Məhkəmə qərarları › İş №3(060)-470/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-470/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-470/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5895/2023 nömrəli icra sənədi üzrə 600 manat borcu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 5895/2023 nömrəli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanmışdır. Şəxs 609 manat borcu var. Həmin borcdan cəmi 9 manat pul ödəyib. Tələbkar bütöv məbləği tələb edir. Barəsində inzibati qaydad icraat aparılan şəxsin alimentin ödənilməsinə dair icra sənədi də mövcuddur. Ödədiyi məbləğlər alimentə aid icra sənədinə əsasən aliment borcundan silinir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, əvvəl işsiz olduğundan borcunu ödəyə bilməmişdir. O, hazırda borcundan heç cür ödəniş edə bilməyəcəyini, 600 manat məbləğində əmək haqqı aldığını, ayda 220 manat məbləğində aliment ödədiyini, borcunu tam həcmdə ödəmək imkanı olmadığını bildirmişdir. Yeni işə düzəlməsini, borcundan hissə-hissə ödəniş edə biləcəyini qeyd etmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 bildirmişdir ki, qalan borc məbləğini tam şəkildə tələb edir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5895/2023-007 nömrəli icra sənədinə əsasən cavabdeh 1 ədəd yataq mebel dəsti (çarpayı, termo, 2 tumba, dolab) Malayziya istehsalı- 10000 manat, yataq mebeli (2 çarpayı və dolab)-1500 manat, 1 tək çarpayı-350 manat, ütü stolu -100 manat, çilçıraq-400 manat, 2 ədəd şamdan-80 manat, 3 ədəd (1 böyük və 2 balaca) xalça-1500 manat, 1 yataq dəsti (işlənməmiş)-300 manat, 2 ədəd pərdələr 700 manat, 4 sadə yataq dəsti-200 manat, 4 ədəd dəsmal dəsti-100 manat, 3 ədəd süfrə-200 manat, yorğan, döşək, balışlar (4 dəst)- 800 manat, 2 taxt matrası- 300 manat, 1 tək matras-100 manat, 1 ədəd qaz peçi-180 manat, 1 ədəd aspirator-150 manat, 1 ədəd soyuducu-2000 manat, 1 ədəd paltaryuyan- 800 manat, 1 ədəd kombayn mikser-400 manat, 1 ədəd blender (fakir)-180 manat, 1 ədəd ütü-150 manat, 1 ədəd ətçəkən-80 manat, 1 ədəd tozsoran-180 manat, kombi aparatı (radiatorları ilə)-2000 manat, 1 ədəd mebel içi soba-600 manat, 1 ədəd blender- (herbalayf)-100 manat, mətbəxt mebeli-3000 manat, 24 dənəli farpir serviz-1000 manat, şüşə qazan dəsti-100 manat, 24 dənəli qaşıq dəsti (qutuda)-80 manat, 24 dənəli sadə qaşıq dəsti-60 manat, 24 dənəli billur stəkan-120 manat, 24 dənəli sadə stəkan dəsti-50 manat, billur armudu stəkan-24 dənə-80 manat, 24 ədəd armudu stəkan üçün nəlbəki-30 manat, 24 ədəd çay stəkanı nəlbəkisi-50 manat, 24 ədəd razetka-20 manat, 24 ədəd limon qabı-20 manat, 3 ədəd külqabı-30 manat, 2 ədəd bronza konfet qabı- 100 manat, 2 ədəd bronza meyvə qabı-100 manat, 2 ədəd bronza güldan-150 manat, iri ləbləbi-meyvə qabı bronza 1 ədəd-150 manat, iri Tefal qazan dəsti-2 ədəd cəmi-380 manat, çaynik və çaydan- 80 manat, tefal qaşıq dəsti-30 manat, nerjaveyka qaşıq dəsti-30 manat, ədviyyat qabı-40 manat, yemək saxlama üçün dəst-30 manat, 24 ədədli bagema-100 manat, 24 ədəd balaca fuje (rumka)-80 manat, 24 ədədli böyük fujer-80 manat, Şirəli qazan dəsti-120 manat, podnos dəsti-70 manat, ləyən, aşsüzən, göyərti süzən və digər ləvazimatlar-50 manat, mətbəxtdə işlənən digər xırda ləvazimatlar-300 manat, uşağa aid kolyaska, stolstul və oyuncaqlar, qızıl-zinət əşyaları:- “Ə” hərfi yazılan qızıl boyunbağı-200 manat olan cehiz əşyaları cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməlidir. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X2 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 5895/2023 nömrəli sənədi üzrə icraata başlanmışdır. xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5895/2023 nömrəli sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iş üzə xx.xx.2023-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu izahatlarında borcunu yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Lakin tələbkar borcunu tam şəkildə tələb edir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar