Məhkəmə qərarları › İş №3(060)-405/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-405/2023

28.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-405/2023 28.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 04 fevral 2023-cü il tarixli, AP ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də, Şəxs barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 04 fevral 2023-cü il tarixdə Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış, sənədlərini və içkili olub-olmadığını yoxlamışlar. Daha sonra polis əməkdaşı ona Narkoloji mərkəzə getməli olduqlarını bildirmiş, o isə özünə əmin olduğu üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhərində yerləşən Narkoloji Mərkəzə getmişdir. Həmin mərkəzdə sidiyindən analiz vermiş və həkim analizin nəticəsinə əsasən onun sidiyində narkotik maddəyə bənzər qalıqların olduğunu bildirmişdir. O, həkimə etiraz etmiş, yenidən test olunmaq istədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun maşınını cərimə meydançasına aparmışlar. O, həkimlərdən şikayət etmək üçün yenidən Narkolji Mərkəzə qayıtmış, orada ona Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzinə şikayət etməsi tövsiyə olunmuşdur. Bundan sonra o, 05 fevral 2022-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən RNM-ə getmiş, lakin bazar günü olduğu üçün mərkəz işləməmiş, 06 fevral tarixdə yenidən ora getmiş və analiz vermişdir. Analizin nəticəsində onun sidiyindən heç bir narkotik vasitə qalıqları aşkar edilməmişdir. O, hazırda donordur və üç aydan bir könüllü şəkildə qan verir. O, heç bir zaman narkotik vasitələrdən istifadə etməmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYP Şöbəsinin 04 fevral 2023-cü il tarixli, AP ******* saylı saylı protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 04 fevral 2023-cü il tarixli, 687 nömrəli aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:00da müayinə olunmuş və onun alkoqol sərxoşluğu vəziyyətində (0,00%) olmaması müəyyən edilmişdir. Aktda Şəxs sidiyinin ekspres test üsulu ilə yoxlanılması zamanı amfetamin qəbul faktı aşkar edildiyi qeyd edilmişdir. Lakin onda narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir maddələrinin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti olmamışdır. İş materiallarına əlavə olunan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, № 577 saylı “Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələr və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi” haqqında akta əsasən Şəxs sidiyindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi sübuta yetirilməmişdir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hal şahidlərinin inzibati xəta haqqında iş üzrə icraatda iştirak etmələri protokolda qeyd edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Şəxs tibbi müayinədən keçirilərkən onun alkoqol və yaxud narkotik vasitələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyətində olması müəyyən olunmamışdır. Ona görə də, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar