Məhkəmə qərarları › İş №3(060)-401/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-401/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-401/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib edən şəxs 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1965-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları ev 31a ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, ev 31a-nın qarşısında nalayiq küçə söyüşləri söyməsi, həmçinin növbətçi hissəyə məxsus patrul maşınında polis bölməsinə gətirilərkən polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda adı çəkilən Polis Bölməsi tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, Xəzər bağları, ev 31a-nın qarşısında hadisə yerinə gedən əməliyyat qrupunun üzvlərinin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərərək patrul maşınına əyləşməmiş, fiziki güc tətbiq olunaraq əyləşdirilmiş bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi, polis mayoru X9 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, X3 ilə 18 ilə yaxın müddətdir ki, qeyrirəsmi ar arvad kimi birlikdə yaşayır. Təxminən 5 aya yaxın müddətdir ki, Həqiqət yaşadıqları evi satmaq istəyir. Onada çıxıb getməsini tələb edir. Həmin evi Həqiqət öz puluna alsa da onun həmin evdə zəhmətinin olduğu üçün buna razı olmur. Bu səbəbdən aralarında tez-tez mübahisələr yaranır. xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə nahar edib spirtli içki qəbul etmişdir. Nahardan etdikdən sonra Həqiqət onu niyə işləməməsini soruşmuş, o isə gündəlik işlədiyini, hazırda isə işinin olmamasını bildirmişdir. Bundan sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o əsəbindən yaşadıqları evdə Həqiqətlə yüksək səslə danışmışdır. Lakin mübahisə əsnasında Həqiqəti ölümlə hədələməmiş, onu hədələyəcək ifadə işlətməmişdir. Bundan bir neçə dəqiqə sonra yaşadıqları evə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlar ona Həqiqətin Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzinə müraciət etdiyini bildirmişlər. Onu alkoqol müayinəsi üçün Sumqayıt şəhər narkoloji dispanserə getməyi və izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmək təklif edilmişdir. Həmin vaxt spirtli içkinin təsiri altında olduğundan əsəbləşib nalayiq sözlər işlətmişdir. O, həmin vaxt içkili olduğu üçün hadisələri tam olaraq xatırlamır. Onun Həqiqət ilə mübahisəsi evin içərəsində olmuşdur. Spirtli içkinin təsiri altında olduğu üçün polis əməkdaşlarına qarşı etdiyi davranışlarından çox utanr. Törətdiyi əməldən çox peşmandır. Hazırda xəstədir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Kənan Hacıyev izahatında göstərdi ki, xidmətdə olduğu müddətdə X2 Azərbaycan Respublikası DİN-in 102 xidməti mərkəzinə müraciəti əsasında əməliyyat qrupunun üzvləri ilə hadisə yerində olan zaman Həqiqət Məmmədovanın qeyrirəsmi münasibətdə olduğu Şəxs ilə söhbət zamanı həmin şəxsdən kəskin spirt qoxusu gəldiyindən sonuncunun alkoqol müayinəsi üçün onlarla birlikdə Sumqayıt şəhər narkoloji dispanserdə alkoqol müayinədən keçməsi üçün, o cümlədən izahatının alınması üçün PBnə dəvət olunmuşdur. Həmin vaxt Şəxs tabesizlik göstərərək PB-ə gəlməyəcəyini bildirmiş, onların ünvanına nalayiq söz-ifadələr işlətməyə başlamışdır. Onlar həmin şəxsi nizamintizama dəvət etsələr də, sonuncu onların sözlərinə məhəl qoymamış, hərəkətlərinə davam etmişdir. Hətta həmin şəxsi avtopatrula əyləşdirib aidiyyəti üzrə PB-nə gətirilən zaman həmin şəxs özünü avtomaşının içərisində qapıya çırpmışdır. Baş nahiyyəsi, o cümlədən bədəni ilə avtopatrulun qapısına, qoruyucu barmaqlığa vuraraq qapını açmağa cəhd göstərmişdir. Həmin şəxs polis bölməsinə gətirdikdən, avtomaşından düşürtdükdən sonra həmin şəxsi sol üz nahiyyəsinə qızartı olmasını müşahidə etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:00-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 15:00-da azad edilmişdir. İş materiallarında olan 12 fevral 2023-cü il tarixli, A/229 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, 12 fevral 2023-cü il, saat 13:40 radələrində aparılan yoxlama zamanı Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilən və məhkəmə istintaqı zamanı tədqiq edilən 01 (bir) ədəd DVD-diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, polis əməkdaşaları tərəfindən Şəxs hüquqazidd hərəkətlərini dayandırmağı tələb edilmiş, lakin sonuncu öz hərəkətlərini davam etdirmiş və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin məcəllənin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və 33.1.7.-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi qiymətləndirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 13 fevral 2023-cü il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər təsdiq edilmir, Həqiqət Məmmədova ilə aralarında məhz ailə münasibətlərilə bağlı mübahisə zəminində yaşadıqları ünvanda münaqişə baş vermiş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər onun Polis bölməsinə aparılması ilə bağlı olmuş, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib ona 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və Şəxs qəti olaraq 14 (on dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 fevral 2023-cü il, saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar