Məhkəmə qərarları › İş №3(060)-44/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-44/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-44/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 8, mənzil 40-da qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında 09.12.2021-ci il tarixli, AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, 09.12.2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, K.Axundov küçəsi ərazisində “BMW” markalı, **-SC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polis əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyi məlum olmuşdur. Eyni zamanda onun narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi barədə şübhə yaranmışdır, lakin Şəxs həkim yoxlamasından imtina etmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında özünü təqsirli bilməyərək bildirdi ki, 09.12.2021-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, K.Axundov küçəsi ərazisində “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol polisi tərəfindən saxlanılmış, o, narkotik vasitə qəbul etməsə də YPX əməkdaşları onu həkim müayinəsinə dəvət etmişlər. O buna etiraz etməmişdir. Evdən yeni çıxdığına görə sidiyindən analiz vermək üçün ona vaxt verilməsini xahiş etmiş, lakin YPX əməkdaşları onların hazırda buna vaxtının olmadığını və sabah ona yoxlamadan keçməsi üçün göstəriş verəcəklərini bildirmişlər. Həmin günü səhər saatlarında o Sumqayıt ŞPİ DYŞP-yə yaxınlaşaraq göstəriş verilməsini xahiş etsə də, orada qəti şəkildə bundan imtina etmişlər və barəsində protokol tərtib etmişlər. Pz etirazını izahatında qeyd etmişdir. Bundan sonra o özü “Unikal” klinikasında tibbi müayinədən keçmiş və onda narkotik vasitənin qəbulu faktı aşkarlanmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmyaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin materiallarına əlavə olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 09 dekabr 2021-ci il tarixli 11056 saylı aktdan görünür ki, 09.12.2021-ci il tarixdə saat 01:05-də Şəxs həkim müayinəsindən imtina etmişdir. İş materiallarında olan Unikal Klinikanın arayışından görünür ki, Şəxs 09.12.2021-ci il tarixdə saat 11:54-də klinikda analiz verimiş, nəticədə onda narkoloji sərxoşluq aşkar edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 26.01.2022-ci il tarixli 156 saylı aktdan görünür ki, Şəxs narkotik vasitənin qəbulu faktı aşkarlanmamışdır. İş materiallarında olan Şəxs Sumqayıt ŞPİ DYŞP-də verdiyi izahatından görünür ki, YPX əməkdaşları tərəfindən Sumqayıt şəhəri, K.Axundov küçəsi ərazisində idarə etdiyi “BMW” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamışlar, narkotik sərxoşluğu ilə bağlı onlarda şübhə yaranmış və onu Narkoloji Mərkəzə analiz vürmək üçün dəvət etmişlər, o, təklifə razılaşaraq Mərkəzə getmiş, lakin orada ona vaxt verilmədiyi üçün sidikdən analiz verə bilməmişdir. Vəkillə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq ilk növbədə qeyd edir ki, Sumqayıt ŞPİ DYŞP-nini əməkdaşları Şəxs idarə etdiyi avtomobili saxlayaraq onu tibbi müayiniyə göndərilməsi və orada vətəndaşın tibbi müayinədən keçməkdən imtina etməsinin rəsmiləşdirilməsi cəmi 35 dəqəqə ərzində olmuşdur. Özlüyündə bu zaman kəsiyi pozuntu olmasa da, inzibati protokolun barəsində tərtib edilmiş şəxsə verilməməsi və ya vətəndaşın həmin protokolla tanış olmaqdan imtina etməsinə dair hər hansı qeyd aparılmaması, sonradan iki həkim arayışında Şəxs sərxoş olmadığı müəyyən edildiyindən, həmin zaman kəsiyində vətəndaşın həqiqətən analiz verməyə fiziki imkanın olmadığı və ona vaxt verilmədiyi qənaətinə gəlmək üçün əsasdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 84-cü maddəsinin 3-cü bəndinə əsasən yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşı xidmətdə olarkən xidməti vəsiqəni, xidməti silahını, şəxsi nömrə ilə döş nişanını, jezli, fiti, xüsusi çantanı (onun içində bu Qanunun mətnini, qələmi, inzibati xətalar haqqında protokolun blanklarını, özündə saxlamaq; 6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə vermək vəzifəsidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar