Məhkəmə qərarları › İş №3(060)-432/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-432/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-432/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Niftaliyev Elçin Tahir oğlunun iştirakı ilə, xx xxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan Niftaliyev Elçin Tahir oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 tərəfindən Niftaliyev Elçin Tahir oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Niftaliyev Elçin Tahir oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1958/2024 saylı inzibati qərarının qüvvəyə minməsindən 25 gün müddət keçməsinə baxmayaraq Niftaliyev Elçin Tahir oğlu üzrlü səbəb olmadan 300 manat cəriməni ödəməmişdir. X4 Tahir oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Niftaliyev Elçin Tahir oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1958/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. İcra sənədi üzrə xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Elçin Niftalıiyevə üzərində olan cəriməni könüllü ödəməsi üçün 10 gün vaxt verilmişdir. Borclu xx.xx.2025-ci il tarixdə İdarəyə dəvət olunmuş, ona cərimə məbləğini dövlət büdcəsinə ödəməsi bildirilmiş, o da maddi imkanının olmadığı üçün cərimə məbləğini ödəyə bilmədiyini demişdir. Eyni zamanda borclu üzrlü səbəb olmadan məhkəmənin qanuni qüvvəyə minmiş qərarını qanuni qüvvəyə minməsindən 25 gün keçməsinə baxmayaraq icra etməmiş, ona görə də, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və Niftaliyev Elçin Tahir oğlu barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Niftaliyev Elçin Tahir oğlu izahatında bildirmişdir ki, özünü təqsirli bilir. O, icra sənədindən 15-20 gün bundan əvvəl məlumatı olduğunu bildirmişdir. Belə ki, ailə üzvləri İcra idarəsindən ona məktub gəldiyini bildirmiş, məktubka tanış olduğu günün növbəti günü İcra İdarəsinə gedərək icra məmuru Orxan Bağırovun qəbulunda olmuşdur. Barəsində olan cərimə məbləğini ödəməyə maddi imkanının olmamasını, hazırda işləməməsini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilən suallara cavab olaraq E.Niftaliyev icra sənədi ilə tanış olduğu tarixi dəqiq xatırlamadığını, həmin tarixin xx.xx.2025-ci il olmasını zənn edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Niftaliyev Elçin Tahir oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1958/2024 saylı icra vərəqəsindən görünür ki, Niftaliyev Elçin Tahir oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1958/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Niftaliyev Elçin Tahir oğluna tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Niftaliyev Elçin Tahir oğlu barəsində məcburi gətirilmə tətbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Niftaliyev Elçin Tahir oğlunun izahatından görünür ki, işləməməsi səbəbindən cərimə məbləğini ödəməyə imkanının olmadığını bildirmişdir. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, adına hər hansı daşınar-daşınmaz əmlak yoxdur, həmçinin icra tələbinin yönəldilməsi üçün heç bir gəlir mənbəyi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, icraata başlamaq haqqında qərarın surəti Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, borclu bununla tanış olaraq imzalamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Niftaliyev Elçin Tahir oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(060)-1958/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğdə inzibati cərimə edilmişdir. Qeyd edilən qərar 05 noyabr 2024-cü il tarixdə qüvvəyə minmiş və məhkəmə tərəfindən 05 noyabr 2024-cü il tarixdə müvafiq icra vərəqəsi verilmişdir. İcra vərəqəsi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, xx.xx.2024-cü il tarixli bildirişlə Niftaliyev Elçin Tahir oğluna tələbin könüllü icra edilməsi üçün 10 gün müddət verilmişdir. Lakin, məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan müvafiq cərimə ödənilməmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Niftaliyev Elçin Tahir oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Niftaliyev Elçin Tahir oğlunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Niftaliyev Elçin Tahir oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Niftaliyev Elçin Tahir oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Niftaliyev Elçin Tahir oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Niftaliyev Elçin Tahir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Niftaliyev Elçin Tahir oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar