Məhkəmə qərarları › İş №3(060)-417/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-417/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-417/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Yaşıl dərə bağlar massivi, fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13 fevral 2025-ci il tarixli, MN2089248 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati qaydada icraat aparılan şəxsə ödəniş üçün vaxt verildiyindən məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6713/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs yaranmış 4159 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X9 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6713/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Şəxs hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. İcra sənədi İdarəyə daxil olduqdan sonra icra üzrə icraata başlanılmış, borcluya icra sənədi ilə əlaqədar tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş, ona borcunun ödənilməsi üçün vaxt verilmişdir. Daha sonra onun "xxxx" MMC-də işləməsi müəyyən edilmiş və alimentin tutulması borclunun əmək haqqına yönəldilmişdir. 2 ay ərzində aliment əmək haqqından tutulmuş, daha sonra borclunun əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək haqqından tutma mümkün olmamışdır. Borcluya müəyyən xəbərdarlıqlar edilmiş, 2-3 ay aylıq aliment məbləğindən qismən – iki dəfə 300 manat və yanvar ayı üzrə isə 200 manat ödəniş etmişdir. Aliment borcunu tam ödəmədiyindən hazırda 4159 manat məbləğində borcu yaranmışdır. İcra sənədi üzrə bu günkü tarixədək hissə-hissə olmaqla 2882 manat məbləğində aliment ödəmişdir. Son bir ay ərzində dəfələrlə borclu şəxslə əlaqə saxlanılsa da, icra məmurunun qanuni tələblərini yerinə yetirərək İcra İdarəsinə gəlməmiş, bu səbəbdən də barəsində axtarış elan edilmişdir. Bu gün də İcra İdarəsinə polis əməkdaşları tərəfindən gətirilmişdir. Bir həftəyə bütün borcunu ödəyəcəyini bildirsə də, inandırıcı görünmür. Belə ki, şəxsin borcunu ödəmək niyyəti olsa idi, o, icra məmurunun çağırışlarına cavab verərdi. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü təqsirli bilərək, qeyd etmişdir ki, hazırda işləmir, işlədiyi müddətdə 2 ay əmək haqqından aliment tutulmuşdur. Daha sonra isə bir neçə dəfə 300 manat, yanvar ayında isə 200 manat ödəniş etmişdir. Həmçinin, bu gün aliment borcundan 400 manat ödəniş etmişdir. Gələn həftə də 600 manat ödəniş edəcəkdir. Himayəsində xəstə anası var. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu öz valideynlik vəzifəsini yerinə yetirmir, aliment ödənişindən boyun qaçırır. İndiyədək alimnet borcundan hissə-hissə olaraq bir neçə dəfə 300 manat, yanvar ayında 200 manat pul ödəmiş və 2 ay da aliment əmək haqqından tutulmuşdur. Barəsində inzibati qaydada icraat aparılan şəxs hər dəfə alimenti ödəyəcəyinə söz vermiş, lakin, heç bir ödəniş etməmişdir. Uşaqların saxlanılması və təhsil xərclərini özü qarşılayır. O, borcun hissəhissə ödənilməsinə razı olmadığını bildirmişdir. Ödənilmədiyi təqdirdə borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8 aliment borcundan bu gün də ödəniş etməsini nəzərə alaraq onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6713/2023 nömrəli icra sənədindən görünür ki, icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6713/2023 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs bildirişi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-564/2024 nömrəli qərardadına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 6713/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6713/2023 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İş üzə xx.xx.2023-cü ildə icraata başlamaq barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada borcluya təqdim edilmişdir. Lakin, borclu ödənişləri tam etmədiyi üçün onun bu günə kimi 4159 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 14 fevral 2025-ci il tarixdən saat 12:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 fevral 2025-ci il tarixdən saat 12:20dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar