Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-483/2024 21.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Abşeron ray., Saray qəs., anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra İXM-nin) 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, xx.xx.2024-cü il tarixdə 12:20-də Sumqayıt şəhəri RNM-də test üsulu ilə müayinə zamanı THC (+) qəbulu təsdiq edildiyindən barəsində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Mircəlal Abbasov tərtib etdiyi protokola uyğun izahat verərək protokolda qeyd olunmuş xüsusatları təsdiq etdi. Eyni zamanda bildirdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat tədbiri keçirilmiş, tədbirdə özü də olmaqla təxminən 5 nəfər polis əməkdaşı iştirak etmişdir. Əlizamin İbrahimov narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün onun yaşadığı yerə yaxınlaşdıqda o qaçmış, arxasınca polis əməkdaşları qaçsa da, ona çatmaq mümkün olmamış sonuncu qaçıb getmişdir. Növbəti gün Şəxs könüllü olaraq Bölməyə yaxınlaşmış, həmin vaxt polislərdən qorxduğu üçün qaçdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, təxminən 20 ilə yaxındır narkotik vasitə olan marexuana qəbul edir. Sonuncu dəfə təximinən 1 həftə öncə xeyir işlərin birində marexunana qəbul etmişdir. Qeyd edir ki, 2012 və 2014-cü illərdə CMnin 234.1-ci maddəsi ilə, 2016-cı ildə isə CM-nin 177-ci maddəsi ilə məhkumluq həyatı yaşamışdır. 19 fevral 2024-cü il tarixdə dostu Şahid ilə birlikdə sonuncunun həyətində səməni becərən zaman 4-5 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, o qorxduğundan qaçıb getmişdir. 20 fevral 2024-cü ildə atası və əmisi qızı ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-ə getmişdir. Polis bölməsində ona narkotik vasitə qəbul etməkdə şübhəli olduğunu bildirmişlər. O, heç bir etiraz etməmiş, narkoloji testdən keçməyə razı olmuşdur. Daha sonra o, ekspress test üsulu ilə analiz vermiş və analizin nəticəsi olaraq sidiyindən narkotik vasitə marixuana qəbul etməsi faktı aşkar olunmuşdur. Əməlindən peşmandır. Evlidir, himayəsində doqquz yaşlı övladı var. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirdi ki, 19 fevral 2024-cü il tarixdə dostu Şəxs ilə birlikdə onların bağında qarşıdan gələn Novruz bayramı ilə əlaqədar səməni becərən əkən zaman 4-5 nəfər polis əməkdaşı onlara yaxınlaşmış bu zaman dostu Əlizaman qaçaraq oradan uzaqlaşmış, onu isə polis bölməsinə gətirmişlər. Özü də narkotik maddələrdən istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, A/301 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:20-də müayinə olunmuş, marixuana qəbul etməsi faktı aşkar edilmişdir. AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1148 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Şəxsdə Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2015-ci il təvəllüdlü Dilbər İbrahimli adlı övladı var. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 01 azyaşlı övladının olmasının yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Mircəlal Abbasovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini, onun narkomaniya xəstəliyindən əzab çəkməsini və təqsirinin dərəcəsini, 20 ildən artıq müddətdir ki, narkotikdən istifadə etməsini, dəfələrlə məhkumluq həyatı yaşamasını o cümlədən məhkəmə iclasında müəyyən edilmiş digər halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:00-da tutulmuşdur. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdə, saat 12:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Bu səbəbdən Şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Odur ki, yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-483/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-483/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver