Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-403/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs ASC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatları 2021-ci ildə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunmamışdır. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə2 protokolun düzgün tərtib edilmədiyini, 2016-2021-ci illərlə bağlı həm Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, həm də istintaq orqanları tərəfindən araşdırmaların aparıldığını, təqsiri olan şəxslərin məhkum olunduqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə1 da Nümayəndə2 dediklərini təsdiq edərək iş üzrə icraat xitam verilməsini xahiş etdi. İş materiallarında olan 12.08.2021-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs ASC-də maliyyə ilə bağlı yoxlama aparılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-205/2022 saylı, 28.01.2022-ci il tarixli hökmündən görünür ki, X1 Azərbaycan Respublikası CM-nin 179.4, 213.3, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 179.4, 213.3, 308.2 və 313-cü maddələri üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra 05.11.2021-ci il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. CM-nin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq ona cəza təyin edilməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin inzibati xəta haqqında 28 dekabr 2021-ci il tarixli, MN ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən audit—əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).... Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə görə Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə-vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Müəyyən edildi ki, 28.12.2021-ci il tarixli protokoldaŞəxs ASC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatları 2021-ci ildə auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunmaması qeyd edilsə də, məhkəməyə təqdim edilmiş aktdan və hökmün surətindən görünür ki, 2016-2021-ci illər ərzində yoxlamalar aparılmış və akt tərtib edilmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 21 dekabr 2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-403/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-403/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver