Məhkəmə qərarları › İş №3(060)-469/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-469/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-469/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X1 Surə Tanrıverdi qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X8 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 döyərək xəsarət yetirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2024-cü il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən müvafiq protokol tərtib edilmişdir. Barəsində icraat aparıln şəxs Şəxs ilə zərərçəkmiş şəxs X6 arasında barışıq olmasını və dəymiş ziyanı ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə övladı xəstə olduğu üçün Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1 saylı xəstəxanaya getmiş və xəstəxanada həkimin otağının qarşısında olan sonradan adını bildiyi Könül Quliyeva ondan növbə götürüb-götümədiyini soruşmuşdur. O, Könül Quliyevaya övladını həkimə gətirdiyini və azyaşlı uşaqlar üçün növbə lazım olmadığını bildirmişdir. Bu zaman Könül Quliyeva ona növbəsiz içəri keçməyə imkan verməyəcəyini demişdir. Daha sonra Könül Quliyevaya ona qarşı nalayiq ifadə işlətmiş, buna görə də o, bu barədə anasına və qardaşına məlumat vermişdir. Onlar gəldikdən sonra onlarla birlikdə xəstəxanadan çıxıb getmişdir. Könül Quliyeva onların arxasınca gəlmiş və onları telefonla videoya çəkməyə başladığını görmüşdür. O, Könül Quliyevaya aralarında yaranmış mübahisə zamanı dizi və əli ilə vurmuş, daha sonra anasını təhqir etdiyi üçün yenidən bir dəfə də əli ilə zərbə endirdiyini bildirmişdir. Lakin, hazırda barışmışlar, Könül Quliyevaya dəymiş zərəri ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən 1 saylı xəstəxanaya getmişdir. Orada növbə gözləmiş, bu zaman sonradan adını bildiyi Şəxs növbə götürmədən qapının qarşısında daynamışdır. O, Şəxs növbəsiz içəri girməyin mümkün olmadığını və növbə götürməsini istəmişdir. Sonuncu isə növbəsiz içəri girəcəyini bildirmişdir. Şəxs onun üzərinə gələrək onu vurmaq istəmişdir. Daha sonra Şəxs kiməsə zəng etdib poliklinikaya çağırmışdır. Bir az sonra bir oğlan ona yaxınlaşmış və onu hədələmişdir. O, onların dalınca getmiş və nə üçün onu hədələməyinin səbəbini soruşmaq istəmiş. Bu zaman Şəxs və bir qadın onun üzərinə gəlmişlər. Daha sonra Şəxs onu itələmiş və o, ağaca dəymişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, sonuncuya qarşı hər hansı şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X4 döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1773 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 bədəni üzərində sol bazu-çiyin oynağı nahiyyənin qançırı xəsarəti aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Lakin, iş üzrə icraata xitam verilməsi və Şəxs məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini və sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmamasını bildirmiş, ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar