Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-483/2025 21.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Sabirabad rayonu, Məmişlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Qaralar ərazi dairəsi, Məmişlər kəndi ərazisində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 01:53-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi, M.Hüseynzadə adına stadionun yaxınlığında saxlanılan zaman Şəxs üzərində 0,81 qram narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində M.Hüseynzadə adına stadionun yaxınlığında saxlanılmışdır. Polis əməkdaşları ona üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması barədə sorğu etdikdə o, cibindən içərisində marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Marixuananı Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmişdir. Göstərilən halları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X6 izahatında bildirmişdir ki, Şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 01:50 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi, M.Hüseynzadə stadionu yaxınlığında tərəflərindən şübhəli şəxs kimi saxlanılmış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan şalvarın cibində saxladığı bir bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin büküm açıldıqda içərisində həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Şəxs şübhəli şəxs kimi 4-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə Şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şəxs üzərində əlavə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxs təqdim etdiyi bükümün olduğu zərf açılaraq təkrar baxış keçirilmiş və çəkilmişdir. Daha sonra isə həmin kütlə təkrar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin kütləni Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X2 Kənan Məhəbbət oğlunun izahatına uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Şəxs saxlanılarkən onlara heç bir müqavimət göstərməmişdir. Tutulan zaman dostu yanında olmuş, dostunun onun marixuana istifadə etməsindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X1 Kənan Məhəbbət oğlunun izahatına uyğun izahat vermişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şahidlərin izahatları, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 01:53-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi, M.Hüseynzadə stadionu yaxınlığında saxlanılan zaman Şəxs üzərində 0,81 qram narkotik vasitə olan marixuana aşkar olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXMin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında video görüntülərə baxış keçirilərkən müyyən edilmişdir ki, Şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsi, M.Hüseynzadə stadionu yaxınlığında polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs kimi saxlanılmış, həmin vaxt Şəxs üzərindəki bir bükümdə olan kütləni təqdim edərək narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 4 qram olması müəyyən edilmişdir. Digər video görüntü müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə 4-cü Polis Bölməsində olan şəxsi axtarışla bağlı olmuşdur. Həmin vaxt Şəxs üzərində əlavə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxs ərazidə təqdim etdiyi bükümün olduğu zərf açılaraq təkrar baxış keçirilmiş və çəkilmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 4 qram olması müəyyən edilmişdir. Daha sonra isə həmin kütlə təkrar qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin kütləni Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Şəxsi axtarış və təqdim olunan əşyalara baxış keçirilməsi barədə xx.xx.20225-ci il tarixli protokoldan görünür ki, Şəxs hüquq və vəzifələrə bildiriş təqdim edilmiş və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Vəkilin iştirakı ilə və Şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş və heç bir daşınması və ya gəzdirilməsi qadağan olunmuş predmet aşkar edilməmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “İphone” markalı mobil telefon və qara rəngli qış gödəkçəsinin iç cibindən “Dirol” markalı saqqız aşkar edilmiş, hər hansı maddi sübut üçün əhəmiyyət əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd zərf açılmış və içərisində spesifik iyə malik yaşıl rəngli bitki kütləsi “marixuana” tərəziyə qoyularaq çəkilmişdir. Elektron tərəzidə çəkisi kibrit qutusu ilə birlikdə 4 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs bildirmişdir ki, onun üzərindən aşkar olunan həmin maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 40 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Eləcə də həmin maddənin “marixuana” olduğunu bildirmişdir. Şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 7/341 nömrəli ekspert rəyinin nəticəsi hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərində....” sözləri yazılmış zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,81 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 990 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:53-də tutulmuşdur. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması səbəbindən material aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə göndərilmişdir. Şübhəli şəxsin dərhal azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs şübhəli şəxs statusuna xitam verilmiş və o dərhal azad edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, şahidlərin izahatları, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və işdə olan digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,76 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-483/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-483/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver