Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-450/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4, İcra sənədi üzrə tələbkar X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olan, (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5196/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit sabit pul məbləğində aliment və 110 (bir yüz on) manat dövlət rüsumu Şəxs tutularaq iddiaçı X3 ödənilməli olsa da, üzürsüz səbəbdən borclu 2400 ( iki min dörd yüz) manat aliment borcu və 110 (bir yüz on) manat dövlət rüsumu, ümumillikdə 2510 manat pulu ödəməkdən qərəzli yayınmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X7 bildirmişdir ki, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment və 110 (bir yüz on) manat dövlət rüsumu Şəxs tutularaq iddiaçı X3 ödənilməli olsa da, üzürsüz səbəbdən icra etməmişdir. Tələbkar aliment borcunu tələb etdiyini bildirmişdir. Borclu axtarışla icra idarəsinə gətirildiyindən bu gün icraata başlamaq haqqında qərarla tanış edilmişdir. Borclu icra idarəsindən sms bildirişlər göndərilmişdir. Borclunun əmək haqqı vergilər çıxarıldıqda sonra qalan əmək haqqı hazırkı aliment borcunun tam ödənilməsini təmin etmir. Borclu bu müddət ərzində heç bir ödəniş etməmiş, ödəməkdən qərəzli olaraq yayınmışdır. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra məmurunun qeyd etdiyi kimi ona icra sənədi ilə bağlı məlumat verilməmiş, onun özü də yanvar ayından ödəniş etmək lazım olduğunu bilmişdir. Hazırda 2 aya yaxındır işləmədiyini bildirmişdir. Məhkəmə prosesində iştirak etmiş, məhkəmə qərarından məlumatlı olmuşdur. Gün sonunda tələbkara 500 manat ödəniş edə biləcəyini bildirmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında bildirmişdir ki, Borclu bu vaxtadək heç bir ödəniş etməmişdir. Aliment borcu ilə bağlı 2025-ci ilin yanvar ayında icra məmura müraciət etmişdir. Borclu tərəfindən aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində qərəz olmasını təsdiq edən hər hansı sübut yoxdur. Həmçinin, Şəxs onun ünvanına heç bir bildiriş, məktubun gəlmədiyini icra sənədindən məlumatlı olmamasını bildirir. Borclu ödəniş etməkdən imtina etmir. Əlavə olaraq icra məmurunun borclunun əmək haqqısına əmək haqqının az olması səbəbindən yönəltməməsi doğru deyil. İcra məmuru məcburi icra tədbirlərinin görülməsini lazımi qayda da həyata keçirməyərək protokol tərtib etmişdir. Hesab edirəm ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığında inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5196/2024 saylı, xx.xx.2024-cü tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X11 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment Şəxs tutularaq iddiaçı X3 verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5196/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5196/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmiş və borclu bildirişlə tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun icra sənədində göstərilən ünvanda yaşamaması, yaxud ona məxsus yetərli əmlakın olmaması barədə aktdan görünür ki, Şəxs ünvan 1 ünvanında olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli X1 ərizəsindən görünür ki, Şəxs barəsində aliment borcunu ödəməməsi səbəbindən məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. İş materiallarında olan izahatdan görünür ki, borclu Şəxs imkansızlıq səbəbindən icra sənədini icra edə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan sms bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, borclu Şəxs 077 *** ** ** saylı nömrəsinə icra sənədini könüllü ödəməsi ilə bağlı sms göndərilmiş, lakin sms bildirişin statusu müəyyən edilməmiş olaraq qalmışdır. İş materiallarında olan elektron sistemdən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs 14 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də sürücü vəzifəsində çalışdığı, 438 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmır və borcun ödənilməsi ilə bağlı qərəz nümayiş etdirməmişdir. Həmçinin, tələbin borclu tərəfindən ödənilməsi istiqamətində icra məmuru tərəfindən “İcra Haqqında” qanunda nəzərdə tutulmuş bütün mümkün icra tədbirləri həyata keçirilmədən protokol tərtib edilmişdir. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-450/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-450/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver