Məhkəmə qərarları › İş №3(060)-484/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-484/2024

11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-484/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, protokol tərtib etmiş şəxs FHN-in DYXN-nin Sumqayıt RDYNİ-nin inspektoru d/x başleytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi (bundan sonra – İdarə) tərəfindən Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 19 fevral 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldakı və işdə olan digər sənədlərdəki məlumatlardan görünür ki, İdarənin əməkdaşları xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, ev 7/10-un yanında yerləşən “Avva” qadın geyimləri mağazasında yanğın texniki müayinə keçirilməsi üçün olmuş, lakin sahibkar və heç bir məsul şəxs onlara sənədləri təqdim etməmiş və yoxlamada iştirak etməkdən imtina etmişlər. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs X2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsi, ev 7/10-un yanında yerləşən “Avva” qadın geyimləri mağazasında yanğın texniki müayinə keçirilməsi üçün olmuş, lakin sahibkar və heç bir məsul şəxs onlara sənədləri təqdim etməmiş və yoxlamada iştirak etməmişlər. Həmin mağaza hazırda fəaliyyət göstərir. Onlar Şəxs mobil nömrəsinə zəng vurmuş, lakin o, mağazaya gəlməkdən imtina etmişdir. İdarədə hansısa bir elektron sistem mövcud olmadığı üçün sahibkarlıq subyektlərinin sahiblərini müəyyən etmək mümkün deyildir. Bunların nəzərə alınaraq protokolu tərtib etmiş şəxs qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, sözügedən obyektin əvvəllər icarəçisi olmuşdur. Lakin obyektin mülkiyyətçisi başqa şəxsdir. Hazırda o, mağaza ilə bağlı icarə müqaviləsinə xitam vermişdir və onun həmin mağazaya heç bir aidiyyəti yoxdur. Yoxlamaya gələn şəxs ona mobil telefonla zəng vurduqda ona mağazaya heç bir aidiyyətinin olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən “Avva” qadın geyimləri mağazası Şəxs fəaliyyət sahəsinə aiddir, lakin həmin mağazanın statusu “bağlı” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nın 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Beləliklə, müəyyən edilir ki, Şəxs əvvəllər icarə müqavilə əsasında “Avva” qadın geyimləri mağazasında fərdi sahibkar kimi fəaliyyət göstərsə də, sonradan həmin müqaviləyə xitam verilmişdir. Şəxs elektron məhkəmə informasiya sistemindən VÖEN-lə bağlı məlumatlarından çıxarışdan da görünür ki, həmin mağaza artıq onun fəaliyyət sahəsinə aid deyildir. Belə olan halda o, həmin mağaza ilə bağlı hər hansı məsuliyyət daşıya bilməz. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar