmazda 100 manata tanımadığı şəxsə satmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyə maddi imkanı yoxdur. Çünki o narkotik istifadəçisidir, buna görə də oğurluq edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməllərdən peşman olduğunu və ona yüngül inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, 13.11.2021- ci il tarixdə saat 15 radələrində Kimyaçılar qəsəbəsi “Esmra” şadlıq sarayının qarşısında tanımadığı özünü Elvin kimi təqdim edən şəxsin ona yaxınlaşaraq telefonunun sönülü vəziyyətdə olduğunu bildirərək marketə getmək adı ilə ondan “Samsung A12” markalı mobil telefon və 10 manat pul istəmiş, o Elvinə inanaraq özünə məxsus 380 manat dəyərində olan Samsung A12 markalı mobil telefonu və 10 manat pulu ona vermiş, Elvin telefonu ondan 10 dəqiqəlik zəng etmək məqsədilə alaraq marketə getmiş, təxminən 15 dəqiqə keçdikdən sonra Elvini axtararkən ətrafda görməmiş və onu tapa bilməmişdir. Buna görə də polisə şikayət etmişdir. Hazırda ona vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o Ramalın atasıdır, Ramalın 13 yaşı var. 06.10.2021-ci il tarixdə saat 17 radələrində oğlu Ramal qonşusu Emingilin həyətinə getmişdir. Onların həyətlərində Eminlə söhbət etmiş, söhbət edərkən üzərindəki Samsung A21S markalı mobil telefonu həyətdə olan stolun üzərinə qoymuşdur. Oğlu qonşusu Emingildən evlərinə qayıdarkən telefonunun üzərində olmadığını müəyyən edib Emingilin həyətinə qayıdarkən telefonu stolun üzərində görməmişdir. Başa düşmüşdür ki, telefonu oğurlanıb. Bu barədə polisə şikayət etmişlər. Telefonun oğurlanması nəticəsində ona 430 manat ziyan dəymişdir. Hazırda ona vurulmuş ziyan ödənilmədiyindən Şəxs qanunla müəyyən olunmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan 28.12.2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28.12.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Həbsdə saxlama müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablansın. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və üzərində qəti olaraq 29 (iyirmi doqquz) gün inzibati həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 29 dekabr 2021-ci il tarixdən, saat 16:20-dən hesablansın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Zərər şəkmiş şəxslərə izah olunur ki, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar