Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-436/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Elsevər Ələkbərzadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Novxanı qəsəbəsi ərazisində YPX əməkdaşları ona məxsus maşını saxlayarkən ünvansız küçə söyüşləri söyərək ictimaq qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Elsevər Ələkbərzadə tərtib etdiyi protokola uyğun izahat verərək, əlavə olaraq Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Novxanı qəsəbəsi dənizkənarı yolla gedərkən YPX avtomaşını ilə ona dayanmaq göstərişi vermişdir. Maşın ona məxsus olsa da idarə edən qohumu İlkin olmuşdur. Onlar maşını saxlamış, YPX əməkdaşı maşına yaxınlaşaraq özünü təqdim etmiş və avtomaşının işiqlarının zəif halda olduğunu bildirərək irad tutmuşdur. O, maşının ona məxsus olduğunu bildirərək, İlkinin işıqları düzgün qoşmamasını təbii hal kimi qəbul etmələrini xahiş etmişdir. Bu zaman YPX əməkdaşı ona araşdırmaya müdaxilə etməməyi və kənarda sakit qalmağı bildirmişdir. Bu zaman o əsəbləşərək, polis əməkdaşlarına cüzi problemi nə üçün böyütdüklərini, onları sərbəst buraxmalarını bildirmişdir. Həmin an o, içkili olduğundan əsəbləşmiş və ünvansız küçə söyüşləri söymüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq xidməti avtomaşına oturmağa göstəriş vermiş, o avtomaşına əyləşmişdir. Bir neçə dəqiqədən sonra onu Sumqayıt şəhəri 1-ci PB-nə gətirmişlər. Əməlindən peşman olaraq bir necə dəqiqə sonra polis bölməsində YPX əməkdaşlarından üzr istəmişdir. Hadisə baş verən anda ətrafda az sayda insan olmuşdur. Maşının yanında isə heç kəs yox idi. Özünü İXM-nin 510-cu maddəsi ilə təqsirli bilir. Hazırda əməlindən çox peşmandır. Ailəli olmasını, himayəsində azyaşlı övladının olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ DYP şöbəsi yol patrul xidməti baş inspektoru, polis leytenantı Bəhruz Ələmov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 22:40 radələrində Sahil küçəsində xidmətdə olarkən Vaz 2107 markalı **-EB-*** nömrə nişanlı avtomaşının işıq cihazlarında konstruktiv dəyişiklik olduğu üçün tərəfindən saxlanılmışdır. O, özünü sürücüyə təqdim edib, qayda pozuntusunu izah etdikdən sonra sənədləri təqdim etməyi xahiş etmişdir. Bu zaman sürücünün yanında əyləşən sərnişin nəqliyyat vasitəsindən düşərək onun xidməti fəaliyyətini həyata keçirməyə maneə olmuşdur. O, dəfələrlə həmin sərnişinə onların xidməti fəaliyyətlərinə mane olmamağı bildirsə də, sərnişin onlara məhəl qoymamış və ünvansız söyüş söyməyə başlamışdır. O, sərnişinin spirtli içkinin təsiri altında olduğunu görmüş və onu 1-ci PB-ə dəvət etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” üzrə 15 fevral 2023-cü il tarixli, A/244 nömrəli protokoldan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamış, məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İşdəki tutma protokolundan görünür ki, Şəxs 15 fevral 2023-cü il tarixdə, saat 23:50-də tutulmuşdur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 23:50-də tutularaq, xx.xx.2023-cü il tarixə saat 14:00-a dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-436/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-436/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver