Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-429/2025 17.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Meqaplus Firması”nın nümayəndəsi X1, Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, «Meqaplus Firması” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Nəzarəti Baş İdarəsi tərəfindən «Meqaplus Firması” (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2001-ci il təvəllüdlü X8 iş icazəsi olmadan “Meqaplus Firması”nda inşaat mühəndisi vəzifəsində işə cəlb olunmuşdur. X8 özü də izahatında Meqaplus Firmasında işlədiyini bildirmiş, idarədə olarkən də eyni məzmunlu izahat vermişdir. O, izahatında iş icazəsi olmadan qanunsuz işlədiyindən məlumatı olmadığını qeyd etmişdir. Qeyd edilən hal müəyyən edildikdən sonra X8 barəsində qərar qəbul edilmiş və 400 manat məbləğində inzibati cərimə edilməklə, 5 (beş) il müddətinə ölkə hüdudlarından kənara çıxarılmışdır. İnzibati icraat aparılarkən X8 tərəfindən təqdim edilən Meqaplus firmasında direktor müavini vəzifəsində işləyən İlqar Kərimova məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub ona məlumat versələr də, o, İdarəyə gəlməmiş və etibarnaməsi olmayan Mərahim adlı şəxsi göndərmişdir. Həmin şəxsin də firma ilə heç bir əlaqəsi olmadığından icraatda iştirak edə bilməmişdir. Bundan başqa, X7 “Linkedin” hesabından çıxarılmış məlumatlarda da onun Meqaplus firmasında işlədiyi qeyd edilmişdir. X8 məhkəmə iclasında da faktiki olaraq iki ay müddətində «Meqaplus Firması”nda işlədiyini bildirmişdir. Qeyd edilənlərə əsasən tərtib edilmiş protokol qanunauyğun olduğundan hüquqi şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Meqaplus Firması”nın nümayəndəsi X3 bildirmişdir ki, X8 adlı şəxsi tanımır, həmin şəxs Meqaplus firmasında işləməmiş və ümumiyyətlə, firmada əmək müqaviləsi olmadan işçi işlədilmir. Firmanın özünün inşaat işləri üzrə mütəxəssisi mövcuddur, əgər firmada inşaat mühədisi olmasa onlar digər ölkədən mütəxəssis dəvət edə bilərlər. Həmçinin, bildirmişdir ki, inzibati icraatın aparılmasından hüquqi şəxsin məlumatı olmamış və onlar tərəfindən nümayəndə iştirak etməmişdir. İlqar Kərimovun direktor müavini olduğunu, protokol tərtib edən şəxs tərəfindən təqdim edilmiş ***-***-**-** mobil telefon nömrəsinin İlqar Kərimova məxsus olduğunu bildirmişdir. X7 Meqaplus firmasında işləsə də əmək haqqını ala bilməməsinə münasibətdə qeyd etmişdir ki, əcnəbi şəxs həmin firmada işləmədiyi üçün ona əmək haqqı da verilməmişdir. Bundan başqa, qeyd etmişdir ki, vəzifəli şəxs İlqar Kərimovun səlahiyyətini aşması və ya kimisə tanıması hüquqi şəxsin məsuliyyətinə səbəb ola bilməz. Qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, «Meqaplus Firması”nda direktor müavini işləyir. Şirkətdə işə götürmə qaydası belədir ki, təqdim edilmiş sənədlər qanun çərçivəsində tələblərə uyğun gəlirsə, baş ofisə təqdim olunur. Baş ofis Sumqayıt şəhərində yerləşir. Müvafiq sənədləri qaydasında olmasa, xarici vətəndaşı işə götürmək mümkün olmur. X8 adlı şəxsi şəxsən tanımır. Lakin, bu məsələ barədə məlumatlıdır. Belə ki, ona əcnəbi bir mütəxəssis olduğunu bidirmişlər, o da firmada həmin ixtisas üzrə mütəxəssisin işlədiyini, onlara mütəxəssis lazım olsa müraciət edəcəyini bildirmişdir. O, bu məsələ ilə bağlı Miqrasiya İdarəsinə dəvət olunmuş, lakin sözügedən şəxsi tanımadığı, ona verilən sualların cavablarını bilmədiyi üçün və işləri ilə əlaqədar çağırışa getməmişdir. X8 adlı şəxs «Meqaplus Firması”nda işləmədiyini, işçi kimi qeydiyyata alınmadığını, onun işə götürülməsi ilə bağlı baş idarəyə müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında “whatsapp” tətbiqindən istifadə edilməklə video-görüntü vasitəsilə şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, o, Azərbaycan dilini bilir və başa düşür, tərcüməçiyə ehtiyac yoxdur, hazırda Türkiyə Respublikasının Antalya şəhərində yaşayır. Azərbaycanda iş üçün «Meqaplus Firması”na müraciət edərək sənədlərini təqdim etdiyini, İlqar müəllimin onu işə götürdüyünü, daha sonra isə həmin firmada işlədiyini, 2 ay müddətində işləsə də, əmək haqqı ala bilmədiyini, sonuncu dəfə yanvar ayının sonunda Azərbaycandan çıxarılmazdan əvvəl Meqaplus firmasına işə getdiyini, Türkiyəyə məcburi qayıtdığı üçün əmək haqqını ala bilmədiyini qeyd etmişdir. O, ASAN Xidmətə getdiyini, bütün sənədlərini hazır edib firmaya təqdim etsə də, İlqar müəllim ona bir müddət stajçı kimi işləməsini, daha sonra ona icazə alacaqlarını bildirmişdir. Onun əmək müqaviləsi və iş icazəsi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.2001-ci il təvəllüdlü X7 iş icazəsi olmadan Meqaplus Firmasında inşaat mühəndisi vəzifəsində işə cəlb olunmuşdur. X8 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış izahatda bildirilmişdir ki, o, təxminən 4 aydır ki, Azərbaycanda yaşayır. Onun Azərbaycan vətəndaşı olan yaxın qohumu yoxdur. Təxminən iki aydır ki, ünvan 1 ünvanında yerləşən “X9” şirkətində inşaat mühəndisi vəzifəsində işləyir. İş qrafiki həftənin 6 günü saat 09:00-dan 18:00-a kimi olmuşdur. Aylıq olaraq 1000 manat maaş almışdır. Maaş ona şirkətin rəhbəri deyə bildiyi İlqar bəy tərəfindən verilmişdir. O iş icazəsi almaq üçün şirkətə gərəkli sənədləri vermiş, nə üçün müraciət edilmədiyindən məlumatı yoxdur. Onun iş icazəsi olmadan qanunsuz işləməyindən məlumatı olmayıb. Bir daha iş icazəsi olmadan işləməyəcək”. X2 Kartının surətinə əsasən X8 Türkiyə Cümhuriyyətinin vətəndaşıdır. xx.xx.2025-ci il tarixli qəbzə əsasən X8 tərəfindən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasına görə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2025-ci il tarixli qərarı əsasında 400 manat məbləğində cərimə edilmiş, cərimə ödənilmişdir. İş materiallarına X8 tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə mail vasitəsilə ünvanladığı məktub əlavə edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, “Meqaplus Firması” tərəfindən İXMin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər üçün iş icazəsinin olmasını imperativ norma kimi müəyyən etmiş və həmin şəxslərin iş icazələrininalınmasını onları işə cəlb edən şəxs vasitəsi ilə alınmalı olmasını göstərmişdir. Məhkəmədə isə toplanmış və tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, X8 “Meqaplus Firması”nda inşaat mühəndisi vəzifəsində işləsə də, sonuncunun iş üçün qanuna müvafiq icazəsi olmamışdır. Bu isə işəgötürən, yəni “Meqaplus Firması” tərəfindən qeyd olunan qanunvericiliyin tələblərinin pozulmasını göstərir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, “Meqaplus Firması”nın İXM-in 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 578.1-ci maddəsinə görə işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, “Meqaplus Firması” İXM-in 578.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Meqaplus Firması” (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 15000 (on beş min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-429/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-429/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver