Məhkəmə qərarları › İş №3(060)-451/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-451/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-451/2024 15.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Xızı rayonu, Giləzi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhəri, X4 qəsəbəsi, Xətai küçəsi, ev 45, mənzil 29 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 15 fevral 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2032 və xx.xx.2022-ci il tarixli 2033 saylı icra qeydləri üzrə Şəxs icra məmrunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2032 nömrəlli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7326 manat 34 qəpik tutulmaldır. Bundan başqa Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2033 nömrəlli icra qeydinə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2643 manat 83 qəpik tutulmalıdır. Lakin borclu icra məmrunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, hərbçi olmuşdur. İİ Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə yaralanandan sonra hərbi xidmətə yararsız olduğu üçün onu hərbidən çıxarmışlar. Əmək qabiliyyəti yoxdur. İş üçün müraciət etsə də onu qəbul etmirlər. Hazırda gəlir yeri yoxdur. Sonuncu iş yerindən 1 ay tamam olmamış işləyə bilmədiyinə görə çıxarılmışdır. Sonuncu dəfə 04 noyabr 2023-cü il tarixdə hərbidən ona əşya pulu kimi verilmiş 1366,73 manat məbləği mobil tətbiq vasitəsi ilə kredit ödənişinə vermişdir. Ailəlidir, himayəsində azyaşlı övladları vardır. Qayınatası və qardaşının köməkliyi ilə ailəsini dolandırır. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2032 nömrəlli icra qeydinə əsasən "xxxx" ASC-nin xeyrinə Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 7326 manat 34 qəpik tutulmaldır. İş materiallarından görünür ki, Siyəzən rayon dövlət notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2033 nömrəlli icra qeydinə əsasən Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2643 manat 83 qəpik tutulmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 8İ-2032 saylı xx.xx.2022-ci il tarixli və 8İ-2033 saylı icra qeydləri Azərbaycan Respublikası İcra Haqqında Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, gizir Şəxs xx.xx.2020 tarixdə xəsarət (yaralanma, travma, kontuziya) Partlayış travması, sifətin sol yarısının, sol yuxarı ətrafın, sağ budun, sağ dirsək oynağı nahiyəsinin çoxsaylı qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə) almış və bununla əlaqədar ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, Şəxs üzvi (partlayış travması) emosional, labil (astemis) pozuntu vardır. İş materiallarından görünür ki, Şəxs “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin mobil tətbiqindən çıxarışdan görünür ki, Şəxs tərəfindən 04 noyabr 2023-cü il tarixdə 1366,73 manat kredit ödənişi edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, borclunun icra qeydləri üzrə ödəniş etməməsinin səbəbi qərəzli şəkildə deyil, onun İİ Qarabağ Müharibəsi dövründə almış olduğu xəsarətlər nəticəsində əmək qabiliyyətinə təsir etdiyi və heç bir gəlir yerinin olmaması səbəbindən olmuşdur. Qeyd olunan hal onun ödənişlər etməkdən imtina etməsi yaxud qərəzli olaraq icra qeydlərini icra etməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Eyni zamanda borclunun ona əşya pulu kimi verilmiş məbləği tam şəkildə kredit ödənişinə sərf etməsi, əlillik dərəcəsi və buna görə müəyyən edilmiş təqaüdü aldıqdan sonra ödəniş etmək istəyi onun icra qeydlərini icra etməsi üçün addım kimi hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar