Məhkəmə qərarları › İş №3(060)-456/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-456/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-456/2024 07.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, ******* nömrəli qərarın və hesablanmış 2500 manat məbləğində cərimənin ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xətalar haqqında xx.xx.2024-cü il tarixli, MN1765247 saylı protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi rəhbər tutulmaqla 2500 manat cərimə olunmasıı barədə 02 fevral 2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Qərar rəsmi olaraq 12 fevral 2024-cü il tarixdə ona təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri sahil xəttindən Xəzər dənizinə axarlardan "xxxx" MMC tərəfindən su nümunələri götürülmüşdür. Analizlərin nəticələrinə görə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” idarəsinə məxsus TQS-nin çıxış xətti istiqamətində zərərli maddələrin normadan artıq olması göstərilmişdir. Buna səbəb isə TQS-nin çıxış xətti istiqamətində “Acı dərə” çayının təmizlənmədən dənizə axıdılması və sahilboyu yayılmasıdır. Bundan başqa TQS-i yerləşdiyi ərazidən H.Z.Tağıyev qəsəbəsi boyunca “Sumqayıt Çay”-da daxil olmaqla bütün çirkab sular iri diametrli borularla təmizlənmədən dənizə axıdılır. Sumqayıt Sənaye şəhərciyinin suları da eynilə “Sumqayıt Çay”-a axıdılır. TQS-nə qəbul olunan sular isə təmizlənərək çıxış borusu ilə 1150 metr dənizin içərisinə doğru ötürülür. Xəzər akvatoriyasına Sumqayıt Şəhəri ərazisindən axıdılan suların yığılması, təmizlənməsi və təkrar istifadəyə verilməsi məqsədi ilə 2024-cü ilin yanvar ayından Azərbaycan Respublikası Dövlət X5 tərəfindən layihə işlərinə start verilmişdir. Bu işlərin aparılması Azərbaycan Respublikası FHN-nin “Azkommunallayihə” institutuna həvalə olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 131.1ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında qərardan şikayətə baxılması xx.xx.2024-cü il tarixə təyin olunmuşdur. Məhkəmədə qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətinə uyğun izahat verərək bildirdi ki, o, "xxxx" ACS-yə məxsus Sumqayıt şəhərində yerləşən “Təmizləyici qurğular sexi”nin (bundan sonra - TQS) sex rəisidir. Həmin TQS-dən təmizlənmiş su təxminən bir kilometrlik boru ilə dənizə axıdılır. Boru bir kilometrə qədər dənizin içərisinə daxil olur. Sahildən nümunəsi götürülən su qurğuya aid deyildir. Sahilboyu əraziyə Acıdərə kanalı axır ki, həmin kanala müxtəlif qeyri-yaşayış obyektləri tərəfindən çirkab suları axıdılır. Həmin kanal qurğunun yerləşdiyi sahilboyu ərazidə dənizə açılır. Belə olan halda həmin kanalın gətirdiyi çirkab sularına görə o, cavabdehlik daşıya bilməz. Eyni zamanda TQS-ə məxsus bir ədəd aerotenk təmirə dayanmışdır. Bu da müəyyən qədər suyun təmizlənməsində çətinlik yarada bilər. Hətta TQS-dən axıdılan suda natəmizlik olmuş olsa da, o, bunun üçün cavabdehlik daşıyan şəxs deyildir. Belə ki, bunun üçün "xxxx" ASC cavabdehlik daşımalıdır. O, vəzifəli şəxs deyildir. Qeyd edilənlərə əsasən X3 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin (bundan sonra – İdarə) nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə İdarənin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İdarənin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin X7 Monitorinq idarəsi tərəfindən TQS-in dənizə çıxış hissəsindən götürülmüş su nümunələrində çirkliliyin normadan artıq olması müəyyən edilmişdir. Bu səbəbdən X2 izahatı alınmış və o, öz izahatında bunun aerotenk qurğusunun təmirə dayanması səbəbindən baş verdiyini etiraf etmişdir. Laboratoriya analizinin də nəticələri qeyd edilən halı təsdiq edir. Qeyd edilənlərə əsasən nümayəndə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbehvermə haqqında qərarına əsasən Sumqayıt Su kanal İdarəsinin Təmizləyici Qurğusundan dənizə çıxışdan götürülmüş su nümunəsindən zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş xəta törədilmiş, o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunmuşdur. "xxxx" MMC tərəfindən Sumqayıt şəhəri sahil xəttindən Xəzər dənizinin axarlarından "xxxx" MMC-yə gətirilmiş su nümunələri üzərində aparılan analizlərin nəticəsinə dair laboratoriya rəyindən görünür ki, Sumqayıt STQ-nin çıxışından götürülmüş su nümunələrinin tərkibi “zəhərli” olaraq qeyd edilmişdir. İlkin araşdırma zamanı izahatı alınmış X3 öz izahatında TQS-in dənizə çıxışından götürülmüş su nümunələrinin tərkibində zərərli maddələrin mövcudluğunu TQS-ə aid bir ədəd aerotenkin təmirə dayanması ilə izah etmişdir. Qeyd edilən faktlar İdarənin əməkdaşları tərəfindən tərtib edilmiş və X3 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli aktda da öz əksini tapmışdır. “Ətraf mühitin mühafizəsi” haqqında Azərbaycan Resublikası Qanununa əsasən müəssisələrin, qurğuların və istehsal obyektlərinin yerləşdirildiyi ərazilər ətraf mühitin mühafizəsi, təbii resursların səmərəli istifadə və bərpa şərtləri, qaydaları gözlənilməklə göstərilən obyektlərin fəaliyyətinin ekoloji aqibəti nəzərə alınaraq müəyyən edilir. Müəssisələr, qurğular və başqa istehsal obyektləri yerləşdirildikdə, sanitariya-mühafizə və digər mühafizə zonaları müəyyən edilir (37). Müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir (41). “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5– 266.13, 269, 271, 273, 274, 275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı 11 oktyabr 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın ləğvinə əsas verə biləcək sübut növləri şikayətçi X3 tərəfindən məhkəməyə təqdim olunmamışdır. İXM-də göstərilmişdir ki, 233.1. Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. X2 yol törədilmiş inzibati xətaya görə məsuliyyət daşımalı olmaması ilə bağlı dəlilinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. İXM-in 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Göründüyü kimi X3 TQS-in rəisi olmaqla həmin sexin fəaliyyəti ilə bağlı məsul olan şəxsdir. Belə olduğu halda həmin sexdən dənizə axıdılmış suyun çirkli olması ilə bağlı məsuliyyətin onun üzərinə qoyulması istisna edilmir. Beləliklə də inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X2 İXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi qanuni və əsaslıdır, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin MN ******* saylı, 02 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar