Məhkəmə qərarları › İş №3(060)-416/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-416/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-416/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxs - X8 iştirakları ilə, xx.xx.1993-cü ildə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi işlə məşğul olan, ünvan 1 ünvanında yaşayan və Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-184H ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 227-ci maddəsi ilə 13 fevral 2024-cü il tarixli, MN №li ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə 16-cı mikrorayon ərazisində “Opel” markalı avtomaşın səsgücləndirici, usilitel və 1 ədəd ehtiyat təkəri oğurlamışdır və bununla da İXM-in 227-ci maddəsinin tələblərini pozmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3 protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2024 cu il tarixdə, saat 02 radələrində yaşadığı evə gedən zaman yol kənarında ağ rəngli “Opel vectra” markalı maşını görmüşdür. O, ətrafda heç kimin olmadığını bilərək maşından oğurluq etmək qərarına gəlmişdir. Maşının arxa yük hisəsinin əlilə düyməsini basan zaman yük hisəsi açılmışdır. O maşının arxasında olan ehtiyat təkəri götürüb ilk növbədə aparıb yaxınlıqda yaşadığı üçün evinə qoymuş, sonra təkrar geri qayıtmışdır ki, digər əşyaları oğurlasın. O, geri qayıdıb digər səs gücləndirici və usiliteli götürüb aparıb evinə qoymuşdur. Həmin günü saat 14 radələrində kafe işlədən adını Ramil kimi bildiyi şəxsin yanına oğurladığı həmin əşyaları Ramilə ümumi dəyəri 70 manata satmışdır. Sonra isə Ramil getdikdən sonra həmin pulu şəxsi ehtiyacına xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona dəyən ziyanın ödənildiyini, Şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il saat 19:00-da tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad olunmuşdur. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 39,2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsindəki 13 fevral 2024-cü il tarixli, MN №li ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar