Məhkəmə qərarları › İş №3(060)-446/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-446/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-446/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan X1 verdiyi şikayətinə baxaraq müəyyən etdi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinə X1 həmin qərardan verdiyi şikayət daxil olmuşdur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 izahat verərək bildirdi ki, tənbeh edildiyi inzibati xəta Abşeron rayonunda baş vermişdir, qərar qəbul edən səlahiyyətli orqan da Abşeron rayonunda yerləşir, o Sumqayıt şəhəri ərazisində yaşayır, buna görə işə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını istəyir. İşə Abşeron rayon Məhkəməsində baxılması onun üçün əlavə çətinliklər yaratmır. İş materiallarındakı məlumatlara əsasən X1 tənbeh edilməsinə səbəb Abşeron rayonu, Saray qəsəbəsi ərazisində icarəsində olan 0,0428 ha kənd təsərrüfatlı torpaq sahəsində fərdi ev inşa etməklə torpağın münbit qatını korlamasıdır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkməsinin Plenumunun 04 noyabr 2020ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, ehtimal olunan inzibati xətanın Abşeron rayonu ərazisində baş verdiyini, şikayətə Sumqayıt şəhər Məhkəməsində baxılması barədə əsaslandırılmış vəsatət verilmədiyini, məhkəmə iclasında isə şikayət verənin işə Sumqayıt şəhər məhkəməsində baxılmasını yalnız Sumqayıt şəhərində yaşaması ilə izah edərək başqa dəlil göstərə bilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 barəsində olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)- 446/2023 saylı iş aidiyyatı üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar