Məhkəmə qərarları › İş №3(060)-440/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-440/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-440/2024 29.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin AP0220417 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdi. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən 22:30 radələrində Sumqayıt şəhəri, Yeni-Bulvar küçəsində Qubadlı Rayon YPX-nin əməkdaşları onun idarə etdiyi **-TV-*** dövlət qeydiyat nişanı olan avtomobili saxlamış, onun avtoxuliqanlıq etdiyini, buna görə də saxlanılmasına göstəriş verildiyini bildirmişlər. O, heç bir qayda pozmamışdır, ona görə də görüntü göstərilməsini tələb etmişdir. Lakin, buna baxmayaraq onun avtomobilini duracağa aparmışlar. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə şikayət edərək heç bir qayda pozuntusu etmədiyi halda avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparılmasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Qubadlı YPX-nin rəhbərliyi onu dəvət etmiş və şikayətinin səbəbini soruşmuşdur. O da polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə bildirmişdir. Qubadlı Rayon YPX-nin əməkdaşı onların cəzalandırılacağını bildirirərək, ona 102 xidmətinə şikayət etdiyi üçün yüngül protokol yazıb özlərinin ödəyəcəyini demişlər. Daha sonra avtomobilinin duracaqdan buraxılması üçün arayış təqdim etmişlər. xx.xx.2024-cü il tarixdə Asanpay vasitəsi ilə ona 80 manat və 3 cərimə balı barədə mesaj gəlmişdir. O, dərhal Qubadlı Rayon YPX şöbəsinə yaxınlaşıb xəbəri olmadan yazılan protokol haqqında soruşmuşdur. Ona narahat olmamağı, üzürlü saymağı, cərimənin artıq olmasını, yaxın günlərdə ödəniləcəyini bildirmişlər. Lakin, 3 cərimə balının isə ya 1 il gözlənilməli olmasını, ya da məhkəməyə müraciət edib qərarın ləğv edilməsi yolu məsələnin həll olunacağını bildirmişlər. O, polis əməkdaşlarının onu aldatdıqlarını başa düşmüş və inzibati tənbeh vermə haqqında qərarın surətini məhkəməyə təqdim etmək üçün tələb etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi F.C.Həsənov ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin AP0220417 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qubadlı Rayon Polis X6 Polisi Bölməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin AP0220417 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, F.C.Həsənov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7 və 327.2-ci maddələri ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi F.C.Həsənov barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilərək şəxsin cərimə edilməsi qeyd edilsə də, cərimənin məbləği qərarda göstərilməmişdir. Həmçinin bir inzibati tənbeh tətbiq etmə barədə qərarda şəxs iki maddə ilə təqsirli bilinərək barəsində tənbeh tətbiq edilmişdir (İXM-nin 327.2 və 327.7-ci maddələri ilə). Məhkəmə bununla bağlı qeyd edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İXM-nin 327.2-ci maddəsi ilə iddia edilən inzibati xətanı törətmiş olsa belə (svetoforun qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) həmin inzibati xəta ilə, İXMnin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya (Bu Məcəllənin 327.2 - 327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.3-cü maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) bir icraatda baxıla bilməzdi. Belə ki, İXM-nin 327.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta məhz İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə tətbiq edilmiş cərimə balının əvvəlki cərimə balları ilə birlikdə 20-ni keçməsi halında törədilmiş hesab edilir. Bunun üçün isə İXM-nin 327.2-ci maddəsi ilə olan inzibati tənbeh tətbiq etmə barədə qərar ilk öncə qüvvəyə minməlidir. Həmin qərar qüvvəyə minmədən qeyd edilən iki ayrı inzibati xəta haqqında işə eyni icraatda baxılması əsassızdır. Bundan əlavə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü olan inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etərək müvafiq sübutları verməmiş və ya qeyd edilən sübutlar məhkəməyə hər hansı digər formada təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin AP0220417 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Qubadlı Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Qubadlı Rayon Polis X6 Polisi Bölməsinin AP0220417 nömrəli protokol əsasında qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Qubadlı Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar