Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-457/2024 16.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 16 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında səs-küy salaraq polisin iş rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Əfsun adlı qadın itkin düşmüş, həmin qadının Şəxsla münasibəti olmuşdur. Buna görə də Şəxs əməliyyatçı M.Əsgərov tərəfindən bölməyə çağırılmış və izahatı alınmışdır. O, yenidən xx.xx.2024-cü il tarixdə bölməyə çağırılmışdır. Şəxs bölmədə olan vaxt artıq Əfsun adlı xanım tapılmış və bölməyə məlumat verilmişdir ki, həmin şəxsi gətirirlər. Lakin, Şəxs bölməyə təkrar çağırılmasına narazılıq edərək əməliyyatçının xidməti otağında səs-küy salmışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Əfsun adlı xanımla Sumqayıt şəhəri, 16-ci mikrorayonda qonşu olmuşlar. Daha sonra xanım itkin düşmüş, buna görə də Sumqayıt ŞPİ 1-ci PB-nin əməliyyatçısı M.Əsgərov zəng edərək onu bölməyə dəvət etmişdir. O, bölmədə izahatı alınmış və sərbəst buraxılmışdır. Həmçinin Əfsun adlı qadına aldığı telefon nömrəsini çıxararaq təqdim etməsini bildirmişlər. O da nömrənin dublikatını çıxarmış və əməliyyat müvəkkili X2 zəng vurmuşdur. Lakin, Mikayıl Əsgərov telefonu götürməmişdir. xx.xx.2024-cü il tarixdə əməliyyatçı yenə ona zəng edərək bölməyə dəvət etmiş ki, beş dəqiqəlik bölməyə gəlibgetsin. O, təxmini saat 16-17 radələrində bölməyə getmiş və xidməti otaqda həmin qadını görmüşdür. Bölmədə heç bir səs-küy salmamışdır, əməliyyatçı heç bir səbəb olmadan qadın tapıldığı halda onu yenidən bölməyə çağırmış, bölmədə isə yenə heç bir səbəb olmadan onu saxlamışlar. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin CAŞ üzrə əməliyyat müvəkkili X4 izahatında bildirmişdir ki, Əfsun adlı xanımın itkin düşməsi ilə bağlı mlumat daxil olmuş və axtarış işi açılmışdır. Xanımın ailə üzvləri ona Şəxs Əfsunu tanıdığını, xanıma telefon aldığını bildirmişlər. O, Şəxs çağırmış, izahatını alınmışdır. Şəxs Əfsunu tanıdığını, sonuncuya həm nömrə, həm də telefon aldığını bildirmişdir. O da axtaış işi ilə bağlı Şəxs nömrəni çıxardıb gətirməsini bildirmiş, Şəxs razılaşmış, lakin gətirməmişdir. O, məcbur olub yenidən Şəxs xx.xx.2024-cü ildə yenidən çağırmışdır. Şəxs bölməyə gələrək onun xidməti otağında səs-küy salaraq Bölmənin iş rejimini pozmuşdur. Bundan əlavə X4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Şəxs saat təxmini 12 radələrində bölməyə dəvət etmiş, həmin vaxt Əfsun adlı qadın hələ tapılmamışdır. Əfsun adlı qadın Şəxs bölmədə səs-küy salaraq iş rejimini pozduqdan sonra tapılmışdır. Əfsunun tapılması saat təxmini 13-14 arasında olmuş, ən geci saat 14 radələrinə qədər Əfsun tapılaraq bölməyə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin CAŞ üzrə əməliyyat müvəkkili X4 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə itgin düşən şəxs xx.xx.1992-ci il təvəllüdlü X5 barəsində xx.xx.2024-cü il tarixdə 735501 nömrəli axtarış işi açılmış şəxsin yerini məlum edib tapılması məqsədilə əvvəllər əlaqəsi olduğu xx.xx.1982-ci il təvəllüdü, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs istifadəsində olduğu ***-***-**-** mobil nömrəsinə zəng vuraraq özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-ə dəvət etmişdir. Şəxs PB-nin xidməti otağıma gələrək ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq küçə söyüşləri işlədərək bölmənini iş rejimini pozmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin məsul növbətçisi Əli Məmmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:50 radələrində X1 itkin düşməsi faktı ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət edilmiş Şəxs bölmənin əməliyyat müvəkkili Mikayıl Əsgərovun xidməti otağında ucadan səs-küy salaraq bölmənin iş rejimini pozmuşdur. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə proses iştitakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, məhkəmə iclasında araşdırılmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi sübuta yetirilməmişdir. Belə ki, protokol tərtib etmiş orqanın iş üzrə sübutları X9un izahatı və iş materiallarına əlavə edilmiş raportlardan ibarətdir. Həmin sübutlar arasında isə ziddiyyətlər olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş raporta əsasən Şəxs xx.xx.2024-cü ildə saat 16:50 radələrində bölməyə gələrək səs-küy salaraq bölmənin iş rejimini pozması qeyd edilmişdir. X9 isə məhkəmə iclasında izahatında Şəxs xx.xx.2024-cü ildə təxmini saat 12:00 radələrində bölməyə dəvət edildiyini, həmin vaxt səs-küy salaraq bölmənin iş rejimini pozması qeyd edilmişdir. Şahid həmçinin bildirmişdir ki, Əfsunun tapılması saat təxmini 13-14 arasında olmuş, ən geci saat 14 radələrinə qədər Əfsun tapılaraq bölməyə gətirilmişdir. Barəsində icraat aparılan şəxs isə izahatında polis bölməsinə saat təxmini 16-17 radələrində getdiyini, həmin vaxt Əfsun adlı qadının tapıldığını, əsassız səbəbdən bölməyə dəvət edildiyini, heç bir səs-küy salmadığını və heç bir səbəb olmadan saxlanılaraq barəsində protokol tərtib edildiyini bildirmişdir. Göründüyü kimi protokol tərtib etmiş şəxsin məhkəməyə təqdim etdiyi sübutların özündə iddia edilən inzibati xətanın törədilməsi vaxtı ilə bağlı ziddiyyətli məqamlar yaranmışdır. Qeyd edilən ziddiyyətli sübutlardan əlavə məhkəməyə hər hansı əlavə sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə heç bir inzibati xətaya yol vermədiyini bildirmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, təqdim edilmiş sübutların məcmusu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad edilən inzibati xətanı törətməsi qənaətinə gəlinməsi üçün kifayət etmir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilməməsi səbəbindən xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 40, 43, 48-51, 53.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onunun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-457/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-457/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver