Məhkəmə qərarları › İş №3(060)-430/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-430/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-430/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi AR Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsində məsləhətçi vəzifəsində işləyən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Sumqayıt Bələdiyyə sədri vəzifəsini icra edən Şəxs etibarnamə üzrə nümayəndəsi, həmin bələdiyyəsinin hüquq şöbəsinin müdir müavini X2 iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 549.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi AR Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən vəzifəli şəxs Sumqayıt Bələdiyyə sədri vəzifəsini icra edən Şəxs barəsində İXM-nin 549.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* saylı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən 28 avqust 2024cü il tarixli 15 saylı protokolla qəbul edilmiş inzibati aktlar inzibati nəzarəti həyata keçirən orqana gec göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Sumqayıt Regional Ədliyyə İdarəsinin məsləhətçi vəzifəsində işləyən X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Sumqayıt bələdiyyəsi tərəfindən 28 avqust 2024-cü il tarixdə keçirilmiş iclas protokolu Regional Ədliyyə İdarəsinə nə poçt vaistəsilə, nə də elektron qaydada göndərilməmişdir. Qeyd edir ki, bələdiyyə iclas protokolunu iclasın keçirildiyi gündən ən geci 5 iş günü ərzində inzbati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. Lakin həmin protokol xx.xx.2024-cü il tarixdə tərtib edilsə də, Regional Ədliyyə İdarəsinə xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Belə ki, idarədə aparılan yoxlama ərəfəsində müəyyən edilmişdir ki, bələdiyyə tərəfindən həmin protokol göndərilməmişdir. Bu səbəbdən işçi qaydasında əlaqə saxlanılmış, bu barədə məlumat verilmiş, qarşı tərəf protokolun göndərildiyini bildirsə də bu barədə göndərişi təsdiq edən poçt qəbzini və ya elektron qaydada göndərilməni təsdiq edən hər hansı sənədi təqdim edə bilməmişdir. Odur ki, protokolu müdafafiə edir, qanunamüvafiq qərar qəbul ediməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Bələdiyyəsinin hüquq şöbəsinin müdir müavini Murad Abbasov çıxışında bildirmişdir ki, bələdiyyə tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasın protokolu Regional Ədliyyə İdarəsinə göndərilsə də, hazırda bu barədə hər hansı rəsmi təsdiqləyici sənəd təqdim edə bilmir. Bundan başqa qeyd edir ki, hazırda baxılan iş üzrə inzibati xəta hadisənin baş verdiyi gündən 4 ay müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Odur ki, icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt Bələdiyyəsinin 28 avqust 2024-cü il tarixli 15 saylı protokolundan görünür ki, gündəlikdə duran məsələlər barədə iclas keçirilmiş, iclasın nəticələri üzrə protokol tərtib edilmişdir. Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinə göndərilmiş xx.xx.2025-ci il məktubda 15 saylı protokolun xx.xx.2025-ci il tarixdə İdarəyə daxil olduğu, protokolun göndərilməsinin gecikdirildiyi, bu barədə məktubun daxil olduğu gündən iki iş günü ərzində izahatın verilməsi tələb edildiyi göstərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi təmsil edən şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, Orxan Adıgözəlov barəsində İXM-nin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilən maddə idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşir ki, məhz bu növ inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi bələdiyyənin iclas protokolu xx.xx.2024-cü il tarixdə tərtib edilmiş və 3 iş günü ərzində bu barədə məlumatın inzibati nəzarəti həyata keçirən Ədliyyə orqanına təqdim edilməli olduğunu nəzərə alsaq inzibati xətanın artıq 01 sentyabr 2024cü il tarixdə törədildiyini müəyyən etmək olar. Buna baxmayaraq Sumqayıt Regional Ədliyyə İdarəsi qanunla müəyyən edilmiş 4 aylıq müddəti ötürməklə xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqıda protokol tərtib etmişdir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. Həmçinin İXM-nin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6 və 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 28 mart 2023-cü il tarixli qərar) Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 38, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar