Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-445/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil ştirakları ilə, xx.xx.1980-cı ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriya nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib olunmuş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9382/2016 saylı, xx.xx.2016-cı il tarixli, 2(060)-4347/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(060)-9277/2015 saylı, xx.xx.2015-ci il, 2(060)-4358/2023 saylı, xx.xx.2023-cü il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 7E-3387 saylı, xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs cəmi 34673 manat borcu qərəzli olaraq ödəməmiş, nəticədə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Natiq Şəfiyev izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21030 manat məbləğində borc tutularaq Rəhim Abasalıyevə, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2900 manat borc tutularaq Kamil Ədilova, xx.xx.2015-ci il icra sənədinə əsasən 18755 manat Zərərçəkmiş şəxs1, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 857,77 manat "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 7E-3387 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 11210 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Qeyd olunan icra sənədləri xx.xx.2025-ci il tarixdə bir icraatda birləşdirilmişdir. Hazırda Şəxs həmin işlər üzrə tələbkarlara ümumilikdə 34673 manat borcu vardır. Aparılmış icra tədbirləri nəticəsində Şəxs Rəhim Abasalıyevə 14000 manat, Kamil Ədilova 2100 manat, Zərərçəkmiş şəxs1 10955 manat, Qurban Abbasova 7160 manat, Bank Respublika” ASC-ə 413,77 manat məbləğində ödənilməmiş borcları qalmışdır. Borclu bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixli qərarına əsasən inzibati qaydada həbs edilmişdir. Qeyd edir ki, borclu icra məmurunun çağırışlarına gəlməmiş, Pİ-də qeydiyyatda olduğu üçün axtarışla İcra İdarəsinə gətirilmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Şəxs qərəzli olaraq məhkəmə qərarının icrasından yayınmışdır. Protokolu müdafiə edir. İnzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özü “Mal bazarı”-da heyvan kəsimilə məşğul olmuşdur. Həmin tələbkarları da bazardan tanımışdır. Belə ki, borclu olduğu şəxslərdən Zərərçəkmiş şəxs1 heyvan götürərək satmışdır. Qeyd edir ki, bəzi şəxslərə pul vermiş, lakin onlar onun borcunu qaytarmadığı üçün özünün borcu yaranmışdır. Rəhim Abasalıyevə olan borcundan 9000 manat ödəniş etdiyini, hazırda 12000 manat borcu olduğunu bildirir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 olan 10000 manat borcundan ödəniş etdiyini bildirir. Bundan əvvəl icra sənədinin icrası tapşıldığı Taleh adlı icra məmuru ona əsas borcu ödəcəyi təqdirdə icra sənədi üzrə borcunu ödədiyi təqdirdə, mənəvi zərərə görə təzminat məbləğini ödəməməsi üçün tələbkarı razı salacağını bildirmişdir. Hazırda həmin icra sənədinə əsasən 3500 manat borcu qaldığını bildirir. Qurban Abbasova olan 7660 manat borcdan 800 manat ödəniş etdiyini, həmin şəxsə 6500 manat borcunun qaldığını qəbul edir. Bundan başqa digər tələbkar Kamil Ədilova olan ödənişlər etmiş, 1100 manat borcu qaldığını bildirir. Lakin ödənişlər barədə qəbz təqdim edə bilmədiyini bildirir. Son dörd aya kimi işləmiş, borclarından hər ay ümumi olaraq 400-500 manat ödəniş etmişdir. Hal-hazırda şəkər xəstəliyindən əziyyət çəkir, bu səbəbdən işləyə bilmədiyi üçün ödəniş edə bilir. Əməlindən peşmandır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs Rəhim Abasalıyev məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2015-ci ildən borclu Şəxs borc verib, lakin indiyədək borcun ödənilməsi tam təmin edilməmişdir. Bu vaxtadək borclu ona 7000 manat pul qaytarmışdır. Bundan əvvəl inzibati qaydada həbs olunduqdan sonra 1000 manat ödəniş etmişdir. Qalıq borcun tam ödənilməsini tələb edir. Şikayətçidir, borclu barədə ciddi inzibati tənbeh tədbiri görülməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında izahatında bildirdi ki, ona ödənilməli olan ümumi məbləğdən borclu Şəxs xeyli güzəşt etmişdir. Sonuncu məhkəmə prosesindən sonra 1000 manat güzəşt etmiş, hətta borcluya əgər pulun yarısını qaytararsa qalan borcdan yenə güzəşt edəcəyini bildirmişdir. Qeyd edir ki, bütün güzəştlərinə baxmayaraq Şəxs vədinə əməl etməmiş, borcunu qaytarmamışdır. Bu işlə əlaqədar Şəxs 1 dəfə cərimə növündə 500 manat inzibati tənbeh tətbiq edilmiş, lakin həmin cəriməni də ödəməmişdir. Hazırda borclunun ona 10955 manat borcu olmasına baxmayaraq o, 955 manatı da güzəşt edir, ödənilməmiş 10000 manat pul tələb edir. Şikayətçidir, borclunun məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında izahatında bildirdi ki, borclunun ona 11210 manat məbləğində borcu olmuş, hissə-hissə ödənişlər etmiş, öncə hətta Şəxs ümumi borcdan 2500 manat güzəşt də etmişdir. Qeyd edir ki, icra məmuru yanında borclu Rəşad ona 500 manat borcun qarşılığında dana verəcəyini vəd etmiş, lakin vədinə əməl etməmişdir. Hər dəfə borclu Şəxs pul ödənişi aldıqca öz adından borcluya ödənişləri qəbul etməsi barədə qəbz təqdi etmişdir. Borclunun ona bu günə kimi ödənilməyən 6500 manat borcu qalmışdır. Şikayətçidir, borclunun məsuliyyətə cəlb olunmağın məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil borclunun mütəmadi olaraq borcundan ödənişlər etdiyini, müəyyən qisim borcunun qaldığını, hazırda işsiz olduğu üçün eyni anda 4 şəxsə borcu ödəməsinin qeyri-mümkün olduğunu hesab edir. Odur ki, borclunun himayəsində azyaşlı uşağının olmasını, şəkər xəstəliyindən əziyyət çəkdiyini, maddi vəziyyətinin ağır olmasını əsas gətirərək qalıq borcun hissə-hissə ödənilməsi üçün məhkəmədən şərait yaradaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9382/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu Şəxs 21030 manat pul tutularaq Rəhim Abasalıyevə ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4347/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 2900 manat borc Şəxs tutularaq Kamil Ədilova ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2015 saylı,xx.xx.2015-ci il icra sənədinə əsasən Şəxs maddi ziyana görə 13.755 manat məbləğində əsas borc, 5000 manat məbləğində mənəviz ziyana görə təzminat Zərərçəkmiş şəxs1 ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-4358/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 823,77 manat pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Şəxs tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 7E-3387 saylı, xx.xx.2018-ci il tarixli icra qeydinə əsasən borclu Şəxs 11210 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Borclu Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuş, qərarın könüllü icrası barədə bildiriş və qərar ona müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2015-ci, xx.xx.2023-cü il tarixlərdə şəxsən təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə qeyd edilən icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul olunmuşdur. Borclu Şəxs xx.xx.2021-ci il tarixli, 3(060)-1927/2021 saylı qərara əsasən 12 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Elektron İcra İnformasiya sistemindən müəyyən edilir ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. AR Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, borclu Şəxs bundan əvvəl barəsində cərimə və inzibati həbs növündə tənbeh verilməsinə baxmayaraq o, yenə də qanunvericiliyin göstərilən tələblərini pozaraq müxtəlif əsassız bəhanələr gətirərək məhkəmə qərarının icrasına məsuliyyətsiz və etinasız yanaşaraq icra sənədlərini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş vaxtda deyil, əksinə daha uzun müddətdə yəni 9 ilə yaxın müddət ərzində icra etməmiş, nəticədə qalıq 34673 manat məbləğində ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Göründüyü kimi icra məmuru tərəfindən borcun ödənilməsi məqsədilə qanunda nəzərdə tutulan yuxarıda sadalanan qanunamüvafiq bütün icra tədbirləri həyata keçirilmiş, lakin məhkəmə qərarının icrasının təmin edilməsi mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). İnsan Hüquqları və X2 X1 5-ci maddəsinə əsasən məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədilə şəxsin qanuni tutulması və ya həbsə alınması hallarında şəxs azadlıqdan məhrum edilə bilər. Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş icra məmurunun, borclunun və zərərçəkmiş şəxslərin izahatları, sənədinə əlavə edilmiş və məhkəmə iclasında əldə edilmiş sənədlərlə tam sübut olunur bu səbəbdən o, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs peşman olmasını onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvələr də inzibati məsuliyyətə cəlb edilməsini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, sonuncu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-445/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-445/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver