Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-424/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 3-cü PB-nin, polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Yasamal ray., X3 küç., ev 27 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 12 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Pərvin Allahverdiyev tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, 12 fevral 2024-cü il tarixdə “Toyota Prius” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri ərazisində işıqforun qadağanedici tələbini pozduğu üçün yol polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, nəqliyyat vasitəsindən düşərək yol polis əməkdaşlarına yaxınlaşmış, 2-3 dəqiqə söhbət etdikdən sonra sənədləri qaydasında olmadığından ona nəqliyyat vasitəsinin duracağa aparılacağı bildirilmişdir. Bildirir ki, o, dörd gündür ki, nəqliyyat vasitəsində gecələmiş, bu səbəbdən avtomobilin duracağa aparılmamasını istəməmiş, buna görə də nəqliyyat vasitəsinə əyləşərək oradan uzaqlaşmağa çalışmışdır. Təxminən 10-15 dəqiqə polis əməkdaşlarından qaçmış, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində Ford markalı nəqliyyat vasitəsinə dəyərək dayanmış və onu saxlamışlar. Polis əməkdaşları tərəfindən ona saxla əmri verilsə də dayanmamışdır. O, sonuncu dəfə keçən həftənin sonu narkotik vasitə istifadə etmiş, təxminən 7 ildir ki, istifadə edir. Etdiyi əməldən çox peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis serjantı Şahid bildirdi ki, 12 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri ərazisində xidmətdə olarkən Sülh- Heydər Əliyev küçələrinin kəsişməsində “Toyota Prius” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün işıqforun qadağanedici tələbini pozduğu üçün ona saxla əmri verilmişdir. Sürücü maşında düşərək onlara yaxınlaşmış, söhbət zamanı sürücülük vəsiqəsinin olduğunu, lakin etibarnaməsinin olmadığını bildirmişdir. Bu zaman ona bu şəkildə nəqliyyat vasitəsini idarə etməsinin qadağan olduğunu və avtomobilin duracağa aparılacağını qeyd etmişdir. Sürücü sənədlərinin nəqliyyat vasitəsində olduğunu bildirərək oraya yaxınlaşmış, bu zaman nəqliyyat vasitəsini sürərək hadisə yerindən uzaqlaşmışdır. O, dərhal patrul maşını ilə sürücünü müşahidə etmiş, biraz keçdikdən sonra yenidən saxlamışdır. Bu zaman sürücü nəqliyyat vasitəsinin qapı və şüşələrini bağlamışdır. O, sürücüyü dəfələrlə onların qanuni tələblərinə tabe olmağa çalışmış, lakin sürücü buna məhəl qoymamış, qəfildən öz hərəkətinə davam edərək ziqzaqvari hərəkətlər etmişdir. O, digər patrul əməkdaşlarını da köməyə çağıraraq nəqliyyat vasitəsini müşahidə etmiş, ona saxla əmri versə də dayanmamış, təxminən 10-15 dəqiqədən sonra “Toyota Prius” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhəri, 6-cı mikrorayon X4 Nərimanov küçələrinin kəsişməsində Ford markalı nəqliyyat vasitəsinə dəyərək dayanmışdır. Bundan sonra ərazi aidiyyatı üzrə raportla Sumqayıt ŞPİ-nin 3-cü PB-ə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: 12 fevral 2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis serjantı Şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-ə “Raport”la müraciət etmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 256 nömrəli aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:40-da müayinə olunmuş, ekspress test üsulu ilə müayinə zamanı sürücünün marixuana qəbul etməsi faktı və alkoqol sərxoşluğu vəziyətində olmaması faktı aşkar edilmişdir. 12 fevral 2024-cü il tarixli Şəxs izahatından görünür ki, sonuncu öz əməlini etiraf etmişdir. 02 ədəd DVD diskə baxış keçirilən zaman Şəxs yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Sumqayıt şəhəri ərazisində təxminən 15 dəqiqə öz hərəkətini davam etdirdiyi məlum olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs yol polis əməkdaşları tərəfindən dəfələrlə ona “saxla” əmri verilsə də yerinə yetirməmiş, polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Pərvin Allahverdiyevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 12 fevral 2023-cü il tarixdə, saat 16:00-da tutulmuşdur. İnzibati həbsin əvvəli 12 fevral 2023-cü il tarixdən, saat 16.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər Şəhər 1 Saylı vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 fevral 2024-cü il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Hadisəsinin baş vermə mexanizmini özündə əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-424/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-424/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver