Məhkəmə qərarları › İş №3(060)-446/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-446/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-446/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1982-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Suqmayıt şəhəri, Kotec qəsəbəsi, ev 23, mənzil 6B/1 ünvanında qeydiyyatda olan və deməsinə görə ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 17 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-715/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)- 715/2023 saylı icra sənədinə əsasən Şəxs 37400,40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Borclu maddi vəzəyyitinin pis olmasını qeyd edərək heç bir ödəniş etməmişdir. Borclunun adına hər hansı əmlak aşkar edilməmiş və ya gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tələbkar ilə onun arasında qeyri-yaşayış sahəsinə dair subicarə müqaviləsi bağlanmışdır. Lakin qeyri-yaşayış sahəsini onun qaynı işlətmişdir. Onun borca aidiyyatı yoxdur. Hazırda isə heç bir ödəniş edə bilmir. Bundan sonra hər ay 500 manat ödəniş edə bilər. Göstərilən halların və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Himayəsində iki azyaşlı uşağı var. Göstərilən halların nəzərə alaraq Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq ediləsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan oğlu Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-715/2023 saylı icra sənədindən görünür ki, Şəxs 37400,40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)- 715/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(119)-715/2023 saylı icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Bildirişin üzərində olan qeydlərdən görünür ki, borclu xx.xx.2024-cü il tarixdə bildirişi rəsmi qaydada qəbul etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(119)-715/2023 saylı icra sənədinə əsasən Şəxs 37400,40 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında bildiriş borcluya rəsmi qaydada verilmişdir. Borclu maddi vəzəyyitinin pis olmasını qeyd edərək heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 17:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 17:20dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar