Məhkəmə qərarları › İş №3(060)-420/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-420/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-420/2023 14.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis kapitanı Fərid Ağayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Zərərçəkmiş şəxs-X2 iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 nömrəli yataqxananın dəhlizində X1 ayağında təpiklə vuraraq sonucunu döyməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin sahə rəisi polis kapitanı X5 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə, 14 nömrəli yataqxananın dəhlizində X1 ayağından təpiklə vuraraq döydüyünü, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini bildirdi. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə göndərilmiş, bundan sonra Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fərid Ağayev məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 35 ildir ki, həmin yataqxanada yaşayır. Aytəkin Bayramova isə həmin mənzilə yeni köçmüş, onun qonşuluğunda yaşayır. O, ikinci mərtəbədə, Aytəkin isə birinci mərtəbədə yaşayır. O, bu yaxınlarda-dekabr ayının 4-ü tarixində öd kisəsindən əməliyyat olmuşdur. O, əməliyyat olması ilə bağlı sənədləri məhkəməyə gətirməsə də, bildirmək istəyir ki, 5 gün xəstəxanada yatmışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, xx.xx.2022-ci il tarixdə qonşusu Aytəkin təxminən axşam saatlarında evinin qapısını döymüş, onlardan gələn kanalizasiya xəttinin Aytəkinin evindən keçdiyini və kanalizasiyanın qoxusunun ətrafı bürüdyünü bildirmişdir.. X6 bundan sonra bir qonşu kimi kanalizasiya işçilərini çağırmış, kanalizasiya borusunu təmizlətdirmiş və borunu ümumi xətdən ayıraraq yeni xət çəkmişdir. Lakin bundan sonra da Aytəkin gəlmiş, qapını döyərək onu çağırmışdır. O isə Aytəkinə öz iradını bildirmiş və əlavə olaraq da kanalizasiya borusunu dəyişdirdiklərini və onlardan əl çəkməsini söyləmişdir. Onun Aytəkinlə yalnız söz mübahisəsi olmuşdur. O, Aytəkinə heç bir xəsarət yetirməmişdir. Əksinə Aytəkin tez-tez qapılarına gələrək, onları narahat edir. İş materiallarına əlavə olan ekspert rəyinin yalan olduğunu, Aytəkinə toxunmadığını bildirir. O, istəsə belə Aytəkinə xəsarət yetirə bilməz belə ki, o əməliyyatdan yeni çıxmışdır. Onlar arasında söz mübahisəsi olan zaman onun fikrincə ətrafda kimsə olmamış və onların mübahisəsini heç kim görməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 bildirdi ki, xx.xx.2022 ci il tarixdə qonşusu Arifə adlı qadının kanalizasiya borusu onun kanalizasiya borusuna birləşdiyi üçün dəfələrlə xətlərin ayrılması üçün qonşusuna müraciət etmiş, lakin qonşusu Arifə Ağayevə onun sözlərinə məhəl qoymadığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Arifə dəhlizdə ona yaxınlaşaraq üstünə qışqırmış, və onu narahat etməməyini bildirən anda Arifə onun hər iki ayağına təpiklə vurmuş, daha sonra qonşusu Arifə öz hərəkətlərini davam etdirərək, onun üstünə gəlmiş, o qorxduğu üçün geri çəkilib pilləkanın yanında durmuşdur. Bu zaman Arifə onu sinəsindən itələmiş, o, özünü saxlaya bilməyərək yerə yıxılmış və beli dəmirlərə dəymişdir. Daha sonra o, bu bərədə DİN-nin “102” qaynar xəttinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Şəxs şikayətçidir, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Sumqayıt Şəhər Şöbəsindən daxil olmuş 1974 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən aydın olur ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol baldırın, sağ dizin qançırı Qeyd olunan xəsarətlərin küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi, yıxılarkən əmələ gəlməsi inkar olunur. Məhkəmə inzibati xətaya dair materialları, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Ona görə də, Şəxs həmin maddə ilə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmadığını, onunla yalnız söz mübahisəsi olduğunu bildirsə də, məhkəmə bunları özünü müdafiə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirmişdir. Məhkəmə belə nəticəyə gələrkən tərəflərin bir-birlərinə qarşı münasibətini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ziddiyyətli izahatını nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin məcəllənin 38.3.-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar