Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-481/2025 20.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 7A ünvanında qeydiyyatda omaqla ünvan 2tahan şöbəsinin yaxınlığında fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXMnin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən borclu Şəxs Qobustan rayon Məhkəməsinin 2(026)- 318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmiş, hazırda 2070 manat ödənilməyən aliment borcu qalmışdır. Protokolu tərtib etmiş icra məmuru Sənan Qasımlı izahatında bildirdi ki, Qobustan rayon Məhkəməsinin 2(026)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Yusif Əsgərov və xx.xx.2018-ci il təvəllüdlü Aylin Əsgərovanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment Şəxs alınıb, Zərərçəkmiş şəxs verilməlidir. Qobustan rayon Məhkəməsinin qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul olunduqdan sonra tərəflərə təqdim edilmişdir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmış, bu günə qədər ödənilməli olan 5460 manat puldan 2070 manat ödənilməmiş aliment borcu qalmışdır. Ümumi məbləğin digər hissələri borclunun əmək haqqısının 70 faizinə yönəldilərək ödənilməsi təmin edilmişdir. Lakin borclu təxminən 3-4 aydır rəsmi iş yerindən çıxmışdır. Onu da qeyd edir ki, hər ay cari alimentdən əlavə 40-50 manat məbləğdə borcdan çıxılmışdır. Protokolu müdafiə edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, təqsirsiz olduğunu, iflic xəstəliyi keçirdiyini, səhhəti ilə əlaqədar nəinki işləyə hətta çölə çıxa bilmədiyini bildirmişdir. Hal-hazırda qardaşıgildə qaldığını, onların köməkliyi ilə yaşadığını bildirir. Belə ki, hazırda 6 gündür iş tapmışdır. Qeyd edir ki, tələbkarla barışmaq, onunla birlikdə yaşamaq üçün cəhdlər etsə də, sonuncu buna imkan verməmişdir . Hazırda alimet borcundan 400 manatı tələbakara nağd şəkildə ödəmiş, qalıq borcunu da yaxın vaxtda ödəyəcəyinə söz verir. Hazırda yeni işə düzəlmişdir. Aylıq maaşından hər ay 255 manat pul tutularaq tələbkara ödəniləcəkdir. Qeyd etdiklərini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatına bildirdi ki, Şəxs övladlarının çağırışlarına məhəl qoymamış, hər dəfə uşaqlarını yalan vədlərlə aldatmışdır. Borclu Şəxs anasının ölümündən 15 gün keçməmiş onu və uşaqlarını evdən çıxartmışdır. Borclu hazırda ona yığılmış aliment borcundan nağd şəkidə 400 manat ödəniş etmişdir. Qalıq borcun tam olaraq ödənilməsini tələb edir. Barəsində protokol tərtib edilmiş Şəxs vəkili Vəkil borclunun hərəkətlərində hər hansı qərəz olmadığını, xəstəlik və imkansızlıq səbəbindən borcu ödəyə bilmədiyini, aliment ödənişlərini son aylara kimi ödədiyini bildirmişdir. İcra məmuru tərəfindən qanunamüvafiq bütün icra tədbirləri edilmədən protokol tərtib edilmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Qobustan rayon Məhkəməsinin 2(026)-318/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü Yusif Əsgərov və xx.xx.2018-ci il təvəllüdlü Aylin Əsgərovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment Şəxs alınıb, Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar borclu Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Elektron İcra İnformasiya sistemindən işə əlavə edilmiş məlumatdan görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Sumqayıt şəhər üzrə İcra İdarəsi tərəfindən borclu Şəxs qalıq 2070 manat borcundan hər ay 70 % məbləğində vəsaitin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə "xxxx" MMC-yə xx.xx.2025-ci il tarixdə məktub göndərilmişdir. Məhkəmə iclasında təqdim edilmiş qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs 2070 manat aliment borcundan 400 manat pul ödəmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. “İcra haqqında” qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Belə ki, “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatını dinləyib inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən icra sənədindəki tələbin ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. Odur ki, göstərilənlərlə bağlı aşağıdakıların qeyd edilməsi vacib hesab olunur. Qeyd edilən icra vərəqəsi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla bu günə qədər ödənilməli olan 5460 manat vəsaitdən borclu zərəçəkmiş şəxsə ödənişlər etmiş, protokol məhkəməyə təqdim edilənədək 2070 manat, məhkəmə iclasında daha 400 manat ödəməklə sonuncunun 1670 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənəddən icra məmurunun borclunun "xxxx" MMC-də işlədiyini nəzərə alaraq xx.xx.2025-ci il tarixdə sonuncunun əmək haqqından hər ay tələbkarın xeyrinə tutmalar aparılması üçün həmin MMC-yə məktub göndərdiyi müəyyən edilmişdir. Qeyd edildiyi kimi “İcra haqqında” qanunun 43-cü maddəsində məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi icra məmuru yığılmış aliment bocunu borclunun əmək haqqısına yönəltməsinə baxmayaraq, məhkəmə qərarının borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi görüntüsü yaradaraq əsassız protokol tərtib edib baxılması üçün məhkəməyə təqdim etmişdir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru borclunun borcunu ödəməsi üçün “İcra Haqqında” qanuna uyğun olaraq mümkün icra tədbirlərini həyata keçirmiş, buna baxmayaraq qanunsuz olaraq protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Bütün imkanlar tükənmədiyi, qanunamüvafiq icra hərəkətləri həyata keçirildiyi halda icra məmuru sərt inzibati təsir tədbirinin tətbiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki vəziyyətdə borclu Şəxs barəsində cərimə və ya həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmə qanuni və ədalətli hesab etmir. Qalıq aliment borcunun borclunun əmək haqqına yönəldildiyi halda onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun iqtisadi yükünü daha da artırmış olacaqdır. İnzibati həbs növündə tənbeh tədbirinin tətbiq ediləcəyi halda isə bu sonuncunun işdən azad edilmə ehtimalını artırmaqla, gələcəkdə alimentin ödənilməsində ona çətinliklər yaradacağını güman etməyi məhkəmə əsas verir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-481/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-481/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver