Məhkəmə qərarları › İş №3(060)-410/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-410/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-410/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci iltarixli, 3(060)-5698/2022 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci iltarixli, 3(060)-5698/2022 saylı icra sənədi üzrə xx.xx.2023-cü ildə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclu bugünədək 400 manat ödəniş etmişdir. Hal-hazırda borclunun zərərçəkmiş şəxsə 15.537 manat borcu var. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmənin mülahiz\sinə buraxdığını bildirdi. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, icraata başlamaq haqqında qərarın tarixi xx.xx.2023 əvəzinə texniki səhvə yol verilərək xx.xx.2023-cü il kimi göstərilmişdir. Borclunun ölkədən getmək hüququ məhdudlaşdırılması barədə təqdimat verilsə də məhkəmə təqdimatı təmin etməmişdir. Borclu çağırışlara həmişə vaxtlı-vaxtında gəlir. Borcu ödəməməsinin səbəbi kimi isə işsiz və himayəsində xəstə uşağının olmasını göstərir. Borclu dekabr ayında 200, yanvar 200 manat məbləğində borc üzrə ödəniş etmişdir. Bugün isə 2000 manat ödəniş etmiş və bu barədə qəbz mövcuddur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, icra şöbəsinə gedib ardıcıl ödəniş etməyi ilə bağlı ərizə yazmış, daha sonra həyat yoldaşı əməliyyat olunduğu və uşağı epilepsiya xəstəsi olduğu üçün ödəniş edə bilməmişdir. O, dəfələrlə icra sənədi üzrə 2000-3000 məbləğində pul aparıb tələbkara təqdim etmiş, lakin tələbkar borcun tam ödənilməsini tələb etdiyi üçün həmin məbləğii qəbul etməmişdir. Borclunun hesabı onda olmadığı üçün isə ödəniş edə bilməmişdir. Dekabr ayında borclunun hesabı ona verildikdən sonra hər ay 200 manat ödəniş etmişdir. Hazırda isə 2000 manat ödəniş etmişdir. Həmçinin bundan sonra hər ya ödənişlər edəcək. Göstərilən halları nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 bildirmişdir ki, borclu icra sənədi üzrə ödəniş etməkdən qərəzli olaraq yayınmır. O, müəyyən məbləğ ödəmək istəyir, lakin tələbkar qəbul etmir. Hazırda da ödənişlər etməyə hazırdır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə yüngül inzibati tənebh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-5698/2022 saylı icra sənədindən görünür ki, borclu Şəxs 15800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs ünvanlanmış 11 may 2023-cü il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-5698/2022 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi ondan tələb edilmişdir. Qeyd edilən bildirişin üzərində olan qeydlərə əsasən borclu xx.xx.2023-cü il tarixdə bildirişi rəsmi qaydada qəbul etmişdir. Elektron məhkəmə sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində xx.xx.2013-cü il və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı var. İş materiallarında olan qəbzdən görünür ki, 2000 manat hesaba köçürülmüşdür. İcra məmuru vəsait köçürülən hesabın tələbkara aid olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-5698/2022 saylı icra sənədinə əsasən borclu Şəxs 15800 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X3 ödənilməlidir. İş üzrə 04 may 2023-cü ildə məhkəmə tərəfindən icra sənədi verilmiş və icra idarəsində icraata başlama haqqında qərar qəbul edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə tələbin könüllü icraı barədə bildirişi rəsmi qaydada qəbul etmişdir. Lakin, həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi icra sənədini tam icra etməmişdir. Barəsində protokol tərtib edilənə kimi dekabr və yanvar aylarında iki dəfə 200 manat olmaqla ümumilikdə 400 manat, iş məhkəmədə olan zaman isə 2000 manat ödəniş etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədi üzrə tələbi tam icra etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və qismən ödəniş etməsini (2400 manat) məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən işdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını, ağırlaşdırıcı halın isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar