Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-45/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş EP № ******* saylı, 23 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə tərtib edilmiş qeyd edilən inzibati xəta haqqında protokol aidiyyəti üzrə düzgün göndərilməmişdir. İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, İXM-də nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir. İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür.”. İstinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir. Hazırkı iş üzrə törədilməsi ehtima edilən İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi yer hərəkətin həyata keçrilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli olduğu yer hesab edilir. Bu baxımdan hazırki inzibati xətanın törədildiyi yer hüquqi şəxsin qeydiyyatda olduğu yer hesab olunmalıdır. İş materiallarında olan “Malların çatdırılması və boşaldılması haqqında elektron çıxarışdan” və 24 oktyabr 2024-cü il tarixli Gömrük Bəyənnaməsindən görünür ki, idxalatçı şirkət qismində göstərilən Şəxs MMC-nin (barəsində protokol tərtib edilən) ünvanı kimi ünvan 1a barəsində protokol tərtib edilmiş hüquqi şəxsin direktoru Nümayəndə Gömrük Bəyənnaməsinin tərtib edildiyi ünvan kimi Bakı şəhəri Xətai rayonu 8 Noyabr Pr-ti 25E ünvanının olmasını nəzərə alaraq inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala bu məhkəmədə baxılması üçün heç bir səbəb olmadığından toplanmış material aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunmalıdır ki, məhkəmənin icraatına daxil olan material ilə bağlı məhkəmə aidiyyatı vaxtında, dəqiq və aydın müəyyən edildiyi təqdirdə növbəti mərhələdə işə baxılarkən prosessual müddətlərə ciddi əməl edilməklə işin mahiyyəti üzrə həll edilməsi inzibati məsuliyyət üçün müəyyən olunan müddətlərin də pozulmamasını təmin etmiş olur. İXM-nin 109.1.7-ci maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş EP № ******* saylı, 23 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyətı üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-45/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-45/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver