Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-422/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən qəbul edilmiş EQ 26011225 saylı, xx.xx.2025ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla İlqar Rzayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 20 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan İlqar Rzayev məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs İlqar Rzayev şikayətini onunla əsaslandırmışdır ki, EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 346.1-ci maddəsinə əsasən təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Halbuki avtomobilini saxladığı yerə qədər durmaq qadağandır nişanı arasında 2 yol kəsişməsi var. Sumqayıt avtovağzalının qarşısında Bakı küçəsində olan bu nişan ilk kəsişmədə qüvvəsini itirməsinə baxmayaraq nişan əsas tutularaq cərimə edilmişdir. EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs İlqar Rzayev şikayəti müdafiə edərək bildirdi ki, hadisə Sumqayıt şəhəri, Bakı küçəsində, avtovağzalın qarşısındakı küçədə olmuşdur. O, idarə etdiyi avtomobili “Bazarstore” marketin qarşısında, yol ayrıcından sonra avtomobili saxlamışdır. Həmin yerdə yol nişanı avtovağzalın qarşısındakı dayanacaqdan əvvəl olmuşdur. Buna görə də o, yol ayrıcından çıxanda həmin nişanı orada qətiyyən görə bilməmişdir. Bildirir ki, yol ayrıcından əvvəldə nişan var, lakin yol ayrıcından sonra nişanın təsiri itdiyinə görə həmin nişan yenidən digər yolayrıcında quraşdırılmalı idi. Qayda pozuntusu ilə bağlı sms bildiriş və fotoşəkilləri məhkəməyə təqdim edir. Yol Polisi əməkdaşları ona bildirmişlər ki, o, nəqliyyat vasitəsini yol ayrıcından əvvəldə quraşdırılmış dayanma, durma nişanının tələblərini pozduğuna görə cərimə olunmuşdur. Qeyd etdiklərinə əsasən mübahisələndirdiyi EQ 26011225 saylı, xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini, şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, İlqar Rzayev EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli qərarla İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat məbləğində cərimə olunmuşdur. Təqdim edilmiş fotoşəkilə məhkəmə iclasında baxış keçirilərkən həmin ərazidə durma qadağandır nişanın quraşdırılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli qərarın təsviri hissəsindən görünür ki, İlqar Rzayev xx.xx.2025-ci il tarixdə, saat 12:17-də İXM-nin 346.1-ci maddəsinin tələbini durma qaydalarını pozmuş, bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “X3” Qanunun 52-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfindəyol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin maddənin 6-cı bəndində nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda-yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır: Lakin məhkəmə araşdırması zamanı qərardan şikayət verən şəxs tərəfindən təqdim edilmiş fotoşəkillərə baxış keçirərkən qanunun yuxarıda qeyd edilən normasının hər hansı tələbinin pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmin fotoşəkillərə məhkəmə iclasında baxış zamanı həmin ərazidə avtomobillərə dayanma və durmanı qadan edən hər hansı yol nişanının quraşdırılmadığı və ya nişanlama xətlərinin olmadığı müəyyən edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, İlqar Rzayev barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə olunmasına dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmş EQ 26011225 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-422/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-422/2025
24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver