Məhkəmə qərarları › İş №3(060)-438/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-438/2022

02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-438/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, qərardan şikayət vermiş şəxs X12 və onun vəkili X2, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN №1118837 saylı 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə baxaraq müəyyən etdi: X12 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 21 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. X12 eyni zamanda vəsatətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mübahisələndirilən qərardan şikayət verilməsi müddətinin üzürlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək mübahisələndirilən qərardan şikayət verilməsi müddəti bərpa edilmişdir. X4 şikayətində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixində Sumqayıt şəhəri 17-ci mkr ərazisində yerləşən “Ən ucuz” marketin arxasında məişət tullantısının müəyyən olunmayan yerə atılması nəticəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında 21 iyun 2021-ci il tarixli, MN ******* saylı qərar tərtib olunaraq 2000 (iki min) manat məbləğində cərimə olunmuşdur. 21 fevral 2021-ci il tarixində “X17 Az-F” MMC şirkəti ilə fərdi sahibkar olaraq fəaliyyət göstərən onun arasında “tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidməti”nin göstərilməsi haqqında EUM-0211 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, podratçı “X17 Az-F” MMC Sumqayıt şəhəri 17-ci mkr ərazisində yerləşən “Ən ucuz” marketin ərazisində yaranan məişət tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətinin göstərilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda 01 mart 2021-ci il tarixində Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi "xxxx" MMC-nin direktoru Atəş Rüstəmov ilə Sumqayıt şəhəri 17-ci mkr, M.Əsədov küçəsində yerləşən “Ən ucuz” marketin ərazisində yaranan məişət tullantılarının daşınması haqqında müqavilə imzalanmışdır. Həmin müqavilələrdən göründüyü kimi, məişət tullantısının daşınması və atılması mənim səlahiyyətim xaricindədir. Bu əsaslardan da, hesab edirəm ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X3 heç bir əsası olmadan tərtib etdiyi İnzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayətə baxılması 28 fevral 2022-ci il tarixə təyin olunmuş, sübutların təqdim olunması ilə bağlı işin baxılması 02 mart 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 və onun vəkili X5 şikayətə uyğun ifadə verərək məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN №1118837 saylı 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi ifadəsində qeyd etdi ki, 23.02.2021-ci il tarixdə saat 13:20 radələrində 17-ci mikrorayon ərazisində yerləşən “Ən Ucuz” marketin arxasında məişət tullantısı müəyyən olunmayan yerə atılması aşkar olunmuşdur. Qeyd olunanlara əsasən X12 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətçini, onun vəkilini və qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşdən görünür ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən tərtib olunmuş 23 fevral 2021-ci il tarixli MN ******* saylı protokol olmuşdur. Həmin protokola əsaslanan 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X7 tərəfindən 21 iyun 2021-ci il tarixdə MN ******* saylı inzibati tənbeh vermə qərarı qəbul edilmişdir. Həmin qərarla X12 İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə olunmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236 - 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Göründüyü kimi Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Tural Kazımovun qeyd edilən inzibati xəta haqqında protokolu tərtib etmək səlahiyyəti olmamış, qanunsuz protokol əsasında da hazırda mübahisələndirilən qanunsuz qərar qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan 21 fevral 2021-ci il tarixli, EUM-0211 saylı tullantıların yığılması, daşınması və zərərləşdirilməsi xidməti barədə müqavilədən görünür ki, sifarişçi X12 və podratçı “X17 AZ-F” MMC ilə aralarında müqavilə bağlanmış, müqavilə 21 fevral 2022-ci il tarixinə qədər qüvvədədir. İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa aid səbəblərdən biri inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat inzibati xəta haqqında protokol tərtib edildikdə başlanılmış hesab edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxılması halında sözü gedən protokol Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsini sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən tərtib olumuşdur. Məhkəmə onu da qeyd edir ki, İXM-nin 100.4-cü maddəsində də qeyd olunmuşdur ki, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsini sahə rəisi, polis kapitanı Tural Kazımov tərəfindən X12 barəsində 23 fevral 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edilmiş, lakin protokol tərtib edilərkən X15 oğluna iştirakı təmin edilməmiş, bundan başqa protokolda barəsində inzibati xəta haqında iş üzrə icraat aparıalan şəxsin imzası qeyd olunmamış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X8 İXM-nin 271-ci maddəsi ilə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli qərarı ləğv edilməli və İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilməlidir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X12 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* №li 21 iyun 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və İXM-nin 53.1.2-ci maddəsinə əsasən icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar