Məhkəmə qərarları › İş №3(060)-454/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-454/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-454/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini X5 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsinin müdiri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elyas qızının, onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1985-ci ildə Abşeron ray., Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 515.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Dini X5 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 515.0.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan və işdə olan digər sənədlərdən görünür ki, 14 fevral 2024-cü il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 33/6 ünvanında yerləşən “Ariva” tədris mərkəzində uşaqlar üçün Qurani Kərim kursu, quran oxumağın qaydalarının tədris olunmaqla və dini mövzular tədris edilmişdir. Azərbaycan Respublikası Dini X5 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsi (bundan sonra DQİDK SBŞ-si) tərəfindən Şəxs barəsində vəzifəli şəxs qismində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs DQİDK SBŞ-nin müdiri X2 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, 14 fevral 2024-cü il tarixdə DQİDK-nin Sumqayıt Bölgəsi üzrə Şöbəsinin və polis əməkdaşının müraciəti və iştirakı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 33/6 ünvanında yerləşən “Ariva” tədris mərkəzində yoxlama keçirilmişdir. Tədris mərkəzinin otaqlarına baxış keçirilən zaman müqəddəs kitabların öyrənmə kursları, daha doğrusu Qurani-Kərimin öyrədildiyi müəyyən edilmiş, eyni zamanda zaman uşaqların dünyagörüşünün formalaşdırılması üçün istifadə edilən 13 adda 22 ədəd dini təyinatlı kitablar aşkar edilərək götürülmüşdür. Həmin kitabların hansı məqsəd üçün tədris mərkəzində saxlanıldığı soruşulduqda, “Ariva” tədris mərkəzinin direktoru Şəxs kitabların çox hissəsinin şəxsinə aid olduğunu, azyaşlılara həmin kitablardan deyil, Çinarə Köçərlinin kitablarından və eyni zamanda peyğəmbərin həyatından bəhs edən kitablardan tədris olunduğu bildirilmişdir. Bildirir ki, müqəddəs kitabların öyrənmə kursları barədə təlimat var və bu kurslar yalnız Qafqaz Müsəlmanlar İdarəsinin müvafiq icazəsi əsasında və məsciddə qeydiyyatdan keçmiş dini icmalar tərəfindən həyata keçirilə bilər. Lakin “Ariva” tədris mərkəzində dini təhsil keçən şəxslərin (müəllimələrin) dini təhsili, o cümlədən müvafiq icazəsi olmamışdır. Tədris mərkəzində olan 4 və 5-ci sinif şagirdləri də kursda fəaliyyət göstərən Nuranə adlı müəllimənin onlara dini dərslər keçdiyini etiraf etmişlər. Bundan başqa orada Qurani-Kərimin oxunulması üçün təcvid kitablarının olduğu aşkar edilmişdir. “Ariva” tədris mərkəzindən götürülmüş ümumilikdə 22 ədəd dini təyinatlı kitab ekspertizaya göndərilməsi üçün müvafiq icra hakimiyyətinə göndərilmişdir. Qeyd olunanların nəzərə alınmasını vəzifəli şəxs Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Yalçın Abdullayev bildirmişdir ki, protokolda qeyd olunmuş faktı orada tədris alan tələbələr də təsdiq etmiş, tədris mərkəzinin fəaliyyət istiqaməti dünyəvi dərslərin keçirilməsi olmuşdur. Bildirir ki, Peyğəmbərin həyatından bəhs edən kitabların tədrisi dinin təbliği kimi qiymətləndirilməlidir. Qeyd edir ki, sorğu-sual zamanı Xəyalə müəllimə hicablı valideynlərin kursa cəlb edilməsi üçün ərəb dili dərslərinin də keçildirildiyini bildirmişdir. Bundan başqa “ruhani” sözünə qanunvericilikdə xüsusi izah verilməmiş, ümumiyyətlə din ilə məşğul olan insanlar ruhani adlandırıldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, “Ariva” tədris mərkəzinin rəhbəridir. Tədris mərkəzinin Xırdalan və Sumqayıt şəhərlərində olmaqla iki filialı vardır. 14 fevral 2024-cü il tarixdə ona polis əməkdaşı tərəfindən zəng olunaraq Sumqayıt şəhəri, 5-ci mikrorayon, 33/6 ünvanında yerləşən “Ariva” tədris mərkəzinə baxış keçiriləcəyi bildirilmiş, o, da polis əməkdaşlarına heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt o, anasının xəstəliyi ilə əlaqədar xəstəxanada olmuş, sonra kursa gəlmiş, izahat vermişdir. Bildirir ki, tədris mərkəzində Gülnar Şirinova adlı müəllimə ərəb dilini tədris edir. Gülnar müəllimə orta təhsilli olsa da, online qaydada keçrilən kurs vasitəsilə təhsil almış, ərəb dili bilməsi barədə sertifikat əldə etmişdir. Qeyd edir ki, hicablı valideynlər övladlarının ərəb dilinin öyrədilməsi üçün müraciət edirlər bunun müqabilində tədris müəssisəsinə ödənişlər edilir. Onlar da bonus olaraq həmin şagirdlərə təcridi də öyrədirlər. Təcrid-sözünün mənası Quranın düzgün oxunmasıdır. Baxış zamanı kursda aşkar edilmiş 13 adda 22 ədəd dini təyinatlı kitabların çox hissəsi şəxsinə aid olmuşdur. Lakin onda son 24 günün qeydə alındığı videogörüntülər var ki, həmin kitablara heç kim toxunmamışdır. O kitablar yalnız özünə məxsus olmuşdur. Həqiqətən də Quran oxuma giriş, Qurani-Kərimdən hekayələr, Məhəmməd Peyğəmbər uşaqlar üçün kitabları kursda aşkar edilmişdir. Onlar keçən il həyat bilgisi dərsini tədris etdiyi zaman Məhəmməd Peyğəmbərin həyatındən bəhs edən kitablardan dərs keçmiş, lakin hazırda bu kitab tədris edilmir. O, ərəb dilini bilmir, İslamı yeni öyrənir və bu kitabları bu səbəbdən əldə etmişdir. Həmin kitablar Azərbaycan və Rus dillərindədir. Yoxlama zamanı ərəb dilini tədris edən müəllimə orada olmamışdır. Kursda ənənəvi təlim tərbiyə və uşaq ədəbiyyatı ilə bağlı bir çox kitab olsa da yoxlama aparan şəxslər yalnız dini kitabların tapılmasında maraqlı olmuşlar. Uşaqlara isə Çinarə Köçərlinin kitablarından və peyğəmbərin həyatından bəhs edən bir qisim dərslər keçirilir. O, kursda heç bir dini təbliğat aparmamış, heç bir uşağa bu yöndə istiqamət verməmişdir. Qeyd olunanların nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, müdafiəçisi olduğu şəxsin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin heç bir əlaməti, xüsusilə də subyekt tərkib əlaməti yoxdur. Bu inzibati xəta tərkibinin subyekti xüsusidir, yəni ruhanilər və dini qurumların üzvləridir. Müdafiəçisi olduğu şəxs isə nə din xadimi, nə də hər hansı bir dini qurumun üzvüdür. O, fərdi şəkildə sahibkarlıq fəaliyyətini həyata kçirən fiziki şəxsdir və “Avira” Tədris Mərkəzinin təsisçisidir. Müdafiəçisi olduğu şəxs ruhani və dini icma üzvü olmadığı üçün onun barəsində qeyd olunan inzibati orqan tərəfindən belə bir protokol tərtib oluna bilməzdi və o qeyd edilən inzibati xəta üzrə məsuliyyətə cəlb edilə bilməz. Bəhs edilən fakt üzrə X4 ən pis halda vergi orqanı tərəfindən öz fəaliyyət istiqamətinə uyğun fəaliyyətlə məşğul olmadığına görə müvafiq araşdırma aparıla bilərdi. Qeyd edir ki, İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu səbəbdən 3(060)-454/2024 saylı inzibati xəta haqqında iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs- Şəxs istinad edilən əməldə AR İXM-nin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarında verilən suallara cavab olaraq Vəkil bildirmişdir ki, Şəxs fiziki və ya vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi protokolda dəqiq göstərilməmiş, protokolda sonuncunun VÖEN-i olduğu göstərilsə də, onun məhz vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qeyd edilməmişdir. O, hazırkı protokolu Şəxs münasibətdə vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi tərtib olunmuş şəkildə qəbul edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, DQİDK-nin SBŞ-nin məsləhətçi vəzifəsində çalışır, ixtisasca ilahiyyatçıdır. 14 fevral 2024-cü il tarixdə özü də daxil olmaqla protokolda və aktda adları sadalanan şəxslərin iştirakı ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 33/6 ünvanında yerləşən “Ariva” tədris mərkəzinə yaxınlaşmış, mərkəzə baxış keçirmişlər. Tədris mərkəzinə baxış keçirilən zaman 13 adda 22 ədəd dini təyinatlı kitablar aşkar edilmiş və götürülmüşdür. Həmin vaxt həm orada olan uşaqların çantasından həm də tədris mərkəzində olan rəflərdən “Təcvid” kitabı aşkar edilmişdir. Hər hansı bir şəxsə ərəb dilində gündəlik məişət və ya akademik üslubda danışıq üçün təcvidin öyrənilməsinə ehtiyac yoxdur. “Təcvid” yalnız Quranın düzgün avazla oxunması üçün lazımdır. Qeyd edir ki, mərkəzdə dərs alan şagirdlər, Gülnarə müəllimə və mərkəzin müdiri tərəfindən uşaqlara “Təcvidin” öyrədildiyi bildirilmişdir. Bu barədə tərtib edilmiş akt materiala əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1lə eyniməzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 14 fevral 2024-cü il tarixli “akt”-dan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 33/6 ünvanında yerləşən “Ariva” tədris mərkəzində qeyd olunan kitablar aşkar edilmişdir: Quran oxumağa giriş-(9 ədəd) doqquz ədəd; 2. Qurani Kərimdən hekayələr-(2 ədəd) iki ədəd; 3. Məhəmməd Peyğəmbər (uşaqlar üçün)-(l ədəd) bir ədəd; 4. “Müsəlmanların kafirlərlə münasibəti”-müəllif İbn Teymiyyə-(1 ədəd) bir ədəd; 5. “Töhvid və Sirk”- X6-(bir ədəd) bir ədəd; 6. “Müsəlmanın bəyəndikləri” (rus dilində)- Muhəmməd əl- Qəza-(l ədəd) bir ədəd; 7. “Böyük günahlar”-müəllif İmam Zəhəvi-(1 ədəd) bir ədəd.” DQİDK-nin SBŞ-nin 05 mart 2024-cü il tarixli məktubundan görünür ki, qeyd olunan kitablar müvafiq tədbir görülməsi üçün DTX-nin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilən, məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı tədris məkəzində masa arxasında əyləşmiş 2 nəfər şagird onlara tədris məkəzində Quran dərslərinin də keçirildiyi, müəllimələrinin isə Nuranə müəllimə olduğunu bildirirlər. Həmin diskin davamına baxış keçirilən zaman X2 (Y) ilə Şəxs Elyas qızı (X) arasında aşağıdaki məzmunda dialoqun olduğu müəyyən edilir: X-Quran oxumaqdan ötrü dərs keçirik. Y-Ərəb dili ayrıdır, Təcvid ayrıdır Y-Ərəb dilinin danışığında Təcviddən istifadə olunmur. X-Danışıqda yox, Quranın oxunuşunda Təcvid keçirik. Y-Deməli, siz Quranın oxunuşu üçün təcvid keçirsiniz. X-Təcvid dərsi keçirik, bəli, istəyən valideynlər buyurur. X-Təcvid dərsləri keçirilməlidir də, bəs biz başqa cür müştəriləri necə cəlb etməliyik? Y-Aydındır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs VÖEN: ********** nömrə ilə vergi ödəyicisi kimi qeydiyyatdadır, “Ariva” tədris mərkəzinin “nitq və inkişaf mərkəzi” kimi fəaliyyət istiqamətinə malik olduğu qeyd edilmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 515.0.3-cü maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Beləliklə məhkəmə hesab edir, Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edimiş digər sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən, Şəxs İXM-nin 515.0.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir İXM-nin 515.0.3-cü maddəsinə əsasən Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinəfiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun dini təhsil adlanan 6-cı maddəsində deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İİİ hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Vətəndaşlar fərdi qaydada və (və ya) başqaları ilə birlikdə dini öyrənə və dini təhsil ala bilərlər. Dini təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, dini mərkəz (idarə) tərəfindən təsis edilir. Dini mərkəz (idarə) yalnız bir ali dini təhsil müəssisəsi yarada bilər. Dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq tabe olduqları dini mərkəzlərin (idarələrin) razılığı ilə yaradılır və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir. Ali dini təhsil və dini orta ixtisas təhsili müəssisələri “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən lisenziya əsasında fəaliyyət göstərirlər. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquqlardan və güzəştlərdən istifadə edirlər. Bundan başqa Həmin Qanunun 12-ci maddəsinə görə bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. Göründüyü kimi Şəxs rəhbəri olduğu “Ariva” tədris mərkəzi müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan, dünyəvi dərslər keçməklə yanaşı, eyni zamanda dini təhsil müəssisəsi qismində fəaliyyət göstəməklə əsasən azyaşlı uşaqlara ərəb dili tədrisi adı altında “Quran” oxumaq, xüsusilə də “Təcvid” yəni quranın düzgün oxunmasını dərsi tədris edilmişdir. Halbuki Ərəb dilinin öyrənilməsi üçün Təcvidin tədris edilməsinə heç bir zərurət olmamışdır. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs qeyd olunan fəaliyyəti ilə bağlı icazəsi olmamış, mərkəzin fəaliyyət istiqaməti “nitq və inkişaf mərkəzi” kimi vergi orqanında qeydiyyata alınmışdır. Göründüyü kimi Şəxs rəhbər olaraq müəssisənin profilinə aid olmayan fəaliyyətlə məşğul olmuşdur. Bu hallar onun həm məhkəmə iclasında vermiş olduğu qismən etirafedici izahatı və diskə baxış keçirlən zaman protokol tərtib etmiş şəxslə aparmış oduğu dialoqundan o cümlədən ilkin izahatından müəyyən etmək olur. Məhkəmə iclasında müdafiəçi Vəkil İXM-nin 515.0.3-cü maddəsinin dispozasiyasında ruhani və dini qurumların üzvləri ifadəsinin qeyd olunduğunu, Şəxs nə ruhani nə də dini qurum üzvü olmadığını bildirsə də, məhkəmə hesab edir ki, İXM-nin 515.0.3-cü maddəsində qeyd olunan “ruhani” ifadəsi hər hansı xüsusi subyekti deyil, həmin ifadə ümumlikdə “dinlə” məşğul olan insanları özündə ehtiva edir. “Ruhani” adı almaq və ya belə fəaliyyətlə məşğul olmaq üçün hər hansı icazə (lisenziya) alınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan dilinin izahlı lüğətində “ruhani” dedikdə: din xadimi yəni dinlə məşğul olan şəxslərin nəzərdə tutulduğu göstərilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, Şəxs hər hansı xüsusi subyekt deyil, inzibati xəta haqqında protokol tərtib edən şəxs doğru qənaətə gələrək Şeydayevanın dinlə məşğul olduğunu, qanuni əsas olmadan dini dərslərin keçirilməsini təşkil etdiyini nəzərə alıb düzgün protokol tərtib etmişdir. Bundan başqa məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil hazırkı protokolda hüquqlarını müdafiə etdiyi şəxsin məhz hansı qisimdə yəni fiziki və ya vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsinin qeyd olunmadığını, bu səbəbdən hazırkı protokolu fiziki şəxs barəsində tərtib edilmiş protokol kimi qəbul etdiyini bildirsə də, məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolda Şəxs vergi ödəyəcisi kimi qeydiyyatda olması (VÖEN: **********) qeyd olunmuş, əlavə edilmiş aktda “Ariva” tədris mərkəzinin rəhbəri olduğu göstərilmiş, sonuncu izahatında həmin tədris mərəkəzinin direktoru olduğunu bildirmişdir. İXM-nin 17-ci maddəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs hesab edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vergi ödəyəcisi kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan və bu hal bilavasitə protokolda qeyd edildiyindən, protokolu tərtib etmiş orqanın nümayəndəsinin “VÖEN”-in qeyd edilməsi ilə kifayətlənməsini məhkəmə qəbul edilən hesab edir. “VÖEN” –in qeyd edilməsi ilə protokol tərtib edən şəxs Şəxs barəsində tərtib edilən protokolun məhz vəzifəli şəxs qismində tərtib edildiyi göstərmişdir. İXM-nin 3-cü madddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlini yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dini X5 Dövlət Komitəsinin Sumqayıt Bölgəsi üzrə Şöbəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləlikdə məhkəmə hesab edir ki, Şəxs vəzifəli şəxs qismində Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması ilə bağlı uşaqlar və gənclər üçün xüsusi yığıncaqlar keçirməklə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəkləri və qrupları təşkil etmiş nəticədə İXM-nin 515.03-cü maddəsi ilə nəzərdə tutulmiş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq ona məhz vəzifəli şəxs kimi minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 7000 (yeddi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar