Məhkəmə qərarları › İş №3(060)-409/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-409/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-409/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiya, Tuva MR, Kızıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, Nizami küç, 19 C, məhəllə 6 ünvanında qeydiyyatda olan Sumqayıt şəh, Betonzavod ərazisi, ev 761 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Apellyasiyasıya Məhkəməsinin 2(105)- 3269-2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən icra etməmiş və və hazırda 5000 manat aliment aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269-2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq 25 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. Borclu barəsində bir neçə protokol tərtib edilmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sonuncu dəfə isə borclu barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Şəxs 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəsasını 2024-cü ilin avqust ayında çəkib qurtarmışdır. Bu müddət ərzində Şəxs 5280 manat aliment borcu yaranmışdır. Həmçinin Şəxs müharibə veteranı olması ilə bağlı 80 manat təqaüd aldığı müəyyən edilmişdir. İcra sənədi üzrə həmin təqaüddən 70 faiz tutulmalar edilmiş, hazırda Şəxs 5000 manat aliment borcu vardır. Borclu barəsində hökm çıxdıqdan sonra ödəniş etməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, onun ödəniş edə bilməməsinin səbəbi səhhəti ilə bağlıdır. 01 il 06 ay müddətində cəza çəkməsi ilə bağlı aliment borcunu ödəyə bilməmişdir. Hazırda yeni iş tapmış, növbəti aylardan borcunu ödəyəcəyini bildirmişdir. Hazırda tələbkara heç bir ödəniş edə bilməyəcəyini, aliment borcunu ödəməkdən imtina etmədiyini, növbəti aylardan ödəniş edəcəyini bildirmiş, “Vətən müharibəsi” iştirakçısı olması və səhhətində problemlərin olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, borclu aliment borcu üzrə ödəniş etmir. Borclu yalnız məhkəmə prosesləri olduğu zaman az miqdarda, yəni 280 manat ödəniş etmişdir. O, hazırda yenidən evləndiyini, hamilə olduğunu bildirmiş, icra məmurunun yanına və məhkəməyə getməyə çətinlik çəkir. Borcun ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin “Vətən müharibəsi” iştirakçısı olmasını, səhhətində problemlərin olmasını nəzərə alaraq iş üzrə barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(105)-3269-2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq 25 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(105)-3269-2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(105)-3269-2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs bildirişlə tanış olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Şəxs 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, borclu Şəxs polis əməkdaşları tərəfindən İcra İdarəsinə təhvil verildiyindən onun barəsində axtarış işinə xitam verilməsi ilə xahiş edilmişdir. İş materiallarında olan izahatdan görünür ki, borclu Şəxs heç yerdə işləmədiyindən icra sənədini icra edə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli məktubdan görsənir ki, borclunun ünvanına tələbin könüllü icrası haqqında xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görsənir ki, borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubdan görsənir ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Şəxs barəsində axtarış işi açılmışdır. İş materiallarında olan elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla 80 manat təqaüd alır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3269-2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq, 25 yanvar 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment alınıb iddiaçı X3 verilməlidir. İş üzə 24 yanvar 2020-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu icra sənədi üzrə tələbi yerinə yetirməmiş və onun 5000 manat borcu yaranmışdır. Tələbkar isə şikayət edərək ödəniş təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, icra sənədini icra etməməsi və icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs “Vətən müharibəsi” iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar