Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-440/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, st. Sumqayıt qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, icra sənədi xx.xx.2023-cü il tarixdə icra idarəsinə daxil olmuş, borclu bu barədə məlumatlandırılmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq borclu 1960 manat aliment borcunu üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəməyə bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15 sentyabr 2007-ci il təvəllüdlü X2 və 08 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 iyul 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Lakin Şəxs tərəfindən məhkəmə qərarı icra edilmir. Hal-hazırda Şəxs 1960 manat borcu yaranmışdır. Buna görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021)- 2707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15 sentyabr 2007-ci il təvəllüdlü X2 və 08 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 iyul 2022-ci il tarixdən başlayaraq ondan hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Boşanana kimi bir evdə yaşayıb uşağına baxmışdır, üç uşağı var, biri 18 yaşındadır. Ona görə boşandığından utanır və şəhərdən də çıxmışdır. Evdən çıxanda 800 manat pulu olmuşdur, 100 manat da bankın pulunu evdə qoymuşdur. Boşanma səbəbləri sosial imkansızlıq olmuşdur. İcra sənədini 30 yanvar 2023-cü il tarixdə almışdır, ödəməyə imkanı olmamışdır. Hal-hazırda işləmədiyindən ödəniş edə bilmir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, artıq neçə müddətdir ki, ayrı yaşayırlar, Elmir 25 martda xəyanət etdiyi üçün mübahisələri olmuş, evdən çıxıb getmişdir. O Elmiri qovmamışdır, ilk gündən alimenti ödəməli olduğunu bilir. 3 Uşaqdan biri əlildir, heç olmasa 2 uşağın alimnetinim ödənməsini istəyir. Borcun tam ödənilməsini, ya da onun həbs olunmasını tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, icra sənədi üzrə tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsinin üzrsüz səbəbdən olması təsdiq edilmir. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş 15 sentyabr 2007-ci il təvəllüdlü X2 və 08 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 27 iyul 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra sənədi xx.xx.2023-cü ildə icra üçün qəbul edilmiş, xx.xx.2023cü ildə bununla bağlı borcluya bildiriş verilmişdir. Hazırda borclunun 1960 manat borcu var. Borc tam ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. İcra ilə bağlı bildiriş borcluya 30 yanvar 2023-cü il tarixdə təqdim edilmiş, həmin vaxtdan qısa müddət keçmiş, borclunun borcu ödəməsi üçün imkanı olub-olmaması və digər zəruri hallar yoxlanılmadan, icra ilə bağlı digər tədbirlər görülmədən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun üzrsüz səbəbdən icra sənədini icra etməməsi barədə işdə heç bir sübut yoxdur. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Müəyyən edilmişdir ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-2707/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş (30 yanvar 2023-cü il tarixdə məlumatlandırıldığı) icra sənədi üzrə alimenti ödəyə bilməmişdir. Protokolda göstərildiyi kimi, onun üzrsüz səbəbdən icra sənədi üzrə borcunu ödəməməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir, icra işində də belə sübut yoxdur. Ona görə də, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiq edilmir və onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-440/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-440/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver