Məhkəmə qərarları › İş №3(060)-419/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-419/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-419/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Protokol tərtib etmiş şəxs X4 iştirakı ilə, xx.xx.1959-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərcothode MMC-də usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X10 Xidmətinin X2 baş əmək müfəttişi X8 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, "xxxx" MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş elektroliz sexi üzrə usta Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində xx.xx.2022-ci il tarixdə fəhlə X1 yüngül zərərvurmaya aid xəsarət almışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş şəxs X8 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o 2022-ci ilin iyun ayından "xxxx" MMC –də usta vəzifəsində işləyir. 2022-ci ilin iyul ayının 21-də gecə saatlarında müəssisədə elektroliz sexinin fəhləsi X7 telefonla danışdığı zaman əli qapının arasında qalaraq yüngül əzilmişdir. İşlədiyi müəssisənin rəhbərliyi qanunvericiliyin tələblərinə müvafiq olaraq aidiyyatı üzrə dövlət orqanlarına müraciət etmişlər. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əmri ilə istehsalatda baş vermiş bədbəxt hadisənin araşdırılması üçün komissiya yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”na müvafiq olaraq təhqiqat aparılmışdır. Komissiyanın üzvlərindən müəssisənin nümayəndələri əməyin mühafizəsi üzrə mühəndis X6 və təsərrüfat və anbar müdiri X9 olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin əmri ilə yaradılmış komissiyanın əsassız aktına müvafiq olaraq onun cavabdehliyi müəyyən olunmuşdur. Lakin həmin aktın qanunvericiliyin tələblərinə uyğun gəlməməsinə dair komissiyanın üzvləri olan müəssisənin nümayəndələri X6 və X9 öz xüusi rəylərini yazılı şəkildə bildirmişlər. Xüsusi rəydən tam aydın olur ki, onun hadisədə heç bir günahı olmamışdır. Bundan başq axəsarət alan elektroliz sexinin fəhləsi X3 izahatlarından da tam aydın olur ki, baş vermiş hadisəyə özünün ehtiyatsızlığı səbəb olmuşdur. 21 iyul 2022-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində təqsirkar şəxs o deyil. Nə də ki, onun üzərinə əməyin mühafizəsi sahəsində hər hansı bir cavabdehlik işəgötürən tərəfindən qoyulmamışdır. Həmçinin inzibati məsuliyyətə cəlbetmə müddəti də üzrsüz səbəbdən buraxılmışdır. Təhqiqat aktı bugünədək nə ona, nə də ki işlədiyi MMC-yə təqdim olunmamışdır. Buna görə də icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan "xxxx" MMC-nin 001/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin Elektroliz sahəsində fəhlə vəzifəsində çalışan X7 iş zamanı xəsarət almışdır. Həmin hadisənin təhqiqatının aparılması üçün yaradılacaq komissiyaya X12 və X5 cəlb olunması təklif edilmişdir. İş materiallarında olan Təhqiqat Aktının rəyindən görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" MMC-nin fəhləsi X3 cavabdehliyini və 4.2-ci bəndinə əsasən "xxxx" MMC-nin ustası Şəxs nəzarətsizliyini müəyyən etmişdir. X3 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına” uyğun oaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" MMCdə uçota alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə buMəcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.3 və 1.4-cü bəndlərindəki müddəaları nəzərə alaraq hesab edir ki, Şəxs istinad edilən inzibati xəta törədilməmişdir. Səlahiyyətli orqan özü araşdıraraq müəyyən etmişdir ki, işçi X7 şəxsi məqsədləri üçün telefonla danışmaq üçün icazə almış, ona icazə verilmiş, X7 telefonla danışmaq üçün sexin qapısını açaraq çölə çıxmış, əlini qapının çərçivəsinə söykəyərək telefonla danışmağa başlamış, bu zaman küləyin təsirindən qapı çırpılmış, S.Səmədovun qolu çərçivə ilə qapının arasında qalmış, nəticədə o sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.3-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. "xxxx" MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş elektroliz sexi üzrə usta Şəxs tərəfindən bu qaydaların pozulmasına yol verilməmişdir. Ustanın pozduğu iddia edilən qayda mücərrəddir, konkret deyildir və yalnız hadisənin iş vaxtı baş verməsi ilə əlaqələndirilir. Şəxs hansısa texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydasını pozması (əməl etməməsi) barədə məhkəməyə sübut təqdim edilməmişdir. X3 xəsarət alması ilə nəticələnmiş hadisə iş vaxtı baş versə də onun xidməti vəzifələrinin yerinə yetirilməsi, istehsalat prosesi zamanı baş verməmişdir. Bu hadisə X3 işlərin yerinə yetirilməsi ilə bağlı hansısa texniki təhlükəsizlik qaydasını pozması nəticəsində yox, şəxsi məqsədləri üçün icazə alıb telefonla danışarkən özünün ehtiyatsızlığı səbəbindən baş vermişdir. Bu təqdim edilmiş materiallarla təsdiq edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 498.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar