Məhkəmə qərarları › İş №3(060)-403/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-403/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-403/2025 12.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhər Asan Xidmət qarşısında ictimai yerdə səs-küy salmış və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 00:20 radələrində Sumqayıt şəhər 3-cü Polis Bölməsinə DİNnin 102 xidmətinə növbədə olduğu müddətdə gecə saat 1-ə qalmış inzibati ərazidə xidmət aparan post patrul əməkdaşları Sumqayıt şəhər 3-cü Polis Bölməsinin inzibati ərazisi olan Asan xidmətin qarşısında Şəxs adlı vətəndaşı bölməyə gətirmişlər. Bölmədə həmin polis əməkdaşları baş vermiş hadisə ilə bağlı raport yazmışlar, raportda qeyd olunmuşdur ki, eyni zamanda Cabir adlı şəxsin əməli öz izahatı ilə təsdiq olunur. Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildə olan zaman özünə məxsus telefonla tanışı olan xanımla görüşmüş, bundan sonra Sumqayıt şəhər 1 saylı Asan xidmət mərkəzinin yaxınlığında spirtli içki qəbul etmişlər, eyni zamanda Cabirin avtomobilində nasazlıq olmuşdur. Belə ki, avtomobilin mühərrik hissəsində səsboğucusu vardır. Həmin səs gecə saatlarında sakitlik olan zaman daha çox diqqət cəlb etdiyindən həmin ərazidə xidmət aparan əməkdaşlar ona yaxınlaşmış, lakin onlar arasında anlaşılmazlıq yaranmış, anlaşılmazlıq nəticəsində səsküy olmuş, polis əməkdaşları vətəndaşı nizam-intizama dəvət etsələr də tabesizlik yaranmış, buna görə də polis əməkdaşları həmin vətəndaşı aidiyyatı üzrə 3-cü Polis Bölməsinə dəvət etmişlər, polis bölməsində şəxs içkili olduğu üçün Sumqayıt Narkoloji Dispanserdə müayinə olunmuş və həqiqətən müəyyən olunmuşdur ki, şəxs içkilidir. Eyni zamanda şəxsi polis bölməsinə gətirən zaman xidməti avtomobilə də ziyan dəymiş və vətəndaş həmin ziyanı ödəmişdir. Bununla da vətəndaş barəsində tutma haqqında protokol tərtib olunmuş, vəkildən imtina etməsi ilə bağlı ərizəsi alınmış və şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi yarandığından toplanmış material baxılması üçün məhkəməyə gətirilmişdir. O, hadisə yerində olmamış, raport əsasında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə zamanı sərxoş olmuş, anlaşılmazlıq olmuşdur. Belə ki, avtomobilində nasazlıq olmuş, avtomobildə əyləşən zaman mülki geyimli polis əməkdaşı gəlmiş, sağ tərəfdən qapını açmışdır, həmin vaxt avtomobildə başqa şəxs olduğundan əsəbləşmiş, polis əməkdaşları ilə aralarında söz mübahisəsi olmuşdur. Əsəbi olduğundan səs-küy salmışdır. Avtomobilə onun tərəfindən ziyan dəydiyini bildirsələr də o, avtomobilə ziyan vurmamışdır, bu barədə heç nə xatırlamır, lakin avtomobilə dəymiş ziyanı ödəmişdir. Həmin vaxt orada yol patrul xidməti əməkdaşları olmamış, ona yalnız post patrul xidməti əməkdaşları yaxınlaşmışdır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xəta haqqıdna iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-nin kiçik serjantı X7 bildirdi ki, axşam saat 00:20 radələrində 9137 çağırışlı avtopatrulda Sülh Nizami istiqamətində xidmətlərini təşkil edən zaman Sumqayıt şəhər Polis İdarəsindən onlara Asan xidmət mərkəzinin qarşısında səs-küy və toplantı olduğu bildirilmiş və ora yaxınlaşmaqları barədə göstəriş verilmişdir. Oraya yaxlnlaşan zaman yol patrul xidməti ilə vətəndaşın mübahisə etdiklərini görmüşlər. Vətəndaşa yaxınlaşan zaman ondan kəskin spirtli içki iyi gəldiyini hiss etmişdir. Vətəndaş özü avtomobilində nasazlıq olduğunu bildirmişdir. Bundan sonra vətəndaş ünvansız nalayiq küçə söyüşləri söymüşdür, onu dəfələrlə nizam-intizama dəvət etsələr də məhəl qoymayaraq polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Bundan sonra onu avtopatrula dəvət edərək 3-cü Polis Bölməsinə aparmışlar. Bölmədə izahat və raport yazaraq şəxsi təhvil vermişlər. Vətəndaş yol patrul xidməti əməkdaşı ilə mübahisə etmiş, əsəbi olduğundan uca səslə nalayiq ifadələr işlətmişdir, lakin onlara qarşı heç bir problem yaratmamışdır. Həmçinin əsəbi olduğundan onların avtomobilinə zərər yetirmiş, həmin zərəri də tam məbləğdə ödəmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin PPXT-nin kiçik serjantı X4 bildirdi ki, 9137 çağırışlı avtopatrulda Sülh küçəsində gecə növbədə xidmət aparan zaman Sumqayıt şəhər Polis İdarəsindən onlara Asan xidmət mərkəzinin qarşısında səs-küy və toplantı olduğu bildirilmişdir. Onlara oraya yaxınlaşmış və yol patrul xidməti orada olmuşdur. Avtomobildə olan nasazlıqla bağlı vətəndaşı saxlamışlar. Onlar oraya yaxınlaşan zaman artıq ünvansız nalayiq ifadələr işləndiyini eşitmişlər, həmçinin vətəndaşdan kəskin spirtli içki iyi hiss olunmuşdur. Vətəndaşı dəfələrlə nizam-intizama dəvət etsələr də məhəl qoymamış, buna görə də onu avtopatrula əyləşdirmiş, həmin vaxt vətəndaş avtopatrula da zərər yetirmiş, həmin zərəri tam məbləğdə ödəmişdir. Bundan sonra vətəndaşı aidiyyatı üzrə 3-cü Polis Bölməsinə təhvil vermişlər. Vətəndaşı nalayiq ifadələr işlətdiyinə görə polis bölməsinə gətirmişlər. Həmin vaxt ətrafda postacı yoldaşları, yol patrul xidməti əməkdaşları və başqa vətəndaşlar olmuşdur. İş materiallarında olan A/330 saylı, xx.xx.2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vardır. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00-da azad edilmişdir. İş materiallarından görünür ki, Şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 220.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək CM-nin 220.1-ci maddəsi CM-nin 29,220.1-ci maddəsinə tövsif edilmiş, CMnin 62-ci maddəsi tətbiq edilərək 01 il 05 ay 22 gün azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa barəsində CM-nin 128-ci maddəsi ilə Sumqayıt ŞPİ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata CPM-nin 40.3-cü maddəsi ilə xitam verilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyi üçün həmin maddə üzrə icraata xitam verilməli və İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin: - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarından görünür ki, vətəndaş Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşları tərəfindən polis bölməsinə dəvət olunan zaman heç bir maneçilik törətmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs İXM-nin 535.1-ci maddəsinə münasibətdə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmişdir. Qeyd olunan hallar barəsində protokol tərtib edilmiş şəxsin etirafedici ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən hallarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. - 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 12 fevral 2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş, 12 fevral 2025-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən saat 00:30-dan hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X1rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 00:30-dan hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar